Ana Sayfa > Siyasət > Aydın Hüseynov:"Azərbaycan Vyetnam münasibətləri qarşılıqlı hörmət və tarixi dostluq prinsipləri əsasında inkişaf edir"

Aydın Hüseynov:"Azərbaycan Vyetnam münasibətləri qarşılıqlı hörmət və tarixi dostluq prinsipləri əsasında inkişaf edir"


Bu gün, 11:55. Yazar: azer
Aydın Hüseynov:"Azərbaycan Vyetnam münasibətləri qarşılıqlı hörmət və tarixi dostluq prinsipləri əsasında inkişaf edir"

Asiya dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil edir. Bu kontekstdə Vyetnamla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Əlli ildən artıq müddətdə formalaşmış və müxtəlif tarixi mərhələlərin sınağından keçmiş dostluq əlaqələri üzərində qurulan Azərbaycan–Vyetnam əməkdaşlığı hazırda siyasi münasibətlərlə yanaşı, iqtisadiyyat, energetika, təhsil, turizm və humanitar sahələrdə də genişlənməkdədir.

Milli Məclisin deputatı Aydın Hüseynov bunları aia.az-a verdiyi açıqlamasında bildirib.

Millət vəkili fikirlərini davam etdirərək bildirib ki,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə iki ölkə arasındakı münasibətlərin hazırkı mənzərəsini, əldə olunan nəticələri və qarşıdakı dövr üçün əməkdaşlıq perspektivlərini əks etdirən mühüm siyasi hadisə kimi diqqətəlayiqdir. Dövlət başçısı müsahibə zamanı Azərbaycan və Vyetnam xalqlarını bir araya gətirən tarixi dostluq ənənələrinə, yüksək səviyyəli qarşılıqlı səfərlərə, eləcə də tərəfdaşlığın inkişafı üçün mövcud olan yeni imkanlara toxunub.
Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətlərinin əsası ötən əsrin ortalarında qoyulub. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana səfər etməsi, 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin Vyetnamda rəsmi səfərdə olması ikitərəfli əlaqələrin tarixində mühüm hadisələr kimi yadda qalıb. Bu səfərlər xalqlar arasında qarşılıqlı hörmət və etimadın möhkəmlənməsinə əhəmiyyətli töhfə verib. Sonrakı dövrlərdə təşkil olunan qarşılıqlı dövlət səfərləri, yüksəksəviyyəli görüşlər və siyasi məsləhətləşmələr isə əməkdaşlığın daha da inkişaf etməsinə şərait yaradıb.

Cənab Prezident İlham Əliyev müsahibəsində iki ölkə arasında iqtisadi münasibətlərin dərinləşdirilməsinin vacibliyini də ön plana çəkib. Dövlət başçısının təqdim etdiyi statistik məlumatlara əsasən, 2024-cü ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dollarına çatıb. Bununla yanaşı, Prezident mövcud göstəricilərin münasibətlərin real iqtisadi potensialını tam əks etdirmədiyini və qarşılıqlı ticarətin artırılması üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. Bu baxımdan iqtisadi əlaqələrin şaxələndirilməsi, yeni investisiya layihələrinin təşviqi və biznes dairələri arasında təmasların gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Energetika sektoru Azərbaycan və Vyetnam arasında əməkdaşlığın ən perspektivli sahələrindən biri hesab olunur. 2019-cu ildə SOCAR ilə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” şirkəti arasında imzalanan müqavilə tərəflərin bu istiqamətdə praktiki əməkdaşlığının mühüm göstəricisidir. Eyni zamanda, Azərbaycan mütəxəssislərinin Vyetnamın neft sənayesinin təşəkkülü və inkişafında iştirak etməsi iki ölkə arasındakı münasibətlərin möhkəm tarixi əsaslara malik olduğunu təsdiqləyir. Bu təcrübə göstərir ki, Azərbaycanla Vyetnam arasında enerji sahəsində əməkdaşlıq yeni yaranmış iqtisadi maraqlardan deyil, uzun illər ərzində formalaşmış peşəkar əlaqələrdən qaynaqlanır.

İkitərəfli münasibətlərin enerji istiqamətindəki tarixi inkişafında 1981-ci ildə Sovet İttifaqının dəstəyi ilə yaradılmış “Vietsovpetro” müştərək müəssisəsinin fəaliyyəti də xüsusi yer tutur. Həmin müəssisənin ilk baş direktoru azərbaycanlı mütəxəssis Cəlal Məmmədov olub. Bu fakt Vyetnamın neft-qaz sənayesinin inkişafında Azərbaycan kadrlarının və texniki təcrübəsinin mühüm rol oynadığını bir daha nümayiş etdirir. Belə tarixi nümunələr iki xalq arasında dostluğun yalnız diplomatik münasibətlərlə məhdudlaşmadığını, eyni zamanda konkret əməkdaşlıq layihələri və ortaq fəaliyyət nəticəsində möhkəmləndiyini göstərir.

