Ana Sayfa > Siyasət > Aydın Hüseynov:"Kəlbəcərdə həyata keçirilən layihələr Azərbaycanın güclü quruculuq potensialını nümayiş etdirir"

Aydın Hüseynov:"Kəlbəcərdə həyata keçirilən layihələr Azərbaycanın güclü quruculuq potensialını nümayiş etdirir"


Bu gün, 11:31. Yazar: azer
Aydın Hüseynov:"Kəlbəcərdə həyata keçirilən layihələr Azərbaycanın güclü quruculuq potensialını nümayiş etdirir"

Azərbaycanın bütün bölgələri özünəməxsus tarixi keçmişi, coğrafi mövqeyi və milli-mədəni dəyərləri ilə ölkəmizin dövlətçilik tarixində əhəmiyyətli yer tutur. Kəlbəcər rayonu isə malik olduğu zəngin irs və təbii sərvətləri ilə bu bölgələr arasında xüsusi seçilir. Qədim yaşayış məskənləri, arxeoloji abidələri, əzəmətli dağları, geniş meşə sahələri və müalicəvi mineral bulaqları bu diyarın təbiət və tarix baxımından nə qədər zəngin olduğunu nümayiş etdirir. Ərazidə mövcud olan qədim qayaüstü rəsmlər, süni mağaralar və türk əlifbasına aid nümunələr Kəlbəcərin uzun əsrlər ərzində müxtəlif mədəniyyətlərin formalaşdığı və inkişaf etdiyi ərazilərdən biri olduğunu təsdiqləyir. Bu tarixi nümunələr xalqımızın qədim keçmişinin, milli mənsubiyyətinin və mənəvi dəyərlərinin araşdırılması baxımından mühüm elmi və mədəni əhəmiyyətə malikdir. Bu gün Kəlbəcərdə həyata keçirilən bərpa və yenidənqurma tədbirləri yalnız ərazinin inkişafını deyil, həm də əsrlərdən süzülüb gələn tarixi-mədəni irsin mühafizəsini və gələcək nəsillərə ötürülməsini nəzərdə tutur.

Milli Məclisin deputatı Aydın Hüseynov bunları aia.az-a verdiyi açıqlamasında bildirib.

Millət vəkili fikirlərini davam etdirərək bildirib ki, Kəlbəcərin tarixində 1993-cü il aprelin 2-də yaşanan işğal faciəsi xalqımızın yaddaşında ən ağır hadisələrdən biri kimi qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində rayon sakinləri doğma torpaqlarından didərgin salındı, çoxsaylı insan həyatını itirdi, bir qismi əsir götürüldü, digərlərinin taleyi isə naməlum qaldı. İşğal zamanı yaşayış evləri, inzibati və sosial obyektlər, mədəniyyət müəssisələri, tarixi-memarlıq nümunələri dağıdıldı, bölgənin zəngin təbii ehtiyatları mənimsənildi. Bütün bunlarla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması, BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin yerinə yetirilməməsi münaqişənin ədalətli həllinə ciddi əngəl törədirdi. Lakin Azərbaycan dövləti öz ərazi bütövlüyünün bərpası istiqamətində tutduğu qətiyyətli mövqedən dönmədi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl və məqsədyönlü siyasət, Silahlı Qüvvələrimizin gücləndirilməsi, ölkəmizin hərbi potensialının artırılması tarixi ədalətin təmin olunması üçün möhkəm zəmin formalaşdırdı. 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbənin ardınca 2020-ci il noyabrın 25-də Kəlbəcərin Azərbaycana qaytarılması milli mübarizəmizin və siyasi iradəmizin mühüm təzahürü oldu.

Kəlbəcərin işğaldan azad edilməsi bölgədə yeni inkişaf mərhələsinin başlanmasını və qarşıda mühüm vəzifələrin dayanmasını şərtləndirdi. İlk növbədə, dağıntılara məruz qalmış yaşayış məntəqələrində həyatın yenidən canlandırılması, keçmiş məcburi köçkünlərin təhlükəsiz şəraitdə doğma yurdlarına qayıdışının təmin edilməsi və rayonun iqtisadi imkanlarının bərpası əsas prioritetlərə çevrildi.Dövlət başçısının müəyyənləşdirdiyi vəzifələrə uyğun olaraq reallaşdırılan layihələr bu istiqamətdə kompleks və sistemli fəaliyyətin göstəricisidir. Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş planın təsdiqlənməsi rayonun gələcək simasının müəyyənləşdirilməsi baxımından mühüm addımdır. Plan çərçivəsində müasir yaşayış komplekslərinin, təhsil və səhiyyə müəssisələrinin, uşaq bağçalarının, istirahət məkanlarının və ictimai ərazilərin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, Yanşaq, Zallar və Zar kəndlərində aparılan yenidənqurma işləri kənd infrastrukturunun bərpasına, ənənəvi təsərrüfat fəaliyyətinin canlandırılmasına və sosial həyatın yenidən qurulmasına xidmət edir. Bu prosesin diqqətəlayiq xüsusiyyəti ondan ibarətdir ki, bütün tədbirlər əhalinin qayıdışından əlavə, yaşayış məntəqələrinin uzunmüddətli inkişafı və dayanıqlı məskunlaşma prinsipləri əsasında həyata keçirilir.

