Ana Sayfa > Siyasət > Kəlbəcər: milli birliyin və tarixi ədalətin təcəssümü
Kəlbəcər: milli birliyin və tarixi ədalətin təcəssümüBu gün, 11:25. Yazar: azer |
![]() Kəlbəcər Azərbaycanın ərazisinə görə ən böyük rayonudur. Bu qədim diyarımızın təkcə təbii gözəllikləri deyil, həm də iqtisadi potensialı olduqca böyükdür. Lakin 28 il Kəlbəcərdən uzaq düşsək də, bir an belə bu gözəl diyarımızı unutmadıq. Hər gün doğma torpaqlarımıza yenidən qayıtmaq arzusu ilə yaşadıq, o günün gələcəyinə inamımızı itirmədik. 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri Kəlbəcəri işğal etdi. Bu işğal yalnız yaşayış məntəqələrinin dağıdılması və ekoloji terrorla məhdudlaşmadı, həm də torpaqlarımızın yeraltı sərvətlərinin talan edilməsi ilə müşayiət olundu. Kəlbəcərin faydalı qazıntıları heç bir ekoloji norma və tələb gözlənilmədən istismar edilərək talanıb aparıldı. İşğalçı qüvvələr təbiətə, meşələrə, çaylara və bütövlükdə bu qədim diyarın ekosisteminə ağır zərbə vurdular. Kəlbəcərin və digər işğal olunmuş ərazilərimizin qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr isə uzun illər kağız üzərində qaldı. Beynəlxalq hüququn tələblərinə baxmayaraq, işğalçı Ermənistana qarşı heç bir təsirli tədbir görülmədi. Beynəlxalq təşkilatların fəaliyyətsizliyi və ikili standartları işğalın uzun illər davam etməsinə şərait yaratdı. Lakin Azərbaycan xalqının iradəsini və haqq mübarizəsini heç bir qüvvə sındıra bilmədi! Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və uzaqgörən rəhbərliyi altında dəmir yumruq ətrafında birləşən xalqımız 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı. Bu Zəfər Kəlbəcərin də azad olunmasına yol açdı. Belə ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanata əsasən, Ermənistanın işğalı altında qalan üç rayonumuz – Kəlbəcər, Laçın və Ağdam bir güllə belə atılmadan boşaldılaraq Azərbaycana qaytarıldı. Təbii ki, işğalçı Ermənistan bu əraziləri tərk edərkən də özünün vəhşi və barbar simasını nümayiş etdirməkdən çəkinmədi. Evlərin yandırılması, meşələrin qırılması, təbiətə qəsdən ziyan vurulması, hətta yaşayış evlərindəki sanitar avadanlıqların belə sökülərək aparılması kimi utancverici hadisələrin şahidi olduq. Bütün bunlar işğalçıların torpaqlarımızı tərk edərkən arxalarında hansı mənzərəni qoyduqlarının bariz nümunəsi idi. Onların bu davranışı özləri haqqında yaratdıqları obrazı bir daha təsdiqlədi. Amma Azərbaycan xalqı dağıdılmış torpaqları ilə barışmadı. Biz doğma yurdlarımıza qayıtdıq və onları yenidən qurmağa başladıq! Bu gün Kəlbəcər özünün yeni inkişaf və quruculuq dövrünü yaşayır. İşğaldan əvvəlki şəhərlə müqayisədə iki dəfədən artıq böyük ərazini əhatə edən Kəlbəcər şəhərinin Baş Planı əsasında müasir şəhər infrastrukturu formalaşdırılır. Şəhər müasir memarlıq və şəhərsalma prinsipləri əsasında yenidən qurulur, yaşayış binaları, sosial obyektlər və mühəndis-kommunikasiya infrastrukturu yaradılır. Artıq 162-dən çox ailə doğma yurduna qayıdaraq Kəlbəcərdə məskunlaşıb və öz həyatını yenidən qurmağa başlayıb. Rayonun kəndlərinin bərpası və yenidən qurulması istiqamətində işlər sürətlə davam etdirilir. Yaxın gələcəkdə həmin kəndlərin də doğma sakinlərinin qayıdışına şahid olacağıq. Kəlbəcərin iqtisadi potensialının reallaşdırılması istiqamətində də mühüm layihələr həyata keçirilir. İstisu turizm və sağlamlıq kompleksinin yenidən qurulması ilə bu əfsanəvi məkan öz əvvəlki şöhrətinə qovuşur. Eyni zamanda, illik istehsal gücü 100 milyon şüşə olan İstisu mineral su zavodu fəaliyyətə başlayıb. Kəlbəcərin dağ-mədən sənayesinin bərpası və inkişafı istiqamətində də işlərə start verilib. İşğaldan əvvəl dağlıq relyefi və çətin yol şəraiti ilə seçilən Kəlbəcərdə bu gün müasir nəqliyyat infrastrukturu yaradılır. Dağların altından ümumi uzunluğu 26 kilometrə çatan tunellər çəkilərək rayonun müxtəlif istiqamətlərdə müasir avtomobil yolları ilə əlaqəsi təmin olunur. Bununla yanaşı, Kəlbəcərin çayları üzərində kiçik su elektrik stansiyaları inşa və bərpa edilərək istifadəyə verilib. Elektrik və rabitə xətləri yenidən çəkilib, müasir kommunikasiya sistemləri qurulub, əhalinin fasiləsiz kommunal xidmətlərlə təmin olunması üçün zəruri infrastruktur yaradılıb. Bütün bunlar Kəlbəcərin yalnız fiziki olaraq bərpası deyil, həm də onun iqtisadi və sosial potensialının yenidən dirçəldilməsidir. Bir vaxtlar işğal nəticəsində viran qoyulmuş bu diyarımız bu gün müasir Azərbaycanın quruculuq və inkişaf modelinin parlaq nümunəsinə çevrilir. Prezident İlham Əliyevin sərəncamı ilə 25 noyabr – Kəlbəcərin işğaldan azad edildiyi gün Kəlbəcər Şəhəri Günü elan olunub. Xalqımız hər il bu tarixi böyük qürur və iftixarla qeyd edir. 25 noyabr bizim üçün sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün həm yaşadığımız faciələri unutmamaq, həm şəhidlərimizin fədakarlığını ehtiramla yad etmək, həm də gələcəyə böyük inamla baxmaq günüdür. Bu tarix xalqımızın əyilməz iradəsinin, milli birliyinin və tarixi ədalətin bərpasının təcəssümüdür. Biz 28 il doğma Kəlbəcərə qayıtmaq arzusu ilə yaşadıq. Bu gün isə həmin arzumuz gerçəkliyə çevrilib. Kəlbəcər yenidən bizimdir, onun dağları, meşələri, çayları və sərvətləri Azərbaycan xalqına məxsusdur. Bu torpaqlarda həyat yenidən canlanır, doğma sakinlər öz evlərinə qayıdır, yeni nəsillər Kəlbəcərdə böyüyür. Xalqımız qalibdir! Azərbaycan bütövdür! Suverenliyimiz əbədidir! Çünki Dəmir yumruq yerindədir və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini əbədi olaraq qorumağa qadirdir. Azər Badamov YAP İdarə Heyətnin üzvü, Milli Məclisin deputatı Geri dön |