Ana Sayfa > Siyasət > Kəlbəcər: Zəfərin, milli iradənin və Böyük Qayıdışın təntənəsi

Kəlbəcər: Zəfərin, milli iradənin və Böyük Qayıdışın təntənəsi


Bu gün, 11:00. Yazar: azer
Kəlbəcər: Zəfərin, milli iradənin və Böyük Qayıdışın təntənəsi

Məşhur Məmmədov
Milli Məclisin deputatı


Azərbaycan tarixində elə şəhərlər, elə torpaqlar var ki, onların adı yalnız coğrafi məkan anlayışı ilə məhdudlaşmır. Bu torpaqlar xalqın tarixi yaddaşını, milli kimliyini, mənəvi dəyərlərini, mübarizə əzmini və dövlətçilik iradəsini özündə yaşadır. Kəlbəcər də məhz belə müqəddəs məkanlardan biridir.
Əzəmətli dağları, zəngin təbii sərvətləri, qədim tarixi, mədəni irsi və strateji mövqeyi ilə Azərbaycanın ən qiymətli bölgələrindən olan Kəlbəcər bu gün milli birliyimizin, dövlətimizin gücünün və tarixi ədalətin bərpasının rəmzinə çevrilib. 25 Noyabr – Kəlbəcər şəhəri günü xalqımızın yaddaşında torpaqlarımıza qayıdışın və Böyük Qayıdışın mühüm tarixi mərhələsinin təcəssümü kimi xüsusi yer tutur.
Kəlbəcərin tarixi əhəmiyyəti onun qədim yaşayış məskənlərindən biri olması ilə yanaşı, Azərbaycanın mədəniyyət və sivilizasiya tarixində mühüm izlər buraxması ilə də müəyyən edilir. “Kəlbəcər” toponiminin mənşəyi ilə bağlı izahlardan birinə görə, bu söz qədim türk dilində “çay üstündə qala” mənasını verir. Tərtər çayı boyunca sıralanan qədim süni mağaralar, 30 min ildən artıq tarixə malik yaşayış məskənləri, təxminən 6 min il yaşı olan qayaüstü təsvirlər və qədim türk əlifbası nümunələri bölgənin zəngin arxeoloji irsini təsdiqləyir. Buradakı daş abidələr müxtəlif tarixi dövrlərdə formalaşmış dini və mədəni proseslərin izlərini daşıyır.
Bu zəngin tarixi irs Kəlbəcərin coğrafi və təbii xüsusiyyətləri ilə də sıx bağlıdır. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Camışdağda yerləşən 3724 metr yüksəklikdəki zirvə və 3616 metr hündürlüyə malik Dəlidağ bölgənin möhtəşəm relyefini səciyyələndirir. Meşələri, dağ çəmənlikləri, mineral su ehtiyatları və zəngin biomüxtəlifliyi Kəlbəcəri ölkəmizin mühüm ekoloji və iqtisadi potensiala malik ərazilərindən birinə çevirir.
Lakin bu qədim yurdun taleyində XX əsrin sonlarında ağır və faciəli bir səhifə açıldı. 1993-cü il aprelin 2-də Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüz olmaqla yanaşı, on minlərlə insanın həyatını alt-üst edən böyük humanitar faciəyə çevrildi. İşğal zamanı 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Kəlbəcər əhalisi doğma yurdunu tərk etməyə məcbur oldu və respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşdı. İnsanlar illərlə ata-baba ocaqlarının həsrəti ilə yaşadılar.
İşğal illərində Kəlbəcərin maddi və mənəvi irsinə də ağır zərbə vuruldu. Rayonun tarixi-mədəniyyət abidələri, məktəbləri, kitabxanaları, xəstəxanaları, muzeyləri və digər sosial obyektləri talan edildi, dağıdıldı. Rəsmi məlumatlara görə, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibb məntəqəsi, 23 ambulatoriya və 9 aptek dağıntılara və talana məruz qaldı. Minlərlə yaşayış evi, inzibati bina və nəqliyyat vasitəsi də məhv edildi və ya bölgədən çıxarıldı. Bu, yalnız infrastrukturun dağıdılması deyil, insanların həyat tərzinə, tarixi yaddaşına və mədəni irsinə qarşı yönəlmiş vandalizm idi.