Kəlbəcərin zəngin təbii resursları və əlverişli imkanları rayonun iqtisadi potensialının genişləndirilməsi üçün əlverişli şərait yaradır. Su ehtiyatları, alternativ enerji mənbələri, turizm imkanları və kənd təsərrüfatı bölgənin gələcək iqtisadi inkişaf istiqamətlərinin əsasını təşkil edir. Kiçik su elektrik stansiyalarının bərpası, eləcə də yeni enerji infrastrukturu obyektlərinin inşası mövcud imkanlardan səmərəli istifadə edilməsinə yönəlmişdir. Eyni zamanda, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun çəkilməsi və Murovdağ tunelinin inşası bölgənin nəqliyyat sisteminin yenilənməsi baxımından strateji əhəmiyyət daşıyır. Həyata keçirilən bu layihələr rayonun digər ərazilərlə əlaqəsini asanlaşdırmaqla yanaşı, iqtisadi dövriyyənin genişlənməsinə, sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə, həmçinin turizm infrastrukturunun inkişafına mühüm töhfə verir. Mürəkkəb dağlıq relyefin yaratdığı çətinliklərə baxmayaraq, ərazidə müasir yol və kommunikasiya şəbəkəsinin qurulması dövlətimizin güclü iqtisadi imkanlarının, uzaqgörən strategiyasının və ardıcıl quruculuq siyasətinin bariz nümunəsidir.

Müsahibimiz daha sonra əlavə edib ki, Kəlbəcərin təbii sərvətləri sırasında xüsusi əhəmiyyətə malik olan İstisu mineral bulaqları da rayonun iqtisadi və turizm potensialının reallaşdırılmasında mühüm rol oynayır. Müalicəvi keyfiyyətləri ilə uzun illərdir tanınan İstisu suyunun müasir texnologiyalar əsasında qablaşdırılması məqsədilə yaradılmış zavod yerli təbii ehtiyatların iqtisadi məhsula çevrilməsinin uğurlu nümunəsidir. Müəssisənin istehsal fəaliyyəti bölgənin iqtisadi canlanmasına, yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluq imkanlarının genişlənməsinə şərait yaradır. Bununla yanaşı, İstisu Müalicə-İstirahət Kompleksinin inşası sağlamlıq turizminin inkişafı istiqamətində mühüm layihələrdən biridir. Burada yaradılan müasir hotel, müalicə və istirahət infrastrukturu Kəlbəcərin turizm imkanlarının genişləndirilməsinə, rayonun ölkə daxilində və beynəlxalq səviyyədə tanıdılmasına xidmət edəcək. Beləliklə, İstisu təkcə təbii sərvət kimi deyil, həm də bölgənin gələcək iqtisadi inkişafını sürətləndirəcək mühüm resurs kimi çıxış edir.

Hazırda Kəlbəcər azadlığın yaratdığı imkanlardan bəhrələnərək sürətli dirçəliş və tərəqqi dövrünü yaşayır. Rayonda görülən işlər yalnız dağıdılmış infrastrukturun yenilənməsi və yeni obyektlərin inşası ilə məhdudlaşmır, eyni zamanda, uzun illər doğma torpaq həsrəti ilə yaşayan insanların öz yurdlarına qovuşmaq arzusunun həyata keçirilməsini ifadə edir. Noyabrın 25-nin Kəlbəcər Şəhəri Günü kimi qeyd edilməsi də bu baxımdan böyük tarixi və mənəvi məna daşıyır. Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsis edilmiş bu əlamətdar tarix xalqımızın qələbə əzminin, milli birliyinin, dövlətimizin gücünün və sarsılmaz iradəsinin rəmzidir. Bu gün Kəlbəcər Azərbaycanın ümumi inkişaf strategiyasında mühüm mövqeyə malik bölgələrdən biri kimi yenidən formalaşır. Tarixi abidələrin qorunması, təbii ehtiyatlardan məqsədyönlü istifadə və sakinlərin doğma torpaqlarında davamlı məskunlaşması rayonun gələcək inkişafını daha da sürətləndirəcək. Ən mühüm məqam isə budur ki, Kəlbəcərdə müşahidə olunan yenidənqurma və tərəqqi prosesi Azərbaycanın hərbi-siyasi Zəfərini genişmiqyaslı quruculuq fəaliyyəti ilə tamamladığını nümayiş etdirir. Dövlətimiz azad edilmiş əraziləri inkişaf etdirməklə gələcək nəsillərə daha qüdrətli, müasir və dayanıqlı Azərbaycan miras qoymaq əzmini ortaya qoyur-deyə, Aydın Hüseynov fikirlərini tamamlayıb.
Geri dön