Ana Sayfa > Özəl > Süni intellektlə bağlı qorxulu xəbərdarlıq – Bəşəriyyət nəzarəti itirə bilər

Süni intellektlə bağlı qorxulu xəbərdarlıq – Bəşəriyyət nəzarəti itirə bilər


Bu gün, 18:39. Yazar: vasif
Süni intellektlə bağlı qorxulu xəbərdarlıq – Bəşəriyyət nəzarəti itirə bilər



Süni intellektin sürətli inkişafı bəşəriyyətin gələcəyi ilə bağlı yeni narahatlıqlar yaradıb. “Meta” şirkətinin süni intellekt üzrə rəhbəri Aleksandr Vanq superintellekt dövrünün yaxınlaşdığını və qarşıdakı bir il ərzində veriləcək qərarların mühüm əhəmiyyət daşıdığını bildirib.

Vanqın sözlərinə görə, gələcəkdə süni intellekt sistemləri elmi araşdırmalar aparmaq və öz imkanlarını təkmilləşdirmək baxımından insan səviyyəsini üstələyə bilər.

Onun fikrincə, bu texnologiya biologiya, iqtisadiyyat və hərbi sənaye sahələrində inkişafı insanların nəzarət etməkdə çətinlik çəkəcəyi həddə çatdıra bilər.

Vanq süni intellektin cəmiyyətin idarə olunmasında nəzarəti ələ keçirməsi riskinə də diqqət çəkərək texnologiyanın inkişafının insan iradəsindən asılı qalmasının vacibliyini vurğulayıb.

Müzakirələr fonunda “Microsoft”un qurucusu Bill Qeytsin daha əvvəl səsləndirdiyi xəbərdarlıqlar da yenidən gündəmə gəlib.

Qeyts süni intellektin qarşıdakı 20 ildə dünyada köklü dəyişikliklər yaradacağını bildirərək onun bütün zamanların ən təhlükəli silahına çevrilə biləcəyinə diqqət çəkib.

Bununla yanaşı, milyarder süni intellekt və robotların geniş tətbiqi nəticəsində insanların işləmək məcburiyyətinin azala, ərzaq, mənzil və dərman xərclərinin isə əhəmiyyətli dərəcədə aşağı düşə biləcəyini proqnozlaşdırıb.

Qeytsin fikrincə, belə bir gələcəkdə insanların qarşılaşacağı əsas problemlərdən biri həyatın mənasını və məqsədini müəyyənləşdirmək olacaq.
Geri dön