Beynəlxalq hüquq baxımından da Kəlbəcərin işğalı qəbuledilməz idi. BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı qətnamədə işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal çıxarılması tələb edilirdi. Lakin Ermənistan bu qətnamənin tələblərini yerinə yetirmədi, beynəlxalq ictimaiyyət isə onun icrasını təmin etmək üçün lazımi təsir mexanizmlərindən istifadə etmədi. İşğal dövründə, xüsusilə 1999-cu ildən etibarən Kəlbəcərdə qanunsuz məskunlaşdırma siyasətinin həyata keçirilməsi də beynəlxalq hüququn prinsiplərinə zidd idi.
Azərbaycan dövləti bütün bu illər ərzində prinsipial mövqeyindən geri çəkilmədi. Ölkəmiz beynəlxalq hüquqa əsaslanan diplomatik mübarizəni davam etdirməklə yanaşı, güclü iqtisadiyyat, müasir ordu və müstəqil xarici siyasət formalaşdırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət Azərbaycanın hərbi, iqtisadi və siyasi qüdrətini artırdı. Ordumuzun modernləşdirilməsi, müdafiə sənayesinin inkişafı və milli birliyimizin gücləndirilməsi gələcək Zəfərin əsaslarını yaratdı. 2020-ci ildə başlanan Vətən müharibəsi bu uzunmüddətli siyasətin tarixi nəticəsi oldu.
Vətən müharibəsinin ilk günlərindən Kəlbəcər istiqaməti hərbi-strateji baxımdan mühüm əhəmiyyət daşıyırdı. Azərbaycan Ordusu rayonun şimal hissəsində bir sıra strateji yüksəklikləri nəzarətə götürməklə Ermənistan silahlı qüvvələrinin hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu yüksəkliklərin ələ keçirilməsi nəticəsində düşmən Basarkeçər-Kəlbəcər yolundan istifadə imkanlarını itirmiş, Ermənistan ordusunun həmin istiqamətdə hərəkətləri faktiki olaraq iflic vəziyyətinə salınmışdı. Bu, Kəlbəcərin coğrafi mövqeyinin müharibənin ümumi gedişindəki strateji əhəmiyyətini bir daha nümayiş etdirdi.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə regionda yeni reallıqlar yaratdı. 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana qaytarıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Bu hadisə xalqımızın 27 ildən artıq davam edən yurd həsrətinə son qoyulması istiqamətində mühüm tarixi mərhələ oldu. Kəlbəcərin qaytarılması Azərbaycanın hərbi gücünün, siyasi iradəsinin, diplomatik çevikliyinin və strateji planlaşdırmasının uğurlu nəticəsi idi.
Kəlbəcərin boşaldılması zamanı baş verən hadisələr isə işğalın mahiyyətini bir daha üzə çıxardı. Əraziləri tərk edən qeyri-qanuni məskunlaşmış şəxslər tərəfindən evlərin, meşələrin və digər mülki obyektlərin yandırılması, infrastruktura və təbiətə ziyan vurulması halları qeydə alındı. İnsanların geri qayıdacağı yaşayış məntəqələrinin qəsdən yandırılması vandalizmin açıq təzahürü idi. Bu əməllər həm maddi zərər vurur, həm də insanların doğma torpaqlarına qayıdışını çətinləşdirirdi. Belə halların beynəlxalq humanitar hüquq çərçivəsində araşdırılması və hüquqi qiymətləndirilməsi vacibdir.
Kəlbəcərin azad olunması uğrunda döyüşlərdə iştirak edən hərbçilərimizin qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Prezident İlham Əliyevin sərəncamları ilə döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirən Azərbaycan Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu bu medalla təltif olundu. Bu, Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə, qazilərimizin fədakarlığına və Azərbaycan əsgərinin qəhrəmanlığına ehtiramın ifadəsidir.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis olundu və 25 noyabr Kəlbəcər şəhəri günü elan edildi. Beləliklə, bu tarix dövlətçilik tariximizin, milli birliyimizin və tarixi ədalətin bərpasının rəmzinə çevrildi. Kəlbəcər şəhəri günü xalqımızın öz torpaqlarına sahib çıxmaq əzminin və dövlətimizin suverenliyinin təntənəsidir.
