Ana Sayfa > Siyasət > YAP-ın yaradılmasının 34-cü ildönümü münasibətilə Şirvan şəhərində tədbir keçirilib

YAP-ın yaradılmasının 34-cü ildönümü münasibətilə Şirvan şəhərində tədbir keçirilib


Bu gün, 14:56. Yazar: azer
YAP-ın yaradılmasının 34-cü ildönümü münasibətilə Şirvan şəhərində  tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 34-cü ildönümü münasibətilə YAP Şirvan şəhər təşkilatında “Yeni Azərbaycan Partiyası - milli birlik və davamlı inkişafın təminatçısı” mövzusunda tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı Heydər Əsədov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, YAP Mərkəzi Aparatının məsul işçisi Əli Axundov, ərazi partiya təşkilatlarının sədrləri, partiya veteranları, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi qaziləri və iştirakçıları, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra Uşaq Gənclər İnkişaf Mərkəzinin və Şirvan Rəsm Qalereyasının şagirdlərinin hazırladıqları rəsm sərgisinə baxış keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyət yolunu əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı Heydər Əsədov, YAP Mərkəzi Aparatının məsul işçisi Əli Axundov, Şirvan Reabilitasiya Mərkəzinin direktoru Mehriban Siracov və Birinci Qarabağ müharibəsi şəhidi Cəmil Rəhimovun qızı Şəbnəm Məhərrəmov 1990-cı illərin əvvəllərində ölkəmizin üzləşdiyi mürəkkəb ictimai-siyasi vəziyyət şəraitində xalqın təkidli tələbi və Ümummilli Lider Heydər Əliyevin müdrik rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin tarixi zərurətindən bəhs ediblər.

Bildirilib ki, ötən 34 il ərzində YAP şərəfli inkişaf yolu keçərək Cənubi Qafqazın ən nüfuzlu siyasi qüvvəsinə çevrilib.

Çıxışlarda Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldiyi, enerji və nəqliyyat sahələrində həyata keçirilən qlobal layihələrin ölkəmizin regionda mövqelərini daha da gücləndirdiyi vurğulanıb.

Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsinin hər bir partiya üzvünün məsuliyyəti olduğu diqqətə çatdırılıb.

Sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonda bədii hissə təqdim olunub.
Geri dön