Ana Sayfa > Özəl > Ermənistanın Qarabağ müharibəsindəki sabiq müdafiə naziri məhkəmə qarşısına çıxarılır

Ermənistanın Qarabağ müharibəsindəki sabiq müdafiə naziri məhkəmə qarşısına çıxarılır


Bu gün, 20:00. Yazar: vasif
Ermənistanın Qarabağ müharibəsindəki sabiq müdafiə naziri məhkəmə qarşısına çıxarılır


Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan və digər şəxslər barəsində açılmış cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Ermənistanın Antikorrupsiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Tonoyan Müdafiə Nazirliyinin keçmiş vəzifəli şəxsinin köməkliyi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

İstintaqın məlumatına görə, sabiq nazir 2020-ci ildə texniki tələblərə cavab verməyən 18 min ədəd sərt ballistik qoruyucu lövhənin orduya təhvil verilməsinə razılıq verib.

Nəticədə dövlətə 20 milyon 268 min Ermənistan dramı məbləğində maddi ziyan vurulduğu müəyyən edilib. İbtidai istintaq zamanı həmin ziyanın tam ödənildiyi bildirilib.

Cinayət işi üzrə istintaq yekunlaşdırılıb və materiallar ittiham aktı ilə birlikdə Ermənistanın Antikorrupsiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, David Tonoyan 2018-ci ilin mayında Ermənistanın müdafiə naziri təyin edilib. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra, 2020-ci il noyabrın 20-də istefa ərizəsi təqdim edib.

Tonoyan 2021-ci ilin sentyabrında başqa bir cinayət işi çərçivəsində həbs olunub. Həmin iş üzrə dövlətə təxminən 4,7 milyon dollar ziyan vurmaqda, dələduzluq və mənimsəmədə ittiham edilib.
Geri dön