Ana Sayfa > Manşet / Siyasət > Eltun Süleymanov:"Azad Kəlbəcər Böyük Qayıdışın, quruculuğun və dayanıqlı inkişafın yeni ünvanıdır"
Eltun Süleymanov:"Azad Kəlbəcər Böyük Qayıdışın, quruculuğun və dayanıqlı inkişafın yeni ünvanıdır"Bu gün, 11:44. Yazar: azer |
![]() Kəlbəcərin azad edilməsi Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri oldu. Lakin tarixi Zəfərin əsl mənası yalnız torpaqlarımızın işğaldan qurtarılması ilə məhdudlaşmır. Qələbənin davamı həmin ərazilərdə həyatın bərpası, insanların doğma yurdlarına qayıtması, iqtisadi imkanların reallaşdırılması və gələcək nəsillər üçün müasir yaşayış mühitinin yaradılmasıdır. Bu baxımdan Kəlbəcər Azərbaycanın Böyük Qayıdış strategiyasının, genişmiqyaslı quruculuq siyasətinin və dayanıqlı inkişaf məqsədlərinin mühüm ünvanlarından biridir. Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib. Müsahibimiz bildirib ki, 25 Noyabr-Kəlbəcər şəhəri günü münasibətilə bölgədə görülən işlərə nəzər salmaq, həyata keçirilən layihələrin əhəmiyyətini qiymətləndirmək və qarşıda duran vəzifələri müəyyənləşdirmək xüsusi aktuallıq daşıyır. Çünki Kəlbəcərin dirçəlişi bir rayonun bərpasından daha böyük məna ifadə edir: bu proses dövlətin quruculuq potensialını, milli iradəni və azad edilmiş torpaqlarda yeni həyat yaratmaq əzmini nümayiş etdirir. Kəlbəcərin yenidən qurulmasının əsas istiqamətlərindən biri şəhərin müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirilməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il mayın 1-də qəbul etdiyi qərarla Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiqlənib. Sənəd şəhərin yaşayış sahələrinin genişləndirilməsini, sosial infrastrukturun qurulmasını, nəqliyyat sisteminin təkmilləşdirilməsini və yaşıllıq ərazilərinin artırılmasını nəzərdə tutur. Baş plana əsasən, şəhərin ərazisinin təxminən 130 hektardan 290 hektara yaxın genişləndirilməsi, əhalisinin isə perspektivdə 17 min nəfərə çatdırılması planlaşdırılır. Ümumi yaşayış fondunun 488 min kvadratmetrə çatdırılması, 4250 mənzilin yaradılması nəzərdə tutulur. Şəhərin mərkəzində çoxmənzilli yaşayış və inzibati binalar, ətraf ərazilərdə isə fərdi yaşayış evləri inşa ediləcək. Baş planda ekoloji tarazlığa da xüsusi diqqət ayrılır. Şəhər ərazisinin təxminən 22 faizinin yaşıllıqlardan ibarət olması, 60 hektara yaxın sahədə parkların və yaşıllıq zolaqlarının yaradılması planlaşdırılır. İşğaldan azad edilmiş ərazilərin bərpasında ən mühüm meyar insan amilidir. Çünki yolların çəkilməsi, binaların tikilməsi və istehsal müəssisələrinin yaradılması son nəticədə insanların öz doğma yurdlarında təhlükəsiz, rahat və layiqli həyat sürməsinə xidmət etməlidir. Cənab Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri zamanı köçmüş ailələrə mənzillərin açarlarını təqdim etməsi Böyük Qayıdışın insan talelərində yaratdığı dəyişikliklərin rəmzi hadisələrindən biri oldu. Doğma yurda qayıdan ailələr üçün yeni mənzillər yalnız yaşayış sahəsi deyil, illərlə gözlənilən qayıdışın, yenidən qurulan həyatın və gələcəyə inamın ifadəsidir. Kəlbəcərin inkişaf strategiyası şəhərlə məhdudlaşmır. Rayonun kəndlərinin yenidən qurulması və keçmiş sakinlərin doğma yaşayış məntəqələrinə qayıtması bölgənin sosial-iqtisadi dirçəlişinin mühüm hissəsidir. Təqdim olunan layihələrə əsasən, Yanşaq kəndində 421 ailənin, Zallar kəndində 487 ailənin, Zar kəndində isə 855 ailənin məskunlaşması nəzərdə tutulur. Bu yaşayış məntəqələrində müxtəlif tipli fərdi evlərlə yanaşı, məktəblərin və