Ana Sayfa > Siyasət > Azərbaycan-Vyetnam əməkdaşlığı nə vəd edir?

Azərbaycan-Vyetnam əməkdaşlığı nə vəd edir?


Bu gün, 21:52. Yazar: vasif
Azərbaycan-Vyetnam əməkdaşlığı nə vəd edir?


“Müasir dünya nizamı ciddi transformasiya mərhələsindən keçir. Qlobal güc mərkəzləri arasında rəqabətin dərinləşməsi, yeni iqtisadi və nəqliyyat marşrutlarının ön plana çıxması, enerji təhlükəsizliyi məsələsinin strateji əhəmiyyət qazanması dövlətləri xarici siyasət prioritetlərinə yenidən baxmağa vadar edir. Belə bir mürəkkəb geosiyasi və geoiqtisadi şəraitdə Prezident İlham Əliyevin Vyetnama səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, çoxvektorlu xarici siyasətinin və yeni iqtisadi tərəfdaşlıqlar qurmaq strategiyasının mühüm təzahürüdür”.
Bunu Ölkə.az-a açıqlamasında siyasi şərhçi İltizam Yusifov deyib.

Onun sözlərinə görə, bu səfər yalnız iki ölkə arasında diplomatik münasibətlərin genişləndirilməsi kimi qiymətləndirilməməlidir. “Burada daha geniş siyasi və geoiqtisadi hədəflər var. Azərbaycan Cənub-Şərqi Asiyanın mühüm iqtisadi mərkəzlərindən biri olan Vyetnamla əlaqələrini dərinləşdirməklə həm özünün beynəlxalq tərəfdaşlıq coğrafiyasını genişləndirir, həm də Avrasiya məkanında formalaşdırdığı logistika və enerji habı strategiyasına yeni istiqamət qazandırır. Əslində, Bakıdan Hanoya uzanan bu siyasi xətt Azərbaycanın xarici siyasətində əsas prinsiplərdən birini müxtəlif güc və iqtisadi mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmaq, milli maraqları qorumaq və dəyişən beynəlxalq reallıqlara çevik uyğunlaşmaq siyasətini əks etdirir”, - politoloq vurğulayıb.

İ.Yusifov bildirib ki, Prezident İlham Əliyevin Vyetnama səfərinin siyasi əhəmiyyətini Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində qazandığı mövqedən ayrı təsəvvür etmək mümkün deyil: “Azərbaycan artıq yalnız Cənubi Qafqazın siyasi proseslərində iştirak edən dövlət deyil. Ölkəmiz Avropa ilə Asiya, Şimal ilə Cənub arasında əlaqələrin qurulmasında, enerji təhlükəsizliyinin təmin edilməsində və regional nəqliyyat marşrutlarının inkişafında mühüm aktor kimi çıxış edir.
Bu mövqeyin formalaşmasında Azərbaycanın müstəqil və çoxvektorlu xarici siyasət kursu mühüm rol oynayır. Bakı müxtəlif geosiyasi güc mərkəzləri ilə münasibətlərini qarşıdurma və bloklaşma prinsipləri üzərində deyil, qarşılıqlı maraq və faydalı əməkdaşlıq əsasında qurmağa çalışır.

Vyetnam istiqamətinin aktuallığı da məhz burada üzə çıxır. Cənub-Şərqi Asiya qlobal istehsal, ticarət və investisiya axınlarının mühüm mərkəzlərindən biridir. Bu regionda iqtisadi mövqelərini gücləndirən Vyetnamla strateji tərəfdaşlığın inkişaf etdirilməsi Azərbaycanın Asiya istiqamətində siyasi və iqtisadi iştirakını genişləndirir. Beləliklə, Bakı-Hanoy münasibətləri Azərbaycanın çoxvektorlu diplomatiyasının coğrafi genişlənməsi ilə yanaşı, beynəlxalq aləmdə etibarlı və müstəqil tərəfdaş kimi mövqelərinin möhkəmlənməsinə də xidmət edir”.
İltizam Yusifov əlavə edib ki, səfərin ən mühüm geoiqtisadi istiqamətlərindən biri Azərbaycanın regional logistika və enerji habı kimi imkanlarının Vyetnamla əməkdaşlıq çərçivəsində təqdim edilməsidir:

