Ana Sayfa > Özəl > Paşinyanı Moskvada çətin sınaq gözləyir – Putinlə hansı məsələlər müzakirə olunacaq?

Paşinyanı Moskvada çətin sınaq gözləyir – Putinlə hansı məsələlər müzakirə olunacaq?


Bu gün, 22:13. Yazar: vasif
Paşinyanı Moskvada çətin sınaq gözləyir – Putinlə hansı məsələlər müzakirə olunacaq?



Ermənistanın baş naziri Nikol Paşinyanın dekabr ayında Rusiyaya üç dəfə səfər etməyi planlaşdırması Moskva ilə İrəvan arasında münasibətlərin gələcəyi barədə yeni müzakirələrə səbəb olub.

Paşinyanın dekabrın 3-də Vladimir Putinlə görüşəcəyi, dekabrın 11–12-də Avrasiya İqtisadi İttifaqının hökumətlərarası şurasının iclasına, ayın sonunda isə Aİİ və MDB liderlərinin görüşlərinə qatılacağı gözlənilir.

Rusiyalı politoloq İqor Semyonovskinin fikrincə, bu səfərlər iki ölkə arasında son illərdə dərinləşən siyasi, iqtisadi və təhlükəsizlik problemlərinin aradan qaldırılmasına hesablanıb.

Danışıqların əsas mövzularından birinin Ermənistanın Avropa İttifaqına yaxınlaşması və Avrasiya İqtisadi İttifaqındakı gələcək mövqeyi olacağı ehtimal edilir.

Moskva Ermənistanın hər iki iqtisadi inteqrasiya modelində paralel iştirakını mümkün hesab etmir. İrəvan isə hələlik konkret seçim etməkdən yayınaraq referendum ehtimalını gündəmdə saxlayır.

Digər mühüm məsələ Rusiyanın Ermənistandakı iqtisadi maraqlarıdır. Dəmir yollarının idarə olunması, “Rosatom”un yeni atom elektrik stansiyasının tikintisində mümkün iştirakı, “Qazprom”un fəaliyyəti və rusiyalı investorların hüquqları danışıqların gündəminə daxil edilə bilər.

Xüsusilə Paşinyanın Ermənistanın dəmir yolu infrastrukturunun idarə edilməsinə üçüncü ölkənin cəlb olunması barədə səsləndirdiyi fikirlər diqqət çəkir.

Semyonovski hesab edir ki, üç səfər Moskva ilə İrəvan arasındakı münasibətlərin əvvəlki səviyyəyə qayıtması üçün kifayət etməyəcək. Ermənistanın Qərbə inteqrasiya siyasəti və Rusiyanın iqtisadi maraqları ilə bağlı fikir ayrılıqları davam edə bilər.

Dekabrın 3-də keçirilməsi gözlənilən Putin-Paşinyan görüşünün nəticələri Cənubi Qafqazdakı geosiyasi proseslər, regional nəqliyyat layihələri və təhlükəsizlik məsələləri baxımından da əhəmiyyət daşıya bilər.
Geri dön