uşaq bağçalarının tikintisi də planlaşdırılır. Kəlbəcərin yenidən qurulmasında nəqliyyat infrastrukturu xüsusi əhəmiyyət daşıyır. Dağlıq relyefə malik bölgədə yolların və tunellərin inşası yaşayış məntəqələrinin əlçatanlığını artırmaqla yanaşı, iqtisadi fəaliyyətin genişləndirilməsi üçün də vacibdir. Uzunluğu 82 kilometr olan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu bu baxımdan mühüm layihələrdən biridir. Yolun Toğanalı–Kəlbəcər hissəsi 56 kilometr, Kəlbəcər–İstisu hissəsi isə 26 kilometr təşkil edir. Layihədə müxtəlif texniki dərəcəli yolların və ümumi uzunluğu 25,9 kilometr olan beş tunelin inşası nəzərdə tutulur. Murovdağ silsiləsindən keçən tunel dağlıq ərazidə nəqliyyatın rahatlığının və təhlükəsizliyinin artırılması baxımından xüsusi əhəmiyyətə malikdir. Belə mühəndis qurğuları sərt iqlim şəraitində yol əlaqələrinin etibarlılığının yüksəldilməsinə və bölgəyə səfərlərin asanlaşmasına imkan yaradır. Kəlbəcər zəngin su ehtiyatları və dağ çayları ilə Azərbaycanın bərpaolunan enerji potensialı baxımından əhəmiyyətli bölgələrindən biridir. Rayonun ərazisində kiçik su elektrik stansiyalarının yenidən qurulması və yenilərinin yaradılması enerji infrastrukturunun bərpasının mühüm istiqamətidir. Meydan, Çıraq-1, Çıraq-2, Soyuqbulaq və digər kiçik su elektrik stansiyalarında həyata keçirilən işlər bölgənin enerji təminatının gücləndirilməsinə xidmət edir. Aşağı Vəng, Nadirxanlı və Çaykənd kimi stansiyaların yaradılması da Kəlbəcərin hidroenerji potensialından istifadənin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır. Kiçik su elektrik stansiyaları yerli enerji təminatına töhfə verməklə yanaşı, bölgədə iqtisadi fəaliyyətin inkişafı üçün də imkanlar yaradır. Kəlbəcərdə enerji layihələrinin inkişafı Azərbaycanın daha geniş yaşıl enerji gündəliyinin tərkib hissəsi kimi nəzərdən keçirilə bilər. Məqsəd yalnız enerji istehsalını artırmaq deyil, təbii ehtiyatlardan uzunmüddətli və məsuliyyətli istifadəni təmin etməkdir. Kəlbəcərin ən tanınmış təbii sərvətlərindən biri İstisu mineral sularıdır. Dağlıq ərazidə yerləşən bu mineral su mənbələri uzun illərdir bölgənin təbii və müalicəvi turizm potensialı ilə əlaqələndirilir. İstisu Müalicə-İstirahət Kompleksinin yaradılması bölgənin turizm imkanlarının yenidən canlandırılması istiqamətində mühüm layihələrdəndir. İstisu mineral su zavodunun yaradılması da təbii sərvətin iqtisadi dövriyyəyə cəlb olunması baxımından əhəmiyyətlidir. Bu layihələr Kəlbəcərdə yeni iş yerlərinin açılmasına, yerli əhalinin məşğulluğunun artmasına və bölgənin turizm potensialının tanıdılmasına imkan yarada bilər Kəlbəcərin yenidən qurulması zamanı diqqət yetirilməli məsələlərdən biri tarixi və mədəni irsin mühafizəsidir. Şəhərdə yaradılması nəzərdə tutulan İşğal və Zəfər muzeyləri keçmişin ağrılarını, mübarizə tarixini və azadlığın əhəmiyyətini gələcək nəsillərə çatdırmaq baxımından xüsusi rol oynaya bilər. Kəlbəcərin bərpası ilə bağlı layihələrin miqyası, şübhəsiz ki, mühüm əhəmiyyət daşıyır. Lakin bu layihələrin real nəticəsi insanların gündəlik həyatında yaratdığı dəyişikliklərlə ölçüləcək. 25 Noyabr-Kəlbəcər şəhəri günü bizə bir həqiqəti xatırladır: torpağın azad edilməsi tarixi qələbədirsə, həmin torpaqda həyatın yenidən qurulması uzunmüddətli məsuliyyətdir. Kəlbəcərdə həyata keçirilən şəhərsalma, nəqliyyat, enerji, turizm və məskunlaşma layihələri bu məsuliyyətin müxtəlif istiqamətlərini əks etdirir-deyə E. Süleymanov fikrini yekunlaşdırıb. Geri dön |