Ana Sayfa > Gündəm > Əli Babayevdən Mübariz Əhmədoğluna ultimatum: “Üzr istə, yoxsa məhkəmədə görüşəcəyik!”
Əli Babayevdən Mübariz Əhmədoğluna ultimatum: “Üzr istə, yoxsa məhkəmədə görüşəcəyik!”Bu gün, 10:36. Yazar: azer |
![]() Politoloq Mübariz Əhmədoğlunun Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı səsləndirdiyi fikirlər ciddi etiraz doğurub. Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev politoloqun açıqlamalarını əsassız və bütöv bir toplumun nüfuzuna xələl gətirən yanaşma kimi qiymətləndirərək ondan ictimaiyyət qarşısında üzr istəməyi tələb edib. Əli Babayev sosial şəbəkələrdə Mübariz Əhmədoğlunun müsahibəsini izlədikdən sonra bu məsələyə münasibət bildirdiyini deyib. Onun fikrincə, uzun illərdir politoloq kimi çıxış edən bir şəxsin Gürcüstanda yaşayan azərbaycanlılar haqqında ümumiləşdirilmiş ittihamlar səsləndirməsi nə siyasi məsuliyyətə, nə də ictimai etikaya uyğundur. Babayev bildirib ki, Mübariz Əhmədoğlunun Gürcüstan azərbaycanlıları barədə səsləndirdiyi fikirlər konkret faktlara əsaslanmalıdır. Əgər ayrı-ayrı şəxslərin fəaliyyəti ilə bağlı hər hansı məlumat və ya şübhə varsa, həmin şəxslərin kimliyi və konkret fəaliyyəti açıqlanmalı, iddialar sübutlarla təsdiqlənməlidir. “Əlində faktlar varsa, ortaya qoysun. Kimdən söhbət getdiyini, həmin şəxslərin hansı fəaliyyətlə məşğul olduğunu açıqlasın. Amma ayrı-ayrı şəxslərlə bağlı ehtimalları bütöv bir xalqın adına yazmaq qəbuledilməzdir. Gürcüstanda yaşayan 300 mindən artıq azərbaycanlını əsassız ittihamların hədəfinə çevirmək nə dərəcədə doğrudur?” – deyə Əli Babayev etirazını bildirib. GAMK sədrinin sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlıların müxtəlif ölkələrlə iqtisadi, ictimai və işgüzar əlaqələrinin mövcudluğu onların milli kimliyini və Azərbaycana bağlılığını şübhə altına almağa əsas vermir. “Biz milli kimliyimizi, dilimizi və mədəniyyətimizi qorumuşuq” Əli Babayev Gürcüstan azərbaycanlılarının tarix boyu milli-mənəvi dəyərlərinə sadiq qaldığını, ana dilini, dini inanclarını, adət-ənənələrini və mədəni irsini qoruyub yaşatdığını xüsusi vurğulayıb. O qeyd edib ki, Gürcüstan azərbaycanlıları yaşadıqları ölkənin ictimai-siyasi və sosial həyatında fəal iştirak etməklə yanaşı, Azərbaycanla mənəvi bağlarını da daim qoruyublar. Azərbaycan dövlətinin həyata keçirdiyi xeyirxah təşəbbüslərə dəstək göstərilməsi bu bağlılığın mühüm göstəricilərindəndir. “Biz Gürcüstanda azərbaycanlılığımızı qorumuşuq. Dilimizi, dinimizi, mədəniyyətimizi, adət-ənənələrimizi yaşatmışıq. Bizi tanımadan, fəaliyyətimizdən xəbərdar olmadan haqqımızda fikir yürütmək, bütöv bir toplumun ünvanına ittihamlar səsləndirmək ədalətsizlikdir”, – deyə Babayev bildirib. “Bütöv bir xalqın şərəf və nüfuzuna toxunmaq olmaz” GAMK sədri hesab edir ki, ictimai mövqeyindən və nüfuzundan asılı olmayaraq, hər kəs səsləndirdiyi fikirlərə görə məsuliyyət daşımalıdır. Xüsusilə də milyonlarla insanın milli mənsubiyyətinə, ləyaqətinə və ictimai nüfuzuna toxunan açıqlamalar ciddi əsaslara söykənməlidir. Əli Babayev politoloqun diqqətini Gürcüstanda azərbaycanlıların üzləşdiyi real problemlərə, o cümlədən tarixi-mədəni və dini irsin qorunması məsələlərinə yönəltməsinin daha məqsədəuyğun olacağını bildirib. Onun fikrincə, bütöv bir toplum haqqında əsassız mülahizələr səsləndirməkdənsə, bu cür problemlərin həllinə töhfə vermək daha faydalıdır. Üzrxahlıq tələbi və məhkəmə xəbərdarlığı Əli Babayev Mübariz Əhmədoğluna açıq müraciət edərək ondan Gürcüstanda yaşayan azərbaycanlılar barədə səsləndirdiyi fikirlərə aydınlıq gətirməsini və ictimaiyyət qarşısında üzr istəməsini tələb edib. “Əgər bu fikirləri hansı televiziya və ya media vasitəsilə səsləndirmisənsə, üzrxahlığını da həmin platformada etməlisən. İnsan öz sözünün məsuliyyətini daşımağı bacarmalıdır”, – deyə Babayev vurğulayıb. O, məsələnin açıq və obyektiv müzakirəsinə hazır olduğunu, Mübariz Əhmədoğlu ilə istənilən platformada üz-üzə gəlməkdən çəkinmədiyini də bildirib. Əli Babayev Gürcüstan azərbaycanlılarının tarixi, milli mövqeyi və ictimai fəaliyyəti ilə bağlı faktları təqdim etməyə hazır olduğunu bəyan edib. GAMK sədrinin mövqeyi birmənalıdır: Mübariz Əhmədoğlu səsləndirdiyi iddiaları konkret faktlarla əsaslandırmalı, ayrı-ayrı şəxslərlə bağlı mümkün iradlarını bütöv bir topluma şamil etməməli və Gürcüstan azərbaycanlılarından ictimai şəkildə üzr istəməlidir. Əli Babayev tələb olunan üzrxahlıq baş verməyəcəyi təqdirdə, hüquqlarının və təmsil etdiyi toplumun nüfuzunun müdafiəsi məqsədilə Mübariz Əhmədoğluna qarşı məhkəmə qaydasında iddia qaldıracağını da bildirib. Arzuman Loğmanoğlu, Sozcu.info Geri dön |