Ana Sayfa > Dünya > İraqda 12 illik İran nəzarətinə son: Ordu strateji bölgəyə daxil oldu
İraqda 12 illik İran nəzarətinə son: Ordu strateji bölgəyə daxil olduBu gün, 13:31. Yazar: vasif |
![]() İraq təhlükəsizlik qüvvələri 12 ildən sonra ilk dəfə İranın dəstəklədiyi “Kataib Hizbullah” silahlı qruplaşmasının nəzarətində olan Curf əl-Səhər bölgəsinə daxil olub. ai.az xəbər verir ki, bu barədə İraqın rəsmi İNA agentliyi məlumat yayıb. Məlumata görə, İraq təhlükəsizlik qüvvələri Babil əyalətinin şimalında yerləşən strateji ərazidə yenidən yerləşdirmə əməliyyatına başlayıb. Bölgədə yeni komandanlıq qərargahı yaradılıb. Eyni zamanda, Enerji Polisi neft boru kəmərlərinin təhlükəsizliyini təmin etmək məqsədilə fəaliyyətə başlayıb. Bağdadın bu addımı ölkədə dövlət hakimiyyətinin möhkəmləndirilməsi və qanunsuz silahlı birləşmələrin nəzarətə götürülməsi istiqamətində mühüm gediş kimi qiymətləndirilir. İraqın Baş naziri Əli əl-Zeydi bölgədə xidmət aparan təhlükəsizlik qüvvələrinə müraciət edərək, baş verənlərin ölkənin gələcəyi baxımından tarixi əhəmiyyət daşıdığını bildirib. “Aranızda düşmən yoxdur. Onların hamısı bu vətənin övladlarıdır və qanları bizim qanımızdır”, – deyə baş nazir vurğulayıb. Əli əl-Zeydinin sözlərinə görə, Curf əl-Səhərdə başlanılan proses bütün İraq ərazisində dövlət hakimiyyətinin bərpası istiqamətində mühüm mərhələ olacaq. Baş nazir, həmçinin ölkədə dövlətin səlahiyyətlərindən kənar fəaliyyət göstərən silahlı qüvvələrə bundan sonra yer olmayacağını bəyan edib. “Qərarımız qətidir. Dövlətin səlahiyyətindən kənar heç bir silahlı qüvvə olmayacaq. İraq bayrağından üstün heç bir bayraq olmayacaq”, – deyə o, sərt mesaj verib. Qeyd edək ki, Curf əl-Səhər uzun illərdir İranın dəstəklədiyi şiə silahlı qruplaşması “Kataib Hizbullah”ın təsir dairəsində olub. Bölgə neft qaçaqmalçılığı ilə bağlı iddialarla da gündəmə gəlib. Baş nazir Əli əl-Zeydi bu iddialarla əlaqədar aparılan araşdırma çərçivəsində beş yüksək vəzifəli təhlükəsizlik rəsmisini vəzifəsindən azad edib. “Kataib Hizbullah” isə neft qaçaqmalçılığı ittihamlarını rədd edərək hökuməti siyasi təzyiq göstərməkdə və qarayaxma kampaniyası aparmaqda ittiham edib. Geri dön |