Ana Sayfa > Karusel / Gündəm > Avropa sənayesi böhranla üz-üzə -3,7 milyon iş yeri təhlükə altındadır
Avropa sənayesi böhranla üz-üzə -3,7 milyon iş yeri təhlükə altındadırBu gün, 01:38. Yazar: azer |
![]() Avropadakı sənaye müəssisələrinin təxminən yarısı yüksək əmək və enerji xərcləri, eləcə də Çin şirkətləri ilə getdikcə güclənən rəqabət səbəbindən ciddi maliyyə təzyiqi altındadır. “Financial Times” nəşrinin “McKinsey” konsaltinq şirkətinin araşdırmasına istinadən yaydığı məlumata görə, 2026-cı ilin ilkin göstəriciləri Avropadakı istehsal müəssisələrinin təxminən 50 faizinin maliyyə çətinlikləri ilə üzləşdiyini göstərir. Bu göstərici 2025-ci ildə 45 faiz, 2024-cü ildə isə 42 faiz təşkil edib. Maliyyə təzyiqinin artması Avropanın zəifləyən rəqabət qabiliyyətini bərpa etməyə çalışdığı bir dövrə təsadüf edir. Brüssel bürokratik maneələrin azaldılması, Avropa İttifaqının vahid bazarının dərinləşdirilməsi və kapital bazarları birliyinin təkmilləşdirilməsi istiqamətində bir sıra islahat paketləri təklif edir. Lakin islahatların ləng getməsindən narazı olan bir çox müəssisə Çin şirkətləri ilə rəqabətə tab gətirmək üçün avtomobil istehsalından kimya sənayesinədək müxtəlif sahələrdə işçi ixtisarlarına və xərclərin azaldılmasına başlayıb. Avropanın ən böyük avtomobil istehsalçısı olan “Volkswagen” 100 mindən çox iş yerinin itirilməsi ilə nəticələnə biləcək köklü restrukturizasiya prosesini həyata keçirir. BMW və “Volvo Cars” da son aylarda mənfəət göstəricilərinin gözləniləndən aşağı ola biləcəyi barədə xəbərdarlıq edən şirkətlər sırasındadır. “McKinsey”nin hesablamalarına əsasən, maliyyə çətinliyi və böhran vəziyyətində olan müəssisələrin sayının artması təxminən 3,7 milyon iş yerini təhlükə altına qoyur. Araşdırma illik dövriyyəsi 100 milyon avrodan çox olan 1200-ə yaxın Avropa şirkətinin mənfəət, pul vəsaitləri və borc öhdəlikləri ilə bağlı beş maliyyə göstəricisi əsasında aparılıb. Tədqiqat maşınqayırma, avtomobil istehsalı, elektrik avadanlıqları və materiallar sənayesi də daxil olmaqla geniş sahələri əhatə edir. 2026-cı ilin ilkin nəticələrinə görə, araşdırmaya cəlb olunan şirkətlərin 42 faizi maliyyə çətinliyi yaşayır, 8 faizi maliyyə təzyiqi altındadır, yalnız 50 faizinin maliyyə vəziyyəti isə sağlam hesab olunur. Avropanın 60-a yaxın iri sənaye və texnologiya şirkətini təmsil edən Avropa Sənaye Dəyirmi Masasının (European Round Table for Industry) iyun ayında açıqladığı sorğunun nəticələri də vəziyyətin ciddiliyini ortaya qoyub. Sorğuya əsasən, Avropa şirkətlərinin rəhbərləri biznes inamının misli görünməmiş səviyyədə azaldığını bildiriblər. Şirkət rəhbərlərini narahat edən əsas geosiyasi amillər sırasında enerji təchizatının etibarlılığı ilə bağlı problemlər, dünya iqtisadiyyatının bir-biri ilə rəqabət aparan regional bloklara parçalanması, ticarət marşrutlarında qeyri-sabitlik və strateji əhəmiyyətli xammalın siyasi təzyiq vasitəsinə çevrilməsi yer alır. “McKinsey”nin Avropa üzrə idarəedici tərəfdaşı Tunde Olanrevacu bildirib ki, Avropanın məhsuldarlıq sahəsində geriliyini aradan qaldırmaq üçün vahid möcüzəvi həll yolu yoxdur. Onun sözlərinə görə, maliyyə çətinliyi yaşayan bəzi şirkətlər işçilərin nümayəndələri ilə məhsuldarlığın artırılmasına yönəlmiş tədbirlər barədə razılığa gəlməklə, həmçinin süni intellekt texnologiyalarından istifadə edərək inzibati yükü azaltmaqla vəziyyətlərini yaxşılaşdıra biliblər. Səmərəsiz və satılması çətin olan aktivlərin restrukturizasiyası, satılması və ya ləğv edilməsi də maliyyə vəziyyətinin yaxşılaşdırılması yollarından biri kimi göstərilir. Arzuman Loğmanoğlu, sozcu.info Geri dön |