Ana Sayfa > Siyasət > Azərbaycan-Vyetnam əlaqələrində yeni inkişaf mərhələsi

Azərbaycan-Vyetnam əlaqələrində yeni inkişaf mərhələsi


Bu gün, 10:37. Yazar: azer
Azərbaycan-Vyetnam əlaqələrində yeni inkişaf mərhələsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə müsahibə verib. Dövlət başçısı müsahibəsində Azərbaycan ilə Vyetnam arasında uzun illərə söykənən dostluq münasibətlərindən, siyasi dialoqun inkişafından, iqtisadi-ticari əlaqələrdən, enerji, nəqliyyat, investisiya, elm, təhsil və humanitar sahələrdə əməkdaşlığın perspektivlərindən bəhs edib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan-Vyetnam dostluğunun təməli 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya tarixi səfəri ilə qoyulub. İki ölkə arasındakı münasibətlərin inkişafında 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə sovet nümayəndə heyətinin Vyetnama səfəri xüsusi əhəmiyyət daşıyıb. Həmin səfərin Ulu Öndərin təşəbbüsü ilə səkkiz gün davam etməsi və Vyetnamın əsas regionlarını əhatə etməsi ölkələr arasında əməkdaşlığın genişlənməsinə mühüm töhfə verib.

Dövlət başçısı qeyd edib ki, bu tarixi dostluq əlaqələri sonrakı illərdə də ardıcıl şəkildə inkişaf etdirilib. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından mühüm mərhələ olub.

Müsahibədə Azərbaycan-Vyetnam münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoymasında 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfərinin xüsusi əhəmiyyəti vurğulanıb. Səfər çərçivəsində aparılan danışıqların nəticəsi olaraq Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması əlaqələrin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsini təmin edib. Sənəd energetika, investisiya, müdafiə, kibertəhlükəsizlik və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradıb.

Prezident İlham Əliyev iki ölkənin siyasi dialoqunun dövlət başçıları səviyyəsində təmaslarla məhdudlaşmadığını, hökumətlərarası komissiyalar, müvafiq dövlət qurumları, parlamentlərarası dostluq qrupları, eləcə də Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq vasitəsilə də inkişaf etdiyini bildirib. Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində də bir-birini dəstəkləyir.

İqtisadi-ticari əlaqələrə toxunan dövlət başçısı 2025-ci ilin yekunlarına əsasən iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötdüyünü diqqətə çatdırıb. Bununla belə, mövcud göstəricinin tərəflərin real iqtisadi potensialını tam əks etdirmədiyini vurğulayaraq qarşılıqlı ticarətin artırılması üçün geniş imkanların olduğunu qeyd edib.

Energetika sahəsində əməkdaşlığın ikitərəfli münasibətlərin ənənəvi istiqamətlərindən biri olduğunu bildirən Prezident İlham Əliyev SOCAR ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Müsahibədə Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakının genişləndirilməsi məsələsinə də diqqət yetirilib. Tikinti, infrastruktur, günəş və külək enerjisi layihələrində maraqlı olan “ROX Group” şirkətinin fəaliyyəti bu əməkdaşlığın nümunəsi kimi göstərilib. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq sənədlərin imzalanması investisiya əlaqələrinin inkişafı baxımından əhəmiyyətli addım olub.

Dövlət başçısı nəqliyyat-logistika sahəsində də müsbət dinamikanın müşahidə olunduğunu bildirib. Belə ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan üzərindən həyata keçirilən tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Prezident İlham Əliyev Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün əlverişli imkanlara malik olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun Azərbaycan-Vyetnam əlaqələrinin möhkəmləndirilməsindəki rolunu qeyd edərək Fondun Vyetnamda həyata keçirdiyi layihələrdən bəhs edib. Ha Giang əyalətində ibtidai məktəbin tikintisi, müxtəlif təhsil təşəbbüslərinin dəstəklənməsi və Hanoy Ticarət və Turizm Kollecinə göstərilən maliyyə yardımı bu fəaliyyətin mühüm nümunələridir. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri də humanitar və mədəni əlaqələrin inkişafına töhfə verib.

Elm və təhsil sahəsində əməkdaşlığın tarixi ənənələrə əsaslandığını bildirən Prezident qeyd edib ki, sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil alıb. Bu gün də iki ölkənin universitetləri arasında tərəfdaşlıq müqavilələri və memorandumlar imzalanır. Vyetnam vətəndaşları Qoşulmama Hərəkatına üzv dövlətlərin nümayəndələri üçün yaradılmış təhsil qrant proqramlarından yararlana bilirlər.

Dövlət başçısı mədəniyyət sahəsində əlaqələrin də uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanda keçirilən Vyetnam Günlərinin artıq ənənəyə çevrildiyini, 2026-cı ildə təşkil olunan dördüncü festivalın ilk dəfə Bakı ilə yanaşı Qəbələni də əhatə etdiyini bildirib. Vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycanda nəşr olunması da mədəni mübadilənin əhəmiyyətli hadisələrindən biri kimi qeyd edilib.

Müsahibədə Azərbaycan və Vyetnam arasında mədəni əlaqələrin daha qədim tarixə malik olduğu da diqqətə çatdırılıb. Bəstəkar Qara Qarayevin 1955-ci ildə yaratdığı “Vyetnam süitası”, rejissor Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamda fəaliyyəti iki xalq arasında mədəni yaxınlaşmanın parlaq nümunələri kimi təqdim olunub. Eyni zamanda, 2024-cü ildə “Yaqi” fırtınasının, 2025-ci ildə isə genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması üçün Azərbaycanın Vyetnama göstərdiyi maliyyə yardımı ölkələr arasındakı dostluq və həmrəyliyin təzahürü kimi vurğulanıb.

Dövlət başçısı qeyd edib ki, Vyetnamın Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkə, Azərbaycanın isə Cənubi Qafqazda mühüm logistika və energetika mərkəzi olması iki dövlət arasında yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına şərait yaradır.

Prezidentin sözlərinə görə, tərəflər qüvvələrini birləşdirərək yeni bazarlara çıxmaq, birgə layihələr həyata keçirmək, biznes və investisiya imkanlarını genişləndirmək potensialına malikdirlər. Azərbaycanın və Vyetnamın enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi hər iki ölkənin iqtisadi inkişafına və xalqlarımızın rifahına mühüm töhfə verə bilər.

Dövlət başçısı dost Vyetnama səfərinin Azərbaycan-Vyetnam münasibətlərinin daha da möhkəmləndirilməsi və qarşılıqlı faydalı tərəfdaşlığın yeni mərhələyə yüksəldilməsi baxımından mühüm addım olacağına əminliyini ifadə edib.

Sevda Bayramova
Abşeron rayon Masazır kənd 7 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

Geri dön