“Prezident İlham Əliyev Vyetnam Dövlət İnformasiya Agentliyinə müsahibəsində qeyd edib ki, bu gün Vyetnam Cənub-Şərqi Asiyada sürətlə inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas nəqliyyat, logistika və enerji habıdır. “Güclərimizi birləşdirərək yeni bazarlara çıxış əldə edə, birgə layihələr həyata keçirə, biznes və investisiya üçün əlavə imkanlar yarada bilərik”, - ölkə başçısı qeyd edib. Bu bəyanat səfərin iqtisadi fəlsəfəsini kifayət qədər aydın ifadə edir. Azərbaycan öz coğrafi mövqeyini, enerji infrastrukturunu, liman, dəmir yolu və avtomobil nəqliyyatı imkanlarını beynəlxalq iqtisadi əməkdaşlığın mühüm alətinə çevirməyə çalışır.
Burada əsas məsələ Azərbaycanın sadəcə tranzit ölkə statusunda qalması deyil. Hədəf ölkəmizin yüklərin daşınması, saxlanması, emalı, bölüşdürülməsi və müxtəlif bazarlara çatdırılması üzrə kompleks xidmətlər göstərən regional mərkəzə çevrilməsidir. Bu baxımdan Vyetnamla əməkdaşlıq xüsusi perspektivə malikdir. Çünki Vyetnamın geniş istehsal və ixrac potensialı, Azərbaycanın isə Avropa və Asiya bazarlarını birləşdirən nəqliyyat infrastrukturu arasında ciddi iqtisadi sinerji mövcuddur”.

Siyasi şərhçinin fikrincə, səfərin strateji əhəmiyyətini artıran əsas istiqamətlərdən biri Orta Dəhlizdir:
“Qlobal geosiyasi gərginliklər, ənənəvi ticarət marşrutlarında yaranan risklər və təchizat zəncirlərinin şaxələndirilməsi zərurəti alternativ nəqliyyat yollarının əhəmiyyətini artırıb. Belə bir şəraitdə Orta Dəhliz Avropa ilə Asiya arasında mühüm bağlantılardan birinə çevrilir. İndiyədək əsasən Çin və Mərkəzi Asiya ilə əlaqələndirilən bu marşrutun Vyetnam kimi Cənub-Şərqi Asiya ölkələrinin ticarət axınlarına inteqrasiyası onun beynəlxalq əhəmiyyətini daha da artıra bilər”.
İ. Yusifov onu da əlavə edib ki, Bakı ilə Hanoy arasında əməkdaşlığın digər mühüm istiqaməti enerji sektorudur: “Bu sahədə münasibətlərin tarixi təcrübəsi mövcuddur. Hələ sovet dövründə Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin inkişafında iştirak edib, vyetnamlı mütəxəssislər Azərbaycanda peşəkar hazırlıq keçiblər.

Bu ənənə bu gün SOCAR və Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlıqla davam etdirilir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər və mütəxəssislərin hazırlanması kimi istiqamətləri əhatə edir.
Bundan başqa, Vyetnam şirkətlərinin Azərbaycanda tikinti, infrastruktur, günəş və külək enerjisi layihələrinə maraq göstərməsi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.
Bütün bu məqamları bir araya gətirdikdə Prezident İlham Əliyevin Vyetnama səfərinin yalnız ikitərəfli münasibətlərin inkişafı ilə məhdudlaşmadığı aydın görünür. Səfər Azərbaycanın dəyişən dünya nizamında öz mövqelərini möhkəmləndirmək, yeni iqtisadi mərkəzlərlə əlaqələr qurmaq və regional imkanlarını beynəlxalq miqyasda reallaşdırmaq strategiyasının tərkib hissəsidir.

Vyetnamla münasibətlərin inkişafı bu strategiyaya yeni coğrafi istiqamət əlavə edir. Bakı bir tərəfdən Cənub-Şərqi Asiyanın iqtisadi potensialından faydalanmağa, digər tərəfdən öz logistika və enerji imkanlarını həmin regionun bazarlarına təqdim etməyə çalışır.
Nəticə etibarilə, İlham Əliyevin Vyetnama səfəri Azərbaycanın xarici siyasətində yeni istiqamət açmaqla yanaşı, Bakının Avrasiya ilə Asiya-Sakit okean regionu arasında əlaqələrin qurulmasında daha fəal rol oynamaq niyyətini nümayiş etdirir. Azərbaycan artıq yalnız öz coğrafi mövqeyinin üstünlüklərindən istifadə edən ölkə deyil, həmin coğrafiyanı beynəlxalq siyasi və iqtisadi təsir imkanına çevirməyə çalışan dövlətdir. Bakıdan Hanoya uzanan strateji tərəfdaşlığın əsas mahiyyəti də məhz budur”.
Geri dön