Ana Sayfa > Manşet / Siyasət > Kəlbəcərə qayıdış tarixi Zəfərimizin davamıdır
Kəlbəcərə qayıdış tarixi Zəfərimizin davamıdırBu gün, 10:43. Yazar: azer |
|
Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və strateji mövqeyə malik məkanlarından biri olan Kəlbəcər milli yaddaşımızda xüsusi yer tutur. Əsrarəngiz təbiəti, təbii sərvətləri və tarixi abidələri ilə seçilən bu diyar işğalın ağrılarını, xalqımızın mübarizə əzmini və tarixi Zəfərini özündə birləşdirir. Bu gün Kəlbəcər azadlığın bəxş etdiyi yeni imkanlar, genişmiqyaslı quruculuq işləri və sakinlərinin doğma yurda qayıdışı ilə inkişafının yeni mərhələsini yaşayır. 1993-cü il aprelin 2-də Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal zamanı 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Rayon əhalisi ölkənin 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində məktəblər, xəstəxanalar, kitabxanalar və digər sosial obyektlərlə yanaşı, tarixi-mədəniyyət abidələri də dağıdıldı və talan edildi. Rayonun təbii sərvətləri qanunsuz şəkildə mənimsənildi. BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı qətnamədə işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması tələb olunsa da, Ermənistan bu tələbləri yerinə yetirmədi. İşğal illərində bölgədə beynəlxalq hüquqa zidd qeyri-qanuni məskunlaşdırma siyasəti də həyata keçirildi. Azərbaycan dövləti bütün bu illərdə ərazi bütövlüyünün bərpasını əsas milli prioritet kimi müəyyənləşdirdi. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, iqtisadi qüdrətin artırılması, müasir ordu quruculuğu və beynəlxalq mövqelərin möhkəmləndirilməsi torpaqlarımızın azadlığı üçün möhkəm zəmin yaratdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdi. Kəlbəcərin strateji mövqeyi hərbi əməliyyatlarda mühüm rol oynadı. Rayonun şimalındakı yüksəkliklərin nəzarətə götürülməsi Ermənistan silahlı qüvvələrinin hərəkət imkanlarını məhdudlaşdırdı və Basarkeçər-Kəlbəcər yolundan istifadəsini çətinləşdirdi. Vətən müharibəsində qazanılan tarixi Qələbənin nəticəsi olaraq, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Beləliklə, şəhər və rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi, 27 ildən artıq davam edən həsrətə son qoyuldu. Lakin rayon boşaldılarkən erməni vandalizminin növbəti təzahürləri ilə qarşılaşıldı: yaşayış evləri yandırıldı, mülki obyektlərə və təbiətə ciddi ziyan vuruldu. Kəlbəcərin azadlığı uğrunda döyüşən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi və 9455 hərbi qulluqçu bu medalla təltif olundu. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə noyabrın 25-i Kəlbəcər şəhəri günü elan edildi. Bu əlamətdar tarix azadlığın, milli qürurun və doğma yurda qayıdışın rəmzinə çevrildi. Hazırda Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə şəhərin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib. Sənədə əsasən, şəhərin ərazisinin 130 hektardan 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Burada 4250 mənzildən ibarət yaşayış fondu, məktəblər, uşaq bağçaları, xəstəxanalar, reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri yaradılacaq. Ərazinin 22 faizinin yaşıllıq sahələrindən ibarət olması planlaşdırılır. Bu yanaşma Kəlbəcərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasına xidmət edir. Bölgənin inkişafında Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun xüsusi əhəmiyyəti var. Uzunluğu 82 kilometr olan yolun üzərində ümumi uzunluğu 25,9 kilometr təşkil edən beş tunel inşa edilir. Onlardan 11,7 kilometrlik Murovdağ tuneli mühüm mühəndislik layihələrindən biridir. Bu yol nəqliyyat əlaqələrini yaxşılaşdırmaqla yanaşı, turizm və iqtisadi fəaliyyət üçün də yeni imkanlar yaradır. Kəlbəcərin dirçəlişinin əsas göstəricisi sakinlərin doğma yurdlarına qayıdışıdır. Böyük Qayıdış Proqramı çərçivəsində yaşayış məntəqələrinin bərpası, mənzillərin tikintisi və sosial xidmətlərin təşkili istiqamətində ardıcıl tədbirlər görülür. Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri çərçivəsində 20 ailəyə mənzillərin açarlarını təqdim etməsi bu prosesə verilən yüksək diqqətin göstəricisidir. Rayonda 162 ailənin, ümumilikdə 681 nəfərin məskunlaşması qayıdışın davamlı xarakter aldığının göstəricisidir. Zəngin təbii ehtiyatları, İstisu mineral suları, dağ-turizm marşrutları, meşələri və yaylaqları Kəlbəcərin gələcək inkişafı üçün geniş perspektivlər yaradır. Ekoloji və sağlamlıq turizminin inkişafı, müasir infrastrukturun qurulması bu qədim diyarın ölkəmizin mühüm turizm mərkəzlərindən birinə çevrilməsinə imkan verəcək. Beləliklə, 25 noyabr – Kəlbəcər şəhəri günü xalqımızın tarixi yaddaşında azadlığın, milli həmrəyliyin və dövlətimizin qüdrətinin rəmzi kimi xüsusi yer tutur. Vaxtilə işğalın ağır nəticələri ilə üzləşən bu qədim diyar bu gün yenidən qurulur, abadlaşır və tarixi simasını bərpa edir. Kəlbəcərdə həyata keçirilən layihələr Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan məqsədyönlü siyasətin, Azərbaycanın iqtisadi gücünün və xalqımızın sarsılmaz iradəsinin təzahürüdür. Kəlbəcərin dirçəlişi tarixi Zəfərimizin davamı, Böyük Qayıdışın və müasir Azərbaycanın inkişaf strategiyasının parlaq nümunəsidir. Doğma yurda qayıdan sakinlərin sevinci, yenidən salınan yollar və ucaldılan yaşayış evləri bu qədim diyarın gələcəyə inamla addımladığını nümayiş etdirir. Asif Əsgərov Milli Məclisin deputatı Geri dön |