Ana Sayfa > Siyasət > Dövlətçilik, milli birlik və tarixi Zəfər yoluna aparan 34 il
Dövlətçilik, milli birlik və tarixi Zəfər yoluna aparan 34 ilBu gün, 12:13. Yazar: azer |
![]() 1992-ci il noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ölkəmizin mürəkkəb siyasi şəraitdən çıxmasında, dövlət müstəqilliyinin qorunmasında, sabitliyin və davamlı inkişafın təmin olunmasında müstəsna rol oynayıb. Partiyanın yaranması Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirən tarixi hadisə idi. Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, müdrikliyi və qətiyyətli rəhbərliyi ilə formalaşan Yeni Azərbaycan Partiyası qısa müddətdə ümumxalq siyasi qüvvəsinə çevrilərək dövlətçilik maraqlarını fəaliyyətinin əsas prinsipinə çevirdi. Bu günlərdə biz 34 il bundan əvvələ nəzər salırıq. İlk olaraq həmin dövr, Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri edən səbəblər yada düşür. O zaman Azərbaycan müstəqilliyini bir il idi elan etmişdi. Ölkəmizi tutduğu yoldan döndərmək, beynəlxalq maraqlı dairələrin iqtisadi, siyasi və hərbi maraqlarını burada reallaşdırmaq istəyən qrupların istəklərinə tabe etmək istiqamətlərində cəhdlər var idi. Ölkədə separatizm meylləri baş alıb gedirdi və təbii ki, buna da bir çox hallarda xaricdən dəstək verilirdi. Azərbaycan üçün bir çox xoşagəlməz proseslər yaşanırdı - Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü, insanların öz ev-eşiklərindən qovulmaları, bütün bunlarla yanaşı, ölkənin o zamankı hakimiyyəti ölkəni getdikcə daha artıq xaosa, anarxiyaya, ziddiyyətə sürükləyən hərəkətlərə rəvac verirdi. Həmçinin o zaman Azərbaycanda iqtisadi, sosial vəziyyət kifayət qədər gərgin idi. İttifaqdan ayrılmış bir ölkənin imkanları çox məhdud idi, əhalinin sosial vəziyyəti getdikcə acınacaqlı hala düşürdü, üstəlik çörəklə sınağa çəkilmək təhlükəsi yaranmşdı. Həmin dövrü Azərbaycan xalqı, əlbəttə, çətinliklərlə, məşəqqətlərlə qarşılasa da, ondan şərəflə çıxmağı bacardı. Ona görə ki, atılması zəruri olan addım düzgün müəyyənləşdirildi. Həmin dövrdə Ümummilli liderimiz Heydər Əliyev çətin vəziyyətlə üzləşmiş xalqımız üçün ümid çırağı idi. Azərbaycanın sayılan, seçilən, vəziyyətin bu cür davam etməsinin çox təhlükəli olduğunu anlayan ziyalılarının Heydər Əliyevə belə bir müraciəti oldu: “Xalq Sizin sözünüzü gözləyir”. Bu müraciət yeni bir siyasi partiyanın yaradılması ideyasının Heydər Əliyev tərəfindən dəstəklənməsi xahişini özündə əks etdirirdi. Əlbəttə, bunu vacib edən səbəblər də müraciətdə göstərilirdi. Heydər Əliyev o zaman ittifaq hakimiyyətindən kənarlaşdırılandan sonra Moskvada və Bakıda təqiblərə məruz qaldığı üçün Naxçıvan şəhərində məskunlaşmış və orada yaşayan əhalinin təkidli tələbi ilə Naxçıvanda Ali Məclisin Sədri seçilmişdi. Mərkəzi hakimiyyətin bu çətin durumdan çıxış yolları axtarması, amma tapa bilməməsi, tapdığı yolların da əksinə, onu daha dərin uçuruma sürükləməsinə baxmayaraq, Naxçıvanda normal idarəetmə forması tapılmışdı və Heydər Əliyev əhalinin, regionun potensialını, resursları səfərbər edərək həm Naxçıvana gözlənilən erməni təcavüzünün qarşısını almağa, əhalinin təhlükəsizliyini təmin etməyə, onun maddi təminatını ödəməyə və qonşu ölkələrlə normal, sivil münasibətlər, qarşılıqlı yardıma əsaslanan münasibətlər qurmağa yönələn fəaliyyəti ortaya qoymuşdu. Bütövlükdə Azərbaycan və onun bir parçası olan Naxçıvan üçün mövcud çətinliklərin öhdəsindən düzgün, dürüst idarəetmə nəticəsində gəlmək mümkün olmuşdu. Xalq da bunu görürdü. Ona görə də təbii olaraq diqqət Naxçıvana yönəlmişdi. Azərbaycanda diqqətin ictimai-siyasi proseslərin ağırlıq mərkəzinə - Naxçıvana yönəldiyini o dövrki hakimiyyət də hiss edirdi. Belə bir şəraitdə bu prosesləri idarə etmək, xalqın gücünü bir mərkəzdə səfərbər etmək və onu da Azərbaycanın problemlərinin həllinə yönəltmək istiqamətində addımın atılması üçün siyasi təşkilatın yaranmasına zərurət meydana çıxmışdı. Ona görə də Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına razılıq verdi. Təsis konfransı Naxçıvanda Heydər Əliyevin yaşadığı və işlədiyi məkanda keçirilməli oldu. Respublikadan 500-dən artıq