Ana Sayfa > Manşet / Parlament > Xəzər çəkilir, yeni ərazilərin taleyi necə olacaq?

Xəzər çəkilir, yeni ərazilərin taleyi necə olacaq?


Bu gün, 12:02. Yazar: Subhan
Xəzər çəkilir, yeni ərazilərin taleyi necə olacaq?

“Abşeron yatağının tammiqyaslı işlənməsi ilə qaz hasilatının 2029-cu ildə 6 milyard kubmetrə çatdırılması nəzərdə tutulur”.

aia.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında gündəliyin birinci məsələsi – “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişə dəyişikliklərin edilməsi ilə bağlı çıxışında deyib.

O bildirib ki, layihədə SOCAR və TotalEnergies şirkətlərinin hər birinin 35, ADNOC-un isə 30 faiz payı var. Saziş üzrə əvvəlki hökumət təminatları qüvvədə saxlanılır, 12 əlavə təsdiq olunur, investorların hüquqları və müqavilənin sabitliyi qorunur.

Deputatın sözlərinə görə, əsas məqsəd neft-qaz siyasətini yalnız hasilatla məhdudlaşdırmamaq, eyni zamanda dövlətin uzunmüddətli iqtisadi maraqlarını təmin etməkdir. 2023-cü ildə "Abşeron" yatağında başlanan ilkin hasilatın illik gücü 1,5 milyard kubmetr təşkil edib. Tammiqyaslı işlənmədən sonra, 2029-cu ildə bu göstəricinin 6 milyard kubmetrə çatdırılması planlaşdırılır.

Z.Oruc qeyd edib ki, mühüm beynəlxalq müqavilənin əhəmiyyətini qiymətləndirməklə yanaşı, Xəzərin gələcəyi və bioresurslarının qorunması məsələsinə də diqqət yetirilməlidir.

O, Prezident İlham Əliyevin Xəzərin Azərbaycan sektorunun sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsi haqqında imzaladığı fərmanın strateji əhəmiyyət daşıdığını söyləyib. Deputatın fikrincə, sənədə həsr olunan brifinq dəniz səviyyəsinin azalması məsələsinin ali dövlət diqqətində olduğunu göstərib.

Z.Oruc Azərbaycanın müstəqillikdən sonra əldə etdiyi ən böyük iqtisadi nailiyyətlərdən birinin Xəzərin sərvətləri üzərində azad və suveren qərar vermək imkanının qazanılması olduğunu vurğulayıb. O, 1994-cü ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə imzalanan “Əsrin müqaviləsi”nin Xəzərin neft sərvətlərini ələ keçirməyə çalışan qüvvələrin planlarını iflasa uğratdığını bildirib.

Deputat əlavə edib ki, sonrakı illərdə neft-qaz layihələrindən əldə olunan gəlirlər Azərbaycanın Vətən müharibəsində qələbəsində mühüm rol oynayıb. İndi isə Xəzərin özünün qorunması zərurəti yaranıb.

Onun sözlərinə görə, Coğrafiya İnstitutunun məlumatlarına əsasən, Astaradan Qırxbulağa qədər sahil xəttinin geriləməsi 40-50 metrdən 200-300 metrə qədər dəyişir. Ən güclü çəkilmə Qızılağac körfəzində müşahidə olunur və ildə orta hesabla 250-300 metr təşkil edir.

Z.Oruc Prezident İlham Əliyevin Xəzərin ekoloji sammitində dənizin su səthinin 20 min kvadratkilometrdən çox azaldığını, təkcə Azərbaycanın sektorunda 30 min hektara yaxın yeni quru sahənin yarandığını bəyan etdiyini xatırladıb.

O hesab edir ki, dənizin səviyyəsinin azalması nəticəsində yaranan yeni ərazilərin hüquqi statusu, rəqəmsal xəritələşdirilməsi və dövlət nəzarəti vahid qaydada tənzimlənməlidir. Eyni zamanda limanlarda suyun dərinliyinin azalması gəmiçiliyi çətinləşdirir, sahilboyu antisanitar vəziyyətin aradan qaldırılması və balıq ehtiyatlarının qorunması üçün xüsusi dövlət tədbirlərinə ehtiyac yaranır.

Deputat diqqətə çatdırıb ki, Xəzərin çəkilməsi ilə yaranan yeni ərazilərin şəxsi maraqlar naminə mənimsənilməsi gələcək nəsillərin sərvətlərinin mənimsənilməsi demək ola bilər. Buna görə də həmin sahələrin istifadəsi ilə bağlı qərar verilməzdən əvvəl onların ekoloji təhlükəsizliyi müəyyənləşdirilməlidir.

aia.az
Geri dön