Ana Sayfa > Ölkə > "Azərbaycanda doğulmuşlar" yenə Azərbaycana qarşı

"Azərbaycanda doğulmuşlar" yenə Azərbaycana qarşı


Bu gün, 17:00. Yazar: vasif
"Azərbaycanda doğulmuşlar" yenə Azərbaycana qarşı


Ermənistanda növbəti dəfə Azərbaycanla bağlı müzakirə başlayıb. Bu dəfə mübahisənin mərkəzində Qarabağdan köçmüş və Ermənistan vətəndaşlığı almış ermənilərin yeni biometrik pasportlarında doğum yeri qrafasına “Azərbaycan” yazılması dayanır. Maraqlıdır ki, Ermənistan hakimiyyəti bu qeydi beynəlxalq standartların tələbi kimi təqdim edir, erməni müxalifəti və Qarabağdan köçmüş şəxsləri təmsil edən təşkilatlar isə buna etiraz edirlər. Beləliklə, Azərbaycan adı yenidən Ermənistanın daxili siyasi mübarizəsinin predmetinə çevrilib.

Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti noyabrın 19-da yaydığı açıqlamada bildirib ki, yeni biometrik sənədlərdə məlumatların qeydiyyatı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 9303 saylı standartına və ISO 3166 qaydalarına uyğun aparılır. Qurumun iddiasına görə, əvvəlki nümunəli Ermənistan pasportlarında doğum yerinin fərqli formada göstərilməsi bir sıra ölkələrin sərhəd nəzarəti orqanlarında problemlər yaradıb. Yeni sistemin tətbiqi ilə vahid yanaşma müəyyənləşdirilib.

Lakin bu izahatın özü də mübahisə doğurub. ICAO-nun 9303 saylı sənədinin 3.7-ci bəndində doğum yerinin pasportda göstərilməsinin məcburi olmadığı, göstərildiyi halda isə şəhər, qəsəbə, şəhərətrafı ərazi və ya dövlət adının qeyd edilə biləcəyi bildirilir. Deməli, beynəlxalq standartın özü Ermənistan hakimiyyətinin bütün hallarda məhz dövlət adını yazmalı olduğu barədə iddiasını təsdiqləmir.

Ardınca “Arsax İttifaqı” təşkilatı məsələ ilə bağlı bəyanat yayaraq hökumətin qərarını tənqid edib. Təşkilatın fikrincə, problem beynəlxalq standartlardan deyil, Ermənistan parlamentinin qəbul etdiyi yeni qanundan qaynaqlanır. Bəyanatda bildirilir ki, 11 may 2026-cı ildə qəbul edilmiş “Şəxsiyyəti təsdiq edən sənəd haqqında” qanunun 3-cü maddəsi doğum yerinin dövlət adı ilə göstərilməsini nəzərdə tutur. Qanun oktyabrın 30-da qüvvəyə minib. Təşkilat əvvəlki qanunvericiliyin doğum yerinin konkret yaşayış məntəqəsi kimi göstərilməsinə imkan verdiyini xatırladır. Onların fikrincə, yeni qanunla bu imkanın aradan qaldırılması siyasi qərardır və hökumət istəsə, qanuna dəyişiklik etməklə problemi həll edə bilər.

Məsələnin başqa bir maraqlı tərəfi də var. Qarabağda 1991-ci ildən əvvəl doğulmuş şəxslərin böyük əksəriyyəti Sovet İttifaqı dövründə dünyaya gəlib. Həmin vaxt müstəqil Azərbaycan Respublikası mövcud deyildi. Bununla belə, bu ərazilər Azərbaycan SSR-in tərkibində idi. Ona görə də doğum yerinin tarixi və inzibati statusu ilə müasir dövlətin adı arasında fərq qoyulması hüquqi baxımdan əhəmiyyətlidir.

Əlbəttə ki, bu məsələni Azərbaycanın əleyhinə yeni siyasi kampaniyaya çevirmək cəhdləri ortadadır və qəbuledilməzdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyi siyasi mübahisələrin predmetinə çevrilməməlidir. Qarabağ Azərbaycanın ərazisidir və orada doğulmuş insanların doğum yerinin Azərbaycanla əlaqələndirilməsi coğrafi reallıqdır.

Bununla belə, konkret şəxslərin doğum yeri ilə bağlı sənədləşmə məsələsi siyasi təzyiq və qarşılıqlı ittiham vasitəsinə çevrilməməlidir. Ancaq mübahisənin hansı tərəfinin haqlı olmasından asılı olmayaraq, Azərbaycan öz suverenliyini və beynəlxalq hüquqla tanınmış sərhədlərini heç kimin siyasi ritorikasına uyğun müzakirə etməyəcək. İllərlə Azərbaycanın çörəyinin yemiş, sonra isə naxələf çıxmış Azərbaycanda doğulmuş ermənilərin növbəti dəfə ölkəmizə qarşı çıxmasında isə təəəcüblünəcək heç nə yoxdur.
Geri dön