Ana Sayfa > Özəl > Epşteyn qalmaqalında yeni faktlar – Model agentlikləri ağır ittihamlarla üzləşib
Epşteyn qalmaqalında yeni faktlar – Model agentlikləri ağır ittihamlarla üzləşibBu gün, 19:44. Yazar: vasif |
![]() Amerikalı maliyyəçi Ceffri Epşteynin cinsi istismar şəbəkəsi ilə bağlı yeni araşdırma modellik sənayesindəki mümkün qanun pozuntularını və agentlik rəhbərlərinin məsuliyyəti məsələsini yenidən gündəmə gətirib. BBC-yə müsahibə verən və özünü Roza kimi təqdim edən zərərçəkmiş qadın 2009-cu ildə, 18 yaşında olarkən çalışdığı “MC2 Model Management” agentliyi tərəfindən Epşteynin Floridadakı evinə fotosessiyaya göndərildiyini bildirib. Qadının iddiasına görə, agentlik rəhbərliyi onun harada olduğundan xəbərdar olub və təhlükəsizliyini təmin etməyib. “Agentliyimin rolu məni qorumaq idi və o, uğursuz oldu. Əslində, bu, məni təhlükəyə atdı. Və buna görə məsuliyyət daşımalıdır”, – deyə Roza bildirib. ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərə əsasən, Epşteyn məhkum edildikdən sonra “MC2” ilə əlaqəli azı 10 model onunla görüşüb və ya əlaqə saxlayıb. Sənədlərdə maliyyəçinin 2005-ci ildə agentliyə 1 milyon dollar bağışladığı da göstərilir. Araşdırmada gənc qadınların peşəkar karyera imkanları adı altında Epşteynlə tanış edildiyi, sonradan isə təzyiq və cinsi istismara məruz qaldıqları barədə ifadələr yer alıb. Epşteynin 100-dən çox zərərçəkmişini təmsil edən vəkil Siqrid Makkouli model agentliklərinin və işəgötürənlərin bu prosesdəki roluna diqqət çəkib. Araşdırmada adı hallanan bəzi şəxslər ittihamları rədd edərək Epşteynin cinayət əməllərindən xəbərsiz olduqlarını bildiriblər. Bəzi agentliklər isə BBC-nin sorğularını cavabsız qoyublar. Nyu-York ştatında Epşteynin əməllərindən xəbərdar olan və ya xəbərdar olmalı olduğu halda ona model göndərən agentlik rəhbərlərinin hüquqi məsuliyyətə cəlb edilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb. Yeni araşdırma modellik sənayesində gənc qadınların təhlükəsizliyinin təmin edilməsi və agentliklərin hüquqi məsuliyyətinin gücləndirilməsi məsələsini yenidən aktuallaşdırıb. Geri dön |