Ana Sayfa > Dünya > Bir daha “bir millət, iki düşmən” haqda...

Bir daha “bir millət, iki düşmən” haqda...


Bu gün, 17:11. Yazar: vasif
Bir daha “bir millət, iki düşmən” haqda...


Həm Rusiya, həm də Ukrayna cəmiyyəti bu qardaş qırğınının, slavyanların bir-birinin qanına susamasının dərin psixoloji yaralarının çətin sağalacağının fərqindədir, amma...

Ukrayna ordusu bir neçə gündür ki, Krımı Rusiya ilə birləşdirən quru yol və dəmir yollarına ardıcıl dron hücumları edir. Bu səbəbdən də yarımadaya həm sərnişin avtobuslarının, həm də qatarların hərəkəti dayandırılıb. Putin Krım körpüsünün mülki əhali üçün olduğunu deyib. Bunun nə dərəcədə həqiqət olduğunu demək çətindir. Çünki xüsusilə Xersonun bir hissəsinin işğalı Rusiyaya Krıma daha rahat quru yol əldə etmək imkanı verib. Putin Krım körpüsünə hücumlardan sonra yalnız cavab zərbələri vəd etmədi, həm də əvvəl müzakirə olunan bəzi sahələrdə atəşkəs razılaşması imkanından imtina etdiyini bildirdi. Dedi ki, Ukraynaya təkcə körpüyə görə cavab verilməyəcək, həm də Krımla quru yolunu genişləndirmək üçün Xerson istiqamətində Ukraynaya hücumlar daha şiddətli olacaq. Yəni bu müharibə indi həm də “bir zərbə sən, bir zərbə mən”, “vur, vurum” prinsipi ilə davam edir. Tərəflər bir-birlərini hədələyir, hər iki tərəfdən isə günahsız insanlar ölməkdədir...

Ukraynanın bir neçə rəhbəri dəyişən ordu rəhbərliyi 2022-ci ilin fevralından bəri Krımın işğaldan azad ediləcəyi müddət haqqında müxtəlif vədlər veriblər – gah yaz, gah payız deyiblər. Yadımdadır ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası “Krımın işğaldan azad edilməsi üçün 12 addım” adlı plan da hazırlamışdı. Bu plan 2014-cü ilin fevralından sonra Krıma gələn Rusiya vətəndaşlarının oradan çıxarılmasını, daşınmaz əmlak alqı-satqısı əməliyyatlarının etibarsız sayılmasını, Krım körpüsünün sökülməsini və s. nəzərdə tuturdu. Putin isə, heç şübhəsiz, Krımı hakimiyyətdə olduğu müddətdə özünün ən mühüm nailiyyəti hesab edir və buna görə də yarımadanı sona qədər müdafiə etməyə hazır olacaq...

2026-cı il noyabrın 17-nə olan son hesablamalara görə, Rusiya Ukrayna ərazisinin təxminən 19 faizini – 117 min kvadratkilometrdən çoxunu işğal altında saxlayır. Bu, Ukraynanın təqribən hər beş kvadratkilometrindən birinin Rusiya nəzarətində olması deməkdir. Bu rəqəmə həm 2014-cü ildə işğal edilmiş Krım və Donbasın bir hissəsi, həm də 2022-ci ilin fevralından sonra ələ keçirilən ərazilər daxildir. Ukraynanın işğal altında olan torpaqları artıq bütöv bir Avropa dövlətinin ərazisindən böyükdür. Məsələn, Ukraynada işğal altında olan ərazi Bolqarıstanın ümumi ərazisindən (110 997 km²) təxminən 6 min km² böyükdür. Hə, nə olsun, İkinci Dünya müharibəsində də Hitler Almaniyası az qala bütün Avropanı bayrağının altına almışdı, axırı Berlində məğlubiyyət oldu. Belə düşünmək Ukraynanı bu savaşa sürükləyən dünya güclərinə, indi də israrla savaşın hər hansı şərtlər altında dayandırılmasına qarşı çıxan Avropanın xarabalıq bayquşlarına vicdanlarını rahatlatmaq üçün gərək ola bilər. Daha bir acı statistika da var. Ukraynada müharibə yalnız ərazi itkisi ilə nəticələnməyib. 2026-cı ilin noyabrına olan BMT məlumatlarına əsasən, Ukrayna müharibəsi nəticəsində təxminən 9,6 milyon insan evindən didərgin düşüb. Onların 5,9 milyonu ölkəni tərk edərək xaricə sığınıb, 3,7 milyonu isə Ukraynanın öz daxilində məcburi köçkün vəziyyətindədir.

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında ABŞ-ın vasitəçiliyi ilə keçirilən son danışıqlar da nəticəsiz bitmiş sayılır. Rusiya öz konstitusiyasında ərazisi kimi “qanuniləşdirdiyi” Donetsk, Luqansk, Zaporojye və Xersonu istəyib. Amerikanın da, Avropanın da mövqeləri fərqlidir, amma əsas olan Ukraynadır ki, bu şərtlərlə razı deyil. “Diplomatiyanın Dədə Qorqudu” Henri Kissincer vəfatından bir neçə ay əvvəl demişdi ki, Moskvanı Ukrayna böhranı ilə bağlı danışıqlara razı salmaq həmişə mümkün ola bilər, amma Vaşinqton və Brüssel razılığa gəlməsələr, Avropaya “otuz illik müharibə ilə müqayisə olunan cəhənnəm” gələcək.

Həm Rusiya, həm də Ukrayna cəmiyyəti baş verənlərin mahiyyətinin fərqindədir. Bu qardaş qırğınının, slavyanların bir-birinin qanına susamasının dərin psixoloji yaraları çətin sağalar, hər gün də, necə deyərlər, üstünə “duz basılır”. Ona görə ümid qalır ki, bu iki xalq düşmənçiliyi dayandırmaq üçün qandan doymayan hakimiyyətlərini dayandırsınlar. Əlbəttə, gerçəklikdə bu, mümkünsüz kimi görünür, xüsusilə Rusiyada. Zelenski də elə zəli kimi hakimiyyətdən yapışıb.

Bizim üçün – xüsusilə yurd-yuvasına hələ də qayıda bilməyən keçmiş məcburi köçkünlər üçün – torpaq məsələsi zehnimizdə əbədi travmadır, nəinki 5 ilə, bəlkə heç 50 ilə də sağalmaz. Məncə, Ukraynanın Donbası və işğal olunmuş əraziləri geri almaq şansı mütləq olacaq. Bu işğalı heç bir sənədlə legitimləşdirmək mümkün deyil. Sadəcə, doğru zamanı gözləmək lazım gələ bilər. Putindən sonrakı Rusiyaya indikindən çox çətin olacaq. O nəsil ki, bu müharibəyə qarşıdır, onlar Ukraynanın qoparılmış ərazilərini qanuni sahibindən qorumaq üçün mübarizə aparmayacaqlar. Yadınızdadır, ermənilər Leninakandan gəlib Füzulidə posta durmaq məcburiyyətində idilər, amma müharibə başlayana kimi qaçdılar. 10 min erməni fərarisinin sirri həm də budur. Özgə torpaqda ölmək istəmirdilər...Nazim SABİROĞLU
Geri dön