Ana Sayfa > Siyasət > Azərbaycan və Vyetnam arasında dostluq əlaqələri strateji əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradır

Azərbaycan və Vyetnam arasında dostluq əlaqələri strateji əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradır


Bu gün, 09:22. Yazar: azer
Azərbaycan və Vyetnam arasında dostluq əlaqələri strateji əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradır

Dünya siyasətində baş verən geosiyasi dəyişikliklər dövlətlərin qarşısında çevik diplomatik yanaşma, milli mənafelərə uyğun qərarların qəbulu və möhkəm tərəfdaşlıq münasibətlərinin qurulması kimi mühüm vəzifələr qoyur. Mövcud şəraitdə Azərbaycan müstəqil xarici siyasət kursu, beynəlxalq miqyasda qazandığı nüfuz və müxtəlif regionlarda əməkdaşlıq imkanlarını genişləndirmək potensialı ilə diqqəti cəlb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə də ölkəmizin Asiya regionu ilə əlaqələrin inkişafına xüsusi strateji önəm verdiyini bir daha təsdiqləyir. Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən ölkələrindən biri olan Vyetnamla münasibətlərin daha da dərinləşdirilməsi Azərbaycanın qarşılıqlı fayda və ortaq maraqlar üzərində qurulan praqmatik xarici siyasətinin təbii davamıdır. Eyni zamanda, bu əməkdaşlıq regional və qlobal məsələlər ətrafında mövqelərin yaxınlaşdırılması baxımından da geniş imkanlar formalaşdırır.

Azərbaycanın xarici siyasət strategiyasının əsas istiqamətlərindən biri beynəlxalq münasibətləri qarşılıqlı etimad, suverenlik hüququna hörmət və milli maraqların nəzərə alınması prinsipləri əsasında inkişaf etdirməkdir. Prezident İlham Əliyevin müsahibəsində BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində Azərbaycanla Vyetnam arasında mövcud olan əməkdaşlıq və siyasi dialoqa toxunması xüsusi əhəmiyyət daşıyır. Hər iki dövlətin beynəlxalq hüququn fundamental prinsiplərini, ölkələrin suverenliyini və ərazi bütövlüyünü müdafiə etməsi qarşılıqlı siyasi münasibətlərin möhkəm təməlini formalaşdırır. Bu ortaq yanaşma ikitərəfli əlaqələrin inkişafı ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən diplomatik əməkdaşlığın da daha effektiv olmasına şərait yaradır. Azərbaycanın müxtəlif beynəlxalq platformalarda fəal mövqeyi və Vyetnamın Asiya regionunda getdikcə güclənən siyasi-iqtisadi rolu iki ölkə arasındakı tərəfdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün əlverişli perspektivlər yaradır.

Dövlət başçısının müsahibə zamanı müdafiə və kibertəhlükəsizlik sahələrini də əməkdaşlığın perspektivli istiqamətləri sırasında göstərməsi münasibətlərin yalnız ənənəvi sahələrlə məhdudlaşmadığını ortaya qoyur. Hazırda təhlükəsizlik mühitində yeni çağırışların meydana çıxdığı, rəqəmsal texnologiyaların və informasiya təhlükəsizliyinin dövlətlərin sabitliyi baxımından mühüm amilə çevrildiyi bir dövrdə bu sahələrdə qarşılıqlı təcrübə mübadiləsi və birgə fəaliyyət hər iki ölkəyə əhəmiyyətli töhfələr verə bilər. Beləliklə, Azərbaycan-Vyetnam əməkdaşlığı yalnız regional səviyyədə maraqların uzlaşdırılmasına deyil, eyni zamanda, beynəlxalq məsələlərdə ortaq və konstruktiv yanaşmaların formalaşmasına da müsbət təsir göstərə bilər.

Müsahibədə diqqət çəkən mühüm məqamlardan biri də dövlətlər arasında həqiqi dostluğun yalnız münasibətlərin əlverişli olduğu zamanlarda deyil, çətinliklər qarşısında nümayiş etdirilən qarşılıqlı dəstək və həmrəylikdə özünü göstərməsi ilə bağlı fikirlərdir. Prezident İlham Əliyevin 2024-cü ildə Vyetnamda baş vermiş “Yaqi” fırtınasının, 2025-ci ildə isə geniş əraziləri əhatə edən daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycanın maliyyə yardımı göstərdiyini xatırlatması bu dostluğun əməli nümunəsidir. Sözügedən humanitar dəstək dövlətlərarası münasibətlərdə insani dəyərlərin, həmrəyliyin və qarşılıqlı yardımın nə qədər mühüm yer tutduğunu aydın şəkildə nümayiş etdirir.

Azərbaycan və Vyetnamın birgə iqtisadi təşəbbüslərin həyata keçirilməsi, yeni satış bazarlarının mənimsənilməsi və biznes dairələri arasında əlaqələrin gücləndirilməsi üçün geniş imkanlara sahib olması ilə əlaqədardır. Azərbaycanın Cənubi Qafqazda, Vyetnamın isə Cənub-Şərqi Asiyada malik olduğu strateji mövqe iki ölkə arasındakı tərəfdaşlığa daha geniş regional və beynəlxalq məzmun qazandırır.

Azərbaycan və Vyetnam xalqları arasında tarixən formalaşmış dostluq əlaqələrinin daha da möhkəmlənməsi, qarşılıqlı anlaşmanın və uzunmüddətli etimadın güclənməsi şübhəsizdir.

Rəşad Əsgərov,
SOCAR “Kompleks qazma işləri” trestinin müdiri,
YAP Nərimanov ƏPT nin sədri

Geri dön