Ana Sayfa > Siyasət > Kəlbəcər yenidən dirçəlir
Kəlbəcər yenidən dirçəlirBu gün, 16:47. Yazar: azer |
![]() Azərbaycan tarixində 25 noyabrın xüsusi yeri var. 2020-ci ildə məhz həmin gün Kəlbəcər işğaldan azad edildi. Bu tarix Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncamla Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Kəlbəcər 1930-cu ildən rayon statusu daşıyır. Rayon özünün əsrarəngiz təbiəti, zəngin bitki və heyvanat aləmi, şəfalı mineral suları ilə tanınır. İstisu bulaqları, qızıl yataqları və nadir dərman bitkiləri bu bölgəni Azərbaycanın ən dəyərli guşələrindən birinə çevirib. Məhz bu imkanlar işğal dövründə rayona qanunsuz marağın artmasına səbəb olmuşdu. 1993-cü il aprelin 2-də Kəlbəcər işğal altına düşdü. Nəticədə 511 mülki şəxs qətlə yetirildi, 321 nəfər əsir götürüldü və itkin düşdü. Minlərlə kəlbəcərli 31 il ərzində ölkənin müxtəlif bölgələrində - 56 rayonda, 770 yaşayış məntəqəsində məcburi köçkün kimi yaşamağa məcbur oldu. İkinci Qarabağ müharibəsində Şuşanın azad olunması müharibənin taleyini dəyişdi. Bundan sonra Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiyanı qəbul etmək məcburiyyətində qaldı. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Kəlbəcər, Laçın və Ağdamın işğaldakı hissəsi atəş açılmadan geri qaytarıldı. Noyabrın 25-də isə Kəlbəcər şəhəri ilə birlikdə rayonun 147 yaşayış məntəqəsi azad edildi. Bir il sonra - 2021-ci il avqustun 16-da Prezident İlham Əliyev Kəlbəcərdə üçrəngli bayrağımızı ucaltdı. O, çıxışında bildirdi ki, düşmən 30 il ərzində bu torpaqları yalnız talayıb, evləri dağıdıb, sərvətləri mənimsəyib. Lakin bu torpaq heç vaxt onların olmayıb və olmayacaq da. Azərbaycanlılar doğma torpaqlarına qəhrəmanlıqla qayıdıblar. Azadlıqdan sonra Kəlbəcərdə geniş bərpa işləri başladı. Əsas layihələrdən biri Göygölü Kəlbəcərlə birləşdirən 80,7 km-lik Toğanalı-Kəlbəcər yoludur. 2021-ci ildə bu yol üzərində Murovdağ tunelinin təməli qoyuldu, “Kəlbəcər” yarımstansiyası açıldı, Kəlbəcər-Laçın yolunda 3,4 km-lik tunelin tikintisinə başlanıldı. Sonrakı illərdə tikinti daha da sürətləndi. “Kəlbəcər-1”, “Qamışlı”, “Meydan”, “Yuxarı Vəng”, “Zar” kimi kiçik su elektrik stansiyaları istifadəyə verildi. “İstisu” mineral su zavodu və sanatoriyası, Rəqəmsal İdarəetmə Mərkəzi, İşğal və Zəfər muzeyləri, hərbi hospital və hərbi hissələr inşa edildi. Eyni zamanda yaşayış kompleksləri, 960 şagirdlik məktəb, Yanşaq, Zallar və Zar kəndlərinin təməli qoyuldu. İkinci yaşayış kompleksində 160 ailənin məskunlaşması nəzərdə tutulur. Bu gün Qarabağ və Şərqi Zəngəzurda ümumi gücü 270 MVt olan 32 su elektrik stansiyası işləyir və onların bir qismi Kəlbəcərdə yerləşir. Bu, bölgədə yaşıl enerjinin inkişafının göstəricisidir. Kəlbəcərdə aparılan işlər bir daha sübut edir ki, “Böyük Qayıdış” artıq reallıqdır. Tezliklə kəlbəcərlilər öz doğma yurdlarına qayıdacaq və bu dilbər diyar yenidən çiçəklənəcək. Kamran Əmirov, YAP Qusar rayon təşkilatının sədri YAP Qusar rayon təşkilatı Geri dön |