Bu gün Kəlbəcərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Böyük Qayıdış strategiyasının mühüm istiqamətlərindən biridir. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması yalnız dağıdılmış binaların bərpası deyil, müasir infrastrukturun yaradılması, məşğulluğun artırılması və insanların doğma yurdlarında davamlı həyat qurması deməkdir. Kəlbəcərdə həyata keçirilən layihələr də məhz bu strateji yanaşmaya əsaslanır.
Kəlbəcər şəhərinin gələcək inkişafı üçün hazırlanmış Baş plan bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli qərarı ilə şəhərin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiq edilib. 1969-cu ildə hazırlanmış əvvəlki plana əsasən, şəhərin ərazisi 130 hektar, əhalisi 7500 nəfər nəzərdə tutulmuşdu. Yeni konsepsiyaya görə, şəhərin ərazisinin təxminən 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması planlaşdırılır.
Baş plana əsasən, şəhərin mərkəzində orta mərtəbəli yaşayış və inzibati binalar, ətraf ərazilərdə isə fərdi evlər inşa ediləcək. Ümumi yaşayış fondunun 488 min kvadratmetr olması, 2040-cı ilədək əhalinin 4250 mənzillə təmin edilməsi nəzərdə tutulur. Şəhərdə dörd məktəb, dörd uşaq bağçası, iki xəstəxana, reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri, mehmanxanalar və idman meydançaları yaradılacaq. Bu layihələr Kəlbəcərin təhsil, səhiyyə, turizm və xidmət sahələrinin inkişaf etdiyi müasir şəhərə çevrilməsinə xidmət edəcək.
Baş planın mühüm istiqamətlərindən biri də ekoloji tarazlığın qorunmasıdır. Şəhər ərazisinin 22 faizinin, yəni təxminən 60 hektarının yaşıllıq sahələrindən ibarət olması planlaşdırılır. Adambaşına düşən yaşıllıq sahəsinin 33 kvadratmetr təşkil etməsi nəzərdə tutulur. Eyni zamanda, 27 kilometrdən artıq avtomobil yollarının və 22 kilometr velosiped yollarının salınması şəhərin müasir nəqliyyat sisteminin formalaşmasına imkan verəcək.
Artıq bu planların real nəticələri görünməkdədir. Kəlbəcər şəhərində 524 ailə üçün nəzərdə tutulan yaşayış məhəlləsi 19,5 hektar ərazini əhatə edir. Birinci mərhələdə 201 ailənin məskunlaşdırılması üçün altı dördmərtəbəli yaşayış binası və 39 ikimərtəbəli townhouse tipli ev inşa edilib. İkinci mərhələdə daha 323 ailənin köçürülməsi üçün 16 çoxmənzilli yaşayış binasının və 57 fərdi evin tikilməsi nəzərdə tutulur. Kompleksdə parklar, istirahət guşələri, uşaq və idman meydançaları, sosial-məişət obyektləri və velosiped yolları yaradılır.
Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri zamanı doğma yurda köçmüş ailələrə mənzillərin açarlarını təqdim etməsi Böyük Qayıdışın real nəticələrini nümayiş etdirdi. İllərlə məcburi köçkün həyatı yaşamış insanların öz evlərinə qayıtması Kəlbəcərin dirçəlişinin ən təsirli göstəricisidir. 2026-cı il noyabrın 6-dək rayonda 162 ailənin, ümumilikdə 681 nəfərin məskunlaşması bu prosesin davam etdiyini göstərir. Əsas məqsəd insanların yalnız köçürülməsi deyil, onların doğma yurdda təhlükəsiz və dayanıqlı yaşayışının təmin olunmasıdır.