Prezidentin müsahibəsində diqqət yetirilən mühüm məsələlərdən biri də humanitar sahədə əlaqələrin genişləndirilməsidir. Azərbaycan və Vyetnam arasında təhsil və mədəniyyət sahələrində əməkdaşlığın tarixi kifayət qədər zəngindir. Sovet dövründə təxminən 5 min vyetnamlının Azərbaycanda ali və peşə təhsili alması iki xalq arasında formalaşmış mənəvi yaxınlığın mühüm göstəricisidir. Həmin şəxslərin bir qisminin sonrakı illərdə Vyetnamda müxtəlif məsul dövlət vəzifələrində çalışması Azərbaycanın təhsil sahəsindəki təcrübəsinin digər ölkələrin inkişafına verdiyi töhfəni nümayiş etdirir. Bu məzunlar eyni zamanda iki ölkə arasında əlaqələrin qorunmasında və inkişafında mühüm körpü rolunu oynayırlar.

Azərbaycan mədəniyyətinin Vyetnamda tanıdılması və iki xalqın mənəvi yaxınlığının möhkəmləndirilməsi istiqamətində görkəmli bəstəkar Qara Qarayevin və tanınmış rejissor Əjdər İbrahimovun xidmətləri də xüsusi əhəmiyyətə malikdir. Qara Qarayevin yaratdığı “Vyetnam süitası” Azərbaycan musiqi sənətinin bu ölkə ilə bağlılığını əks etdirən dəyərli əsərlərdən biridir. Əjdər İbrahimovun isə Vyetnamda kino sənətinin inkişafına verdiyi töhfələr mədəni əməkdaşlığın tarixində mühüm iz buraxıb. Bu cür yaradıcı fəaliyyət nümunələri xalqlar arasında qarşılıqlı mədəni tanışlığın və mənəvi bağların güclənməsinə xidmət edib.

Aydın Hüseynov daha sonra qeyd edib ki, cənab Prezident İlham Əliyev gələcək əməkdaşlıq imkanlarını dəyərləndirərkən turizm, birbaşa aviareyslərin təşkili, təhsil, elmi araşdırmalar, səhiyyə və ekologiya sahələrində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qeyd olunan istiqamətlər hər iki ölkənin mövcud potensialından daha səmərəli istifadə etməyə imkan verməklə yanaşı, dövlətlərarası münasibətlərin ictimai və humanitar müstəvidə də genişlənməsinə şərait yarada bilər. Xüsusilə birbaşa hava əlaqələrinin qurulması qarşılıqlı səfərlərin artmasına, turizm imkanlarının genişlənməsinə və xalqlar arasında ünsiyyətin intensivləşməsinə müsbət təsir göstərə bilər.

Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində nümayiş etdirdiyi fəal mövqe də Vyetnamla siyasi münasibətlərin inkişafı üçün mühüm əməkdaşlıq platformasıdır. Hər iki dövlətin beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət göstərməsi, ortaq maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparması və qlobal çağırışlarla bağlı dialoqu genişləndirməsi xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq beynəlxalq münasibətlər sistemində qarşılıqlı etimadın möhkəmlənməsinə, həmçinin çoxtərəfli diplomatik əlaqələrin inkişafına əlavə imkanlar yaradır.

Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlərdən aydın olur ki, Bakı ilə Hanoy arasında münasibətlərin gələcək inkişafı mövcud dostluq ənənələrinin davam etdirilməsi ilə yanaşı, yeni iqtisadi və siyasi imkanların reallaşdırılmasını da nəzərdə tutur. Ticarət dövriyyəsinin artırılması, enerji sektorunda birgə layihələrin genişləndirilməsi, turizm və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də müasir texnologiyalar və elmi tədqiqatlar istiqamətində tərəfdaşlığın inkişafı üçün kifayət qədər əlverişli zəmin mövcuddur. Əsas məsələ bu potensialın konkret layihələrə və qarşılıqlı fayda gətirən təşəbbüslərə çevrilməsidir.

Bütövlükdə, Azərbaycanın Vyetnamla münasibətlərinin inkişaf etdirilməsi ölkəmizin xarici siyasət əlaqələrinin coğrafi baxımdan genişləndirilməsi və beynəlxalq tərəfdaşlıq şəbəkəsinin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq Azərbaycanın yalnız ənənəvi tərəfdaşları ilə deyil, Asiyanın sürətlə inkişaf edən dövlətləri ilə də qarşılıqlı faydalı münasibətlər qurmağa xüsusi önəm verdiyini təsdiqləyir. Azərbaycan–Vyetnam əlaqələrinin bugünkü səviyyəsi göstərir ki, möhkəm tarixi dostluq, qarşılıqlı hörmət və ortaq maraqlar üzərində qurulan tərəfdaşlıq gələcəkdə daha geniş miqyas alaraq hər iki ölkənin inkişafına mühüm töhfələr verə bilər-deyə, Aydın Hüseynov fikirlərini yekunlaşdırıb
Geri dön