Ana Sayfa > Gündəm / Aia TV > Azərbaycanda 179 naməlum şəhid məzarı tapılıb
Azərbaycanda 179 naməlum şəhid məzarı tapılıb27-04-2017, 16:45. Yazar: admin |
“Son günlərdə kütləvi informasiya vasitələrində naməlum məzar yerləri ilə bağlı yayılmış müxtəlif məlumatlarla bağlı bildiririk ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı, intensiv hərbi əməliyyatların getdiyi dövrdə həlak olaraq tanınmadan dəfn edilmiş şəxslərə aid məzar yerləri məsələsi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyət sahəsinin tərkib hissəsidir”. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Modern.az-a daxil olan məlumatda bildirilib. Qeyd olunub ki, ölkə prezidentinin 1 mart 2001-ci il tarixli sərəncamı və Dövlət Komissiyasının əsasnaməsi ilə müəyyən edilmiş vəzifələrə, o cümlədən Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında 14 aprel 2008-ci il tarixdə imzalanmış «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə» çərçivə sazişinə uyğun olaraq itkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyənləşdirilməsi sahəsində işlər davam etdirilir: “Dövlət Komissiyasının sədri Mədət Quliyevin tapşırığına əsasən, son illərdə respublika ərazisində aparılmış monitorinqlər zamanı əsasən intensiv hərbi əməliyyatların getdiyi ərazilərə yaxın rayonlarda və digər yerlərdə 179 naməlum şəhid məzarı müəyyən edilərək qeydiyyata alınıb. Məzar yerləri video lentə alınıb və foto çəkilişi aparılıb. Naməlum şəhidlərin dəfnində iştirak etmiş şəxslərin iştirakı ilə ərazilərə baxış keçirilib, onların ifadələri sənədləşdirilib, video ifadələri alınaraq arxivləşdirilib”. Məlumata görə, Dövlət Komissiyasının sədri Mədət Quliyevin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciətinə əsasən, Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yer quruluşu Layihə Tədqiqat Mərkəzi tərəfindən naməlum məzarların GPS koordinatları çıxarılaraq İşçi qrupuna təqdim edilib. Həmçinin, Komissiya sədrinin müraciətinə uyğun olaraq aidiyyəti rayon icra hakimiyyəti orqanları və müvafiq qurumlar tərəfindən naməlum məzar yerlərinin aşkarlandığı ərazilərdə abadlıq işləri aparılır. Məlumatda o da qeyd olunub ki, BQXK ilə imzalanmış çərçivə sazişinə əsasən, hazırda itkin düşmüş şəxslərin yaxın qohumlarından bioloji (DNT) nümunələrin toplanması işi davam etdirilir. Bu işə BQXK-nın mütəxəssisləri ilə birlikdə 2014-cü ildən etibarən başlanmışdır. Toplanmış nümunələr Komissiya tərəfindən yaradılmış xüsusi yerdə saxlanılır. Nümunələrdən gələcəkdə aparılması nəzərdə tutulan ekshumasiya prosesində meyit qalıqlarının eyniləşdirilməsi məqsədilə istifadə ediləcək. AİA.az Geri dön |