Böyük Qayıdış proqramı Kəlbəcər şəhəri ilə yanaşı, rayonun kəndlərini də əhatə edir. Yanşaq kəndində ümumilikdə 421 ailənin məskunlaşdırılması nəzərdə tutulur. Birinci mərhələdə 218 ailə üçün evlərin, 264 şagird yerlik məktəbin və 80 yerlik uşaq bağçasının tikilməsi planlaşdırılır. Zallar kəndində 487, Zar kəndində isə 855 ailənin məskunlaşdırılması nəzərdə tutulub. Birinci mərhələdə Zallarda 350, Zarda isə 547 ailə üçün fərdi evlər tikiləcək. Hər iki kənddə məktəb və uşaq bağçalarının inşası da planlaşdırılır. Bu layihələr kəndlərin sosial həyatının, təhsil imkanlarının və ənənəvi yaşayış mühitinin bərpasına xidmət edir.
Bölgənin inkişafında nəqliyyat infrastrukturunun yenidən qurulması xüsusi strateji əhəmiyyət daşıyır. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun ümumi uzunluğu 82 kilometrdir. Yolun 56 kilometri Toğanalı-Kəlbəcər, 26 kilometri isə Kəlbəcər-İstisu hissəsidir. Layihə çərçivəsində ümumi uzunluğu 25,9 kilometr olan beş tunelin inşası nəzərdə tutulub. Bu yol Kəlbəcərin ölkənin digər bölgələri ilə əlaqəsini yaxşılaşdırmaqla yanaşı, turizmin, kənd təsərrüfatının və sahibkarlığın inkişafına da mühüm töhfə verəcək.
Layihənin ən mühüm mühəndislik obyektlərindən biri 11,7 kilometr uzunluğunda Murovdağ tunelidir. Dörd hərəkət zolağı nəzərdə tutulan bu tunelin texniki açılışı Azərbaycanın mürəkkəb dağlıq relyefdə iri infrastruktur layihələrini həyata keçirmək imkanlarının göstəricisidir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinin 89 faizinin tamamlanması bölgənin nəqliyyat əlçatanlığının təmin edilməsi istiqamətində mühüm irəliləyişdir.
Kəlbəcərin zəngin təbii resurslarından səmərəli istifadə olunması da dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Xüsusilə hidroenergetika sahəsində həyata keçirilən layihələr bölgənin enerji potensialının iqtisadi dövriyyəyə cəlb edilməsinə xidmət edir. Meydan çayı üzərində 3,4 meqavat gücündə stansiyanın yenidən qurulması, “Çıraq-1”, “Çıraq-2” və “Soyuqbulaq” stansiyalarının bərpası, eləcə də “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının tikilməsi rayonun enerji təminatına mühüm töhfə verir.
Bu layihələr yalnız elektrik enerjisi istehsalının artırılması baxımından deyil, Azərbaycanın yaşıl enerji strategiyasının reallaşdırılması baxımından da əhəmiyyətlidir. Dağ çaylarının hidroenerji imkanlarından istifadə etməklə yaşayış məntəqələrinin və istehsal müəssisələrinin enerji təminatını gücləndirmək mümkündür. Kəlbəcər gələcəkdə Azərbaycanın yaşıl enerji məkanlarından birinə çevrilmək potensialına malikdir.
Kəlbəcərin iqtisadi inkişaf perspektivlərindən danışarkən “İstisu” mineral sularının və müalicəvi turizm imkanlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Dəniz səviyyəsindən 1600 metrdən artıq yüksəklikdə yerləşən termal su mənbələrindən çıxan və təbii halda temperaturu 60 dərəcədən yüksək olan İstisu Azərbaycanın ən qiymətli təbii sərvətlərindəndir. İşğal dövründə dağıdılmış bu infrastrukturun yenidən qurulması bölgənin turizm potensialının bərpası baxımından mühüm əhəmiyyət daşıyır.
2022-ci il iyunun 26-da Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan “İstisu” mineral su zavodunun tikintisi 2024-cü ildə başa çatdırılaraq istifadəyə verilib. İllik istehsal gücü 100 milyon şüşədən artıq olan müəssisədə təxminən 100 nəfər işlə təmin edilib. İşçilərin əksəriyyətinin Kəlbəcər və Laçın sakinləri olması iqtisadi dirçəlişin yerli əhalinin məşğulluğu ilə əlaqələndirildiyini göstərir.
