Ana Sayfa > Özəl > Sabiq idarə rəisinə 12 il həbs istənildi – Vəkillər bəraət tələb edir

Sabiq idarə rəisinə 12 il həbs istənildi – Vəkillər bəraət tələb edir


Bu gün, 21:00. Yazar: vasif
Sabiq idarə rəisinə 12 il həbs istənildi – Vəkillər bəraət tələb edir



Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda Eldəniz Qulamovun yeni vəkili Faiq Nəcəfovun prosesə qoşulması barədə qərar qəbul edilib.

Raqif Abbasovun müxtəlif dövlət qurumlarına ünvanladığı müraciətlər cinayət işinin materiallarına əlavə olunub. Onun əlavə ekspertiza keçirilməsi ilə bağlı vəsatəti isə təmin edilməyib.

Müdafiə nitqi ilə çıxış edən Eldəniz Qulamovun vəkili müvəkkilinin yalnız rəhbərliyin tapşırıqlarını yerinə yetirdiyini bildirərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Raqif Abbasovun vəkili də müdafiə etdiyi şəxsin təqsirsiz olduğunu bildirərək məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş edib.

Təqsirləndirilən şəxslər son sözə hazırlaşmaq üçün vaxt istəyiblər. Növbəti məhkəmə iclası dekabrın 2-nə təyin olunub.

Xatırladaq ki, dövlət ittihamçısı əvvəlki məhkəmə iclasında Raqif Abbasov və Eldəniz Qulamovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Onlar təxminən 1 milyon manat dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilirlər. Hər iki şəxsə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Hazırda təqsirləndirilən şəxslər həbsdə deyillər. Onların barəsində alternativ qətimkan tədbiri seçilib.
Geri dön