Ana Sayfa > Siyasət > İrəvanın Konstitusiya kartı: Ermənistanın gələcəyinə Moskva, Bakı, yoxsa xalq qərar verəcək?
İrəvanın Konstitusiya kartı: Ermənistanın gələcəyinə Moskva, Bakı, yoxsa xalq qərar verəcək?Bu gün, 15:18. Yazar: azer |
![]() İrəvan yeni Konstitusiya layihəsini açıqlamaqla Cənubi Qafqazda onsuz da mürəkkəb olan siyasi proseslərə yeni dinamika gətirdi. Ermənistanın Baş naziri Nikol Paşinyanın xalqa müraciəti ilə təqdim olunan layihə ilk baxışdan ölkənin daxili hüquqi və siyasi islahatları təsiri bağışlasa da, əslində onun əhəmiyyəti Ermənistan sərhədlərini aşır. Söhbət təkcə Konstitusiyanın dəyişdirilməsindən getmir. Söhbət Cənubi Qafqazda yekun sülhün əldə olunması və yeni bir mərhələnin başlanğıcından gedir. Beləliklə, İrəvanın qarşısında seçim dayanır: keçmişin siyasi mirasını qorumaq, yoxsa yeni regional reallıqları nəzərə alaraq gələcək dövlətçilik modelini formalaşdırmaq. Paşinyanın xalqa müraciəti: Siyasi mesaj, yoxsa referendum öncəsi təzyiq? Paşinyanın yeni Konstitusiya layihəsini təqdim etməklə yanaşı, xalqa müraciət etməsi prosesin nə qədər həssas olduğunu göstərir. Baş nazir başa düşür ki, bu sənədin qəbulu yalnız parlament prosedurları ilə həll olunacaq məsələ deyil. Burada cəmiyyətin mövqeyi, müxalifətin müqaviməti və xarici siyasi təsirlər də mühüm rol oynayacaq. Paşinyanın referendumla bağlı açıqladığı şərtlər isə siyasi mübarizəni daha da kəskinləşdirir. O bəyan edib ki, xalq referendumda yeni Konstitusiyanı rədd edərsə, istefa verəcək. Layihə qəbul olunarsa, növbəti parlament seçkilərində baş nazirliyə namizədliyini irəli sürməyəcək. Paşinyanın bu mövqeyini iki istiqamətdə qiymətləndirmək mümkündür. Bir tərəfdən, Paşinyan öz siyasi gələcəyini xalqın qərarı ilə əlaqələndirərək məsuliyyəti üzərinə götürür. Digər tərəfdən, bu açıqlama müxalifətə ünvanlanmış siyasi təzyiq mesajı kimi də qəbul edilə bilər: referendumun qarşısını almaq və ya layihəyə qarşı çıxmaq artıq hakimiyyət tərəfindən sülh gündəliyinə münasibət kontekstində təqdim olunur. Ancaq prosesin qarşısında ciddi parlament maneəsi də var. Hakim Vətəndaş Müqaviləsi Partiyasının 64 mandatı mövcuddur. Referendumun təyin olunması üçün isə ən azı 70 deputatın dəstəyi tələb olunur. Deməli, Paşinyana müxalifət düşərgəsindən dəstək lazımdır. Bakı üçün əsas məsələ: Sülhün siyasi və hüquqi təminatı Azərbaycanın mövqeyindən yanaşdıqda, yeni Konstitusiya layihəsinin ən mühüm tərəfi Ermənistanın gələcək dövlət siyasətində Azərbaycana qarşı ərazi iddialarına hüquqi və siyasi zəmin yarada biləcək yanaşmaların aradan qaldırılmasıdır. İkinci Qarabağ müharibəsindən və 2023-cü ilin antiterror tədbirlərindən sonra regionda tamamilə yeni reallıq formalaşıb. Bakı bu reallığın hüquqi-siyasi müstəvidə də təsbit olunmasını istəyir. Bu baxımdan da Azərbaycanın yanaşması ondan ibarətdir ki, sülh yalnız sənədin imzalanması ilə məhdudlaşmamalı, gələcəkdə yeni münaqişə risklərini yarada biləcək siyasi iddialar da aradan qaldırılmalıdır. Moskva, Tehran, Ankara və Vaşinqton: Konstitusiya layihəsinin görünməyən geosiyasi tərəfi Ermənistanın yeni Konstitusiya layihəsi yalnız Bakı və İrəvan arasında müzakirə olunan məsələ deyil. Bu proses Cənubi Qafqazda maraqları toqquşan güclərin də diqqət mərkəzindədir. Azərbaycanla davamlı sülhün əldə olunması, nəqliyyat-kommunikasiya xətlərinin açılması və regional əməkdaşlığın genişlənməsi Türkiyə və ABŞ-ın elan etdiyi regional gündəliklə uzlaşır. Ankara üçün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması Türk dünyasının inteqrasiyası, regional bağlantılar və təhlükəsizlik baxımından da əhəmiyyətlidir. Vaşinqton isə Azərbaycan-Ermənistan sülh prosesində vasitəçilik və regional kommunikasiya layihələri vasitəsilə mövqelərini möhkəmləndirməyə çalışır. Bu mənada Zəngəzur istiqamətində nəqliyyat bağlantılarının yaradılması da geosiyasi əhəmiyyət daşıyır. Moskva və Tehran məsələyə