Bununla yanaşı, “İstisu” Müalicə-İstirahət Kompleksinin yaradılması Kəlbəcərin turizm mərkəzinə çevrilməsi üçün geniş imkanlar açır. Ümumi sahəsi 80 min kvadratmetr nəzərdə tutulan kompleksdə 145 nömrəli hotel binasının, 10 kottecin və beş inzibati binanın tikintisi aparılır. Burada mineral sularla müalicə, palçıq terapiyası və iqlim müalicəsi xidmətlərinin təşkili planlaşdırılır. Kompleksin fəaliyyəti turizmlə yanaşı, nəqliyyat, ictimai iaşə və xidmət sahələrində də yeni iş yerlərinin yaradılmasına imkan verəcək.
Kəlbəcərin bugünkü inkişaf mənzərəsi Prezident İlham Əliyevin azad olunmuş ərazilərə mütəmadi səfərləri ilə sıx bağlıdır. Dövlət başçısının hər səfəri yeni layihələrin təməlqoyma və açılış mərasimləri, infrastrukturun inkişafı və Böyük Qayıdışın sürətləndirilməsi ilə yadda qalıb.
2021-ci il avqustun 16-da Prezidentin Kəlbəcərə ilk səfəri zamanı Murovdağ tunelinin təməli qoyuldu, “Kəlbəcər” yarımstansiyası açıldı, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanışlıq keçirildi və şəhərdə Azərbaycan Dövlət Bayrağı ucaldıldı. Həmçinin arıçılarla görüş keçirildi, dağıdılmış İstisu sanatoriyasına və yeni avtomobil yolu layihəsinə baxış oldu.
2022-ci il iyunun 26-da “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışı, Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin, Rəqəmsal İdarəetmə Mərkəzinin və “İstisu” mineral su zavodunun təməlqoyma mərasimləri keçirildi. Bu tədbirlər şəhərin gələcək inkişafının konkret layihələr əsasında qurulduğunu göstərirdi.
2023-cü il mayın 27-də Yanşaq və Zallar kəndlərinin təməli qoyuldu, “Qamışlı” və “Meydan” kiçik su elektrik stansiyaları açıldı, hərbi hospital istifadəyə verildi və Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməli qoyuldu. Həmin ilin avqustun 25-də “Soyuqbulaq”, “Çıraq-1” və “Çıraq-2” stansiyalarının açılışı, İstisu kompleksində aparılan işlərlə tanışlıq və Zar kəndinin təməlqoyma mərasimi baş tutdu. Noyabrın 7-də isə Vəngli kəndinə baxış keçirildi.
2024-cü il sentyabrın 2-də Prezident İlham Əliyevin səfəri zamanı “Yuxarı Vəng” Su Elektrik Stansiyası açıldı, Xudavəng monastır kompleksinə baxış keçirildi, ikinci yaşayış kompleksinin və İstisu qəsəbəsinin təməli qoyuldu. Eyni zamanda, 524 ailəlik yaşayış kompleksində, şəhər təhsil kompleksində və avtomobil yolu layihəsində görülən işlərlə tanışlıq keçirildi. “İstisu” mineral su zavodunun və “Zar” Kiçik Su Elektrik Stansiyasının açılışı da bu səfərin mühüm hadisələri oldu.
2025-ci il avqustun 21-də dövlət başçısı Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış oldu, şəhərdə yeni yaşayış komplekslərinin və parkın təməlini qoydu, “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak etdi. Sakinlərlə görüşərək onlara mənzillərin açarlarını təqdim etməsi səfərin ən yaddaqalan məqamlarından biri oldu. Həmçinin “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyaları istifadəyə verildi.
Bütün bu səfərlərin və həyata keçirilən layihələrin təhlili göstərir ki, Kəlbəcərdə bərpa prosesi pərakəndə tədbirlər toplusu deyil, vahid dövlət strategiyasına əsaslanan uzunmüddətli inkişaf modelidir. Hər bir yeni yol, tunel, məktəb, xəstəxana, yaşayış binası və enerji obyekti Kəlbəcərin gələcəyinə qoyulan sərmayədir. Bu sərmayələrin əsas məqsədi insanların rifahını və dayanıqlı inkişafı təmin etməkdir.
