Ana Sayfa > Özəl > Böyük güclər BMT-də islahat istəyir – Bakının təklifi yenidən diqqət mərkəzində

Böyük güclər BMT-də islahat istəyir – Bakının təklifi yenidən diqqət mərkəzində


Bu gün, 20:22. Yazar: vasif
Böyük güclər BMT-də islahat istəyir – Bakının təklifi yenidən diqqət mərkəzində



Birləşmiş Millətlər Təşkilatının mövcud strukturunun dəyişdirilməsi və Təhlükəsizlik Şurasının genişləndirilməsi məsələsi yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova BMT-də səthi dəyişikliklərin kifayət etmədiyini, təşkilatın əsaslı şəkildə yenidən qurulmasına ehtiyac olduğunu bildirib.

Onun sözlərinə görə, Asiya və Afrika ölkələrinin Təhlükəsizlik Şurasında yetərincə təmsil olunmaması müasir dünyanın siyasi reallıqlarına uyğun gəlmir.

BMT-də islahat məsələsi noyabrın 19-da Çin, Rusiya və ABŞ liderlərinin görüşündə də müzakirə edilib. Tərəflər təşkilatın müasir çağırışlara uyğunlaşdırılmasının vacibliyini vurğulayıblar.

Diqqətçəkən məqam isə Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələ ilə bağlı daha əvvəl konkret təklif irəli sürməsidir.

Dövlət başçısı iyulun 13-də Şuşada keçirilən IV Qlobal Media Forumunda Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına BMT Təhlükəsizlik Şurasında rotasiya prinsipi əsasında daimi yer və veto hüququ verilməsini təklif edib.

Professor Qabil Hüseynlinin fikrincə, dünyada davam edən münaqişələr və beynəlxalq təhlükəsizlik sistemindəki problemlər Təhlükəsizlik Şurasının genişləndirilməsini zəruri edir.

Ekspert Türkiyə, Pakistan, Hindistan, Yaponiya, Misir və Cənubi Afrika Respublikasının gələcəkdə daimi üzvlüyə potensial namizəd ola biləcəyini düşünür.

Azərbaycanın da Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı vasitəsilə rotasiya əsasında Təhlükəsizlik Şurasında təmsil olunmaq imkanı yarana bilər.

Lakin belə islahatların həyata keçirilməsi üçün ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniyanın razılığı tələb olunur.

Böyük dövlətlərin BMT-də dəyişikliklərin vacibliyindən danışması Azərbaycanın daha ədalətli beynəlxalq təmsilçiliklə bağlı irəli sürdüyü konkret təkliflərin aktuallığını artırır.
Geri dön