fərqli təhlükəsizlik və təsir imkanları prizmasından yanaşır. Rusiya Cənubi Qafqazda ənənəvi təsir imkanlarını qorumağa, İran isə sərhədlərin və regional geosiyasi balansın dəyişməməsinə xüsusi əhəmiyyət verir. Yunanıstan və bəzi Avropa siyasi dairələrinin mövqeləri də Ermənistanın xarici siyasət seçimlərinə təsir göstərə biləcək amillər sırasındadır. Bununla belə, bu ölkələrin hamısının yeni Konstitusiyaya və sülh prosesinə qarşı vahid mövqedə olduğunu söyləmək düzgün olmazdı. Hər birinin öz maraqları və yanaşmaları var. Bir çox Avropa ölkəsi erməni kartından Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Burada digər mühüm məqam ondan ibarətdir ki, yekun sülhün əldə olunmasından Ankara-Bakı cütlüyü nəinki Cənubi Qafqazda, o cümlədən Xəzər hövzəsi, Mərkəzi Asiya, Yaxın Şərq, Cənubi və Şərqi Avropada yeni geosiyasi reallıqlar yarada biləcəyindən, bu durum nəinki Avropa ölkələrini, həmçinin, Mokva, Tehran və bəzi Yaxın Şərq ölkələrini ciddi narahat edir. Paşinyanın Moskva səfərləri öncəsi Konstitusiya gedişi: Kremlə hansı mesaj verilir? Burada diqqət çəkən digər məqam layihənin Paşinyanın dekabr ayında Rusiyaya planlaşdırdığı üç səfərdən əvvəl ictimaiyyətə təqdim edilməsidir. Konstitusiya layihəsinin məhz bu mərhələdə açıqlanması siyasi baxımdan diqqətəlayiqdir. Bunun Moskva ilə danışıqlarda İrəvanın mövqeyini əvvəlcədən müəyyənləşdirmək və öz siyasi gündəliyini nümayiş etdirmək məqsədi daşıması mümkündür. Bunu həm də nəbz yoxlaması kimi dəyərləndərimək olar. İrəvan bundan Kremllə danışıqlarda ciddi kart kimi istifadə edə bilər. Paşinyan bir tərəfdən Ermənistanın Rusiya ilə münasibətlərini pozmaq niyyətində olmadığını bildirir, digər tərəfdən isə Avropa İttifaqı ilə əlaqələrin inkişaf etdirilməsini davam etdirir. Bu, İrəvanın müxtəlif güc mərkəzləri arasında manevr imkanlarını qorumağa çalışdığını göstərir. Beləliklə, referendum təkcə yeni Konstitusiyanın taleyini deyil, Ermənistan cəmiyyətinin gələcək siyasi istiqamətini də müəyyənləşdirən sınağa çevrilə bilər. Bakı yeni reallığı qəbul etdirib, indi növbə İrəvanın siyasi seçimindədir Bütün bu proseslərin fonunda Azərbaycanın mövqeyini və postmüharibə dövründə formalaşan yeni regional reallıqları ayrıca qiymətləndirmək lazımdır. Bakı hərbi-siyasi üstünlüyünü əldə etdikdən sonra regionda davamlı sülhün qurulması istiqamətində diplomatik xətti ön plana çıxarıb. Azərbaycan Prezidentinin irəli sürdüyü sülh gündəliyi Ermənistanla münasibətlərin normallaşdırılmasını, qarşılıqlı suverenliyin tanınmasını və kommunikasiyaların açılmasını nəzərdə tutur. Bir məqamı da xüsən qeyd etmək lazımdır ki, bu gün Nikol Paşinyanın irəli sürdüyü “Real Ermənistan” ideyası Bakı üçün ən böyük güzəştdir. Odur ki, revanşistlər “Qərbi Azərbaycan” ideyasını da unutmamalıdırlar və bu məsələ diqqətdən kənarda qalmamalıdır. Bunu Bakının uzaqgörən və sülhə mane olan qüvvələrə qarşı bir strategiyası kimi də qiymətləndirmək olar. Ermənistandakı revanşistlər və onların havadarları bir tarixi faktı da unutmasınlar ki, Azərbaycan Respublikası 1918-ci ildəki AXC-nin siyasi varisidir. 1918-1920-ci illərdə mövcud olmu. Azərbaycanın ərazizi indikidən daha geniş idi və bura indiki Ermənistan ərazisində olan Qərbi Zəngəzur, Göyçə, Basarkeçər, Dərələyəz, Vedibasar və digər əraziləri daxil idi. Odur ki, Xalq Cümhuriyyəti dövrü Azərbaycan xalıqnın tarixi irsi və milli yaddaşın mühüm hissəsidir. Son söz: Ermənistan keçmişin girovu, yoxsa gələcəyin qurucusu olacaq? Ermənistanın gələcəyi ilə bağlı əsas sual budur: İrəvan keçmiş münaqişənin siyasi mirasını qorumağa davam edəcək, yoxsa beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində sülh və inkişaf üzərində qurulan yeni dövlətçilik modelinə üstünlük verəcək? Bu sualın cavabı yalnız Ermənistanın daxili siyasi gələcəyini deyil, bütövlükdə Cənubi Qafqazın geosiyasi mənzərəsini müəyyənləşdirəcək. Mürtəza Bünyadlı Geri dön |