Hesab edirəm ki, Kəlbəcərin bərpasına yalnız regional layihə kimi yanaşmaq düzgün olmazdı. Bu proses Azərbaycanın postmüharibə inkişaf modelinin, suverenliyimizin möhkəmləndirilməsinin və milli iqtisadiyyatımızın yeni imkanlarının formalaşdırılmasının mühüm hissəsidir. Kəlbəcərin strateji mövqeyi, zəngin su və enerji ehtiyatları, mineral sərvətləri və turizm imkanları onun gələcəkdə ölkə iqtisadiyyatında daha böyük paya malik olmasına şərait yaradır. Bunun üçün yerli sahibkarlığın, kənd təsərrüfatının və arıçılığın dəstəklənməsi, turizm infrastrukturunun genişləndirilməsi və yeni istehsal müəssisələrinin yaradılması xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda, bölgənin tarixi-mədəni irsinin qorunması əsas prioritetlərdən biri olmalıdır. Qədim mağaralar, qayaüstü təsvirlər, daş abidələr və tarixi memarlıq nümunələri sistemli şəkildə araşdırılmalı, bərpa edilməli və gələcək nəsillərə çatdırılmalıdır. Xüsusilə Xudavəng monastır kompleksi kimi abidələrin elmi əsaslarla qorunması Azərbaycanın mədəni irsə münasibətinin mühüm göstəricisidir.
Bölgənin ekoloji təhlükəsizliyi də daim diqqət mərkəzində saxlanılmalıdır. Kəlbəcərin meşələri, su mənbələri, dağ ekosistemləri və biomüxtəlifliyi onun ən qiymətli sərvətlərindəndir. Yeni yaşayış məntəqələrinin və turizm obyektlərinin salınması zamanı ekoloji standartlara əməl edilməsi, təbii sərvətlərdən səmərəli istifadə olunması dayanıqlı inkişafın əsas şərtlərindəndir.
Bu gün Kəlbəcər yeni tarixini yazır. Bir vaxtlar dağıdılmış, talan edilmiş, sakinləri doğma yurdlarından didərgin salınmış bu torpaqda indi yeni evlər tikilir, yollar çəkilir, məktəblər və xəstəxanalar inşa olunur, istehsal müəssisələri fəaliyyətə başlayır, enerji stansiyaları istifadəyə verilir. Ən başlıcası isə insanlar öz doğma evlərinə qayıdırlar. Kəlbəcərin dirçəlişi xalqımızın tarixi yaddaşının, milli ruhunun və gələcəyə inamının bərpasıdır.
25 Noyabr – Kəlbəcər şəhəri günü münasibətilə bütün Kəlbəcər sakinlərini, bu qədim yurdun azadlığı uğrunda mübarizə aparan qəhrəman hərbçilərimizi, şəhid ailələrini, qazilərimizi və bütün Azərbaycan xalqını təbrik edirəm. Kəlbəcərin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayıram. Bu tarixi Zəfərin əldə olunmasında müstəsna xidmətləri olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət və qəhrəman Azərbaycan Ordusunun şücaəti xalqımızın yaddaşında əbədi yaşayacaq.
Əminəm ki, qarşıdakı illərdə Kəlbəcər daha da inkişaf edəcək, yeni yaşayış məntəqələri salınacaq, iqtisadi və turizm potensialı tam reallaşdırılacaq, doğma yurdlarına qayıdan insanların sayı artacaq. Kəlbəcər yenidən Azərbaycanın ən abad və müasir bölgələrindən birinə çevriləcək. Çünki bu torpağın gələcəyi artıq işğalın və dağıntının deyil, quruculuğun, inkişafın və sülhün üzərində formalaşır.
Kəlbəcər bizim tariximiz, qürurumuz və gələcəyimizdir.

25 Noyabr isə bu həqiqətin təntənəsidir!

Geri dön