Ana Sayfa > Dünya > İtaliyada QALMAQAL: Rus oliqarxların yaxtaları ölkəni MÜFLİS EDİR -
İtaliyada QALMAQAL: Rus oliqarxların yaxtaları ölkəni MÜFLİS EDİR -Bu gün, 20:02. Yazar: vasif |
![]() İtaliya limanlarında sanksiya altına düşmüş, Vladimir Putinə yaxın olduğu ehtimal edilən şəxslərə məxsus lüks yaxtalar dayanıb. Onların saxlanılması Avropa İttifaqına və İtaliya dövlətinə yüz milyonlarla avroya başa gəlir. Musavat.com xəbər verir ki, məlumatı Almaniyanın "Stern" nəşri yayıb. Dünyanın ən böyük yelkənli yaxtası olan 143 metrlik "A" yaxtası dörd ildən artıqdır Triest sahillərində lövbər salıb və yaxın vaxtlarda təmir işləri üçün Ankonaya aparılması nəzərdə tutulur. İtaliya dövləti onun saxlanılmasına indiyədək 40 milyon avro xərcləyib. Ümumilikdə Avropada sanksiyalar səbəbindən təxminən 15-20 belə yaxta saxlanılır və bu gəmilərin təxminən üçdə birinin xərcləri İtaliyanın üzərinə düşür. İtaliya baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini yaxtaların saxlanılmasını tənqid edərək bunu "dəlilik" adlandırıb. Onun sözlərinə görə, ruslara zərər vurmaq üçün italiyalıların vəsaiti xərclənir. Triest meri Roberto Dipiazza isə bu vəziyyəti "biabırçılıq" kimi qiymətləndirib və bildirib ki, oliqarxlar üçün yeni yaxta almaq İtaliyaya bütün xərcləri geri qaytarmaqdan daha ucuz başa gələ bilər.İmperia limanında dayanan 65 metrlik "Lady M" yaxtasının 2022-ci ildən bəri aylıq saxlanma xərci ən azı 27 min avro təşkil edir. Bu məbləğ dayanacaq, sığorta, heyət və İtaliyada yüksək olan elektrik enerjisi xərclərini əhatə edir. Gəmi agenti Rikkardo Çianinin sözlərinə görə, rütubətin qarşısını almaq üçün kondisionerlər fasiləsiz işləməlidir. "Lady M"nin sahibinin rusiyalı iş adamı Aleksey Mordaşov olduğu bildirilir.Triestdəki "A" yaxtasının təxmini dəyəri 530 milyon avro civarında göstərilir və onun saxlanılmasına hər gün təxminən 27 min avro sərf olunur. Bu yaxtanın sahibi kimi Andrey Melniçenkonun adı çəkilir.Karrara limanında saxlanılan və dəyəri 700 milyon dollar göstərilən "Şəhrizad" ("Scheherazade") yaxtasının illik saxlanma xərci isə təxminən 14 milyon dollar civarındadır. Bu gəminin mərhum müxalifətçi Aleksey Navalnının araşdırmalarında Vladimir Putinlə əlaqələndirildiyi iddia olunur. Sanksiya hüququ üzrə ekspert Viktor Vinkler izah edir ki, sanksiyalar yaxtaları "dondurur", lakin mülkiyyət hüququnu ləğv etmir. Sanksiyalı şəxslərlə maliyyə əməliyyatları qadağan olunduğundan banklar ödəniş etmir və xərclər ilkin olaraq dayanacaq operatorlarının üzərində qalır. Vinkler Almaniyadakı təcrübə kimi saxlanma xərcləri həddindən artıq artdıqda yaxtaların satışa çıxarılması mexanizminin tətbiq oluna biləcəyini desə də, hazırda belə istisnalar üçün siyasi iradənin görünmədiyini vurğulayır. Geri dön |