təəssübkeş Naxçıvana toplaşdı və 1992-ci ilin noyabr ayında burada Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Qurultayda qəbul edilən qərarlar, Heydər Əliyevin qələmindən çıxmış partiyanın nizamnaməsi, proqramı, bu proqramda və nizamnamədə müəyyən edilmiş vəzifələr sonradan Azərbaycanın bir dövlət kimi qarşısında dayanan vəzifələr oldu və Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirildi. Hələlik prosesə Naxçıvandan start verilmişdi. Amma çox qısa zamanda respublikanın hər yerində insanlar böyük ruh yüksəkliyi ilə bu partiyanın yaradılmasına dəstək verdilər, təşəbbüs qrupları yaradıldı, yerli təşkilatların təsis konfransları keçirildi, rəhbər orqanlara nümayəndələr seçildi, insanların itmiş inamı özlərinə qayıtmağa başladı. Heydər Əliyevin Azərbaycan xalqına verdiyi ilk töhfə Yeni Azərbaycan Partiyasının yaradılması və onun da fəaliyyəti nəticəsində insanların inamının qaytarılması oldu. İnsanlar öz gələcəklərinə inanmağa başladılar, öz güclərinə və bu gücün reallaşdırılması üçün onu səfərbər edə biləcək bir siyasi təşkilata və onun irəli sürdüyü ideyalara, konkret olaraq azərbaycançılıq ideologiyasına inandılar, bu ideologiyanın Azərbaycanı nicat yoluna çıxara biləcək yeganə siyasi yol olduğunu qəbul etdilər. Sonralar hadisələrin inkişafı o istiqamətdə cərəyan etdi ki, ölkədə idarəetmə iflic oldu, hakimiyyət öz vəzifələrinin öhdəsindən gələ, xalq qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə, onun təhlükəsizliyini təmin edə bilmədi və proseslər vətəndaş müharibəsi həddinə gəlib çıxdı. Təbiidir ki, belə olduqda Azərbaycan xalqı öz sözünü dedi. Xalqımız əgər əvvəl Heydər Əliyevdən bir siyasi partiyanın yaradılmasına razılıq verməsi və onun rəhbərliyinə gəlməsi xahişini etmişdisə, sonradan Ulu ondəri Azərbaycanda hakimiyyətə dəvət etmək qərarı verdi. Fikrimcə, 1992-ci ilin noyabrından 1993-cü ilin iyun ayınadək keçilən yol Azərbaycanın dövlətçilik həyatında çox əhəmiyyətli bir yoldur. Müxalifət partiyası kimi yaranmış YAP qısa müddətdən sonra hakimiyyət partiyası oldu. Partiyanın 34 illik tarixində keçirilən qurultaylar onun siyasi inkişaf mərhələlərini və qarşıya qoyulan strateji hədəfləri müəyyənləşdirib. Xüsusilə VII və VIII Qurultaylar müasir Azərbaycanın siyasi tarixində mühüm əhəmiyyət daşıyır. 2021-ci il martın 5-də keçirilən VII Qurultay Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra yeni siyasi reallıqların formalaşdığı dövrə təsadüf edirdi. Prezident, YAP Sədri cənab İlham Əliyevin qurultaydakı çıxışı partiyanın müasir çağırışlara uyğun yenilənməsi, təşkilati fəaliyyətinin təkmilləşdirilməsi və yeni siyasi hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm proqram xarakteri daşıyırdı. Bu qurultay partiyanın fəaliyyətində yeni mərhələnin əsasını qoydu. 2026-cı il oktyabrın 2-də keçirilən VIII Qurultay isə Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyi yeni tarixi şəraitdə baş tutdu. Cənab Prezident İlham Əliyevin qurultaydakı çıxışı partiyanın gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirməklə yanaşı, ölkəmizin qarşısında dayanan strateji vəzifələrin geniş siyasi təhlili ilə də diqqət çəkdi. Dövlət başçısı çıxışında güclü dövlət, etibarlı təhlükəsizlik, müasir ordu quruculuğu, ideoloji təhlükəsizlik, milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və Azərbaycanın davamlı inkişafı məsələlərinə xüsusi diqqət yetirdi. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin əhəmiyyəti və onun müəyyən etdiyi dövlətçilik kursunun uğurla davam etdirilməsi bir daha ön plana çəkildi. Son iki qurultayın müqayisəli təhlili göstərir ki, partiya ölkənin dəyişən siyasi reallıqlarına uyğun olaraq fəaliyyətini ardıcıl şəkildə yeniləyir. VII Qurultay Zəfərdən sonrakı yeni siyasi mərhələnin əsas istiqamətlərini müəyyənləşdirdisə, VIII Qurultay suverenliyi tam bərpa olunmuş Azərbaycanın gələcək inkişaf prioritetlərini və yeni çağırışlara münasibətini ortaya qoydu. Bu qurultayları birləşdirən əsas amil Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sədaqət və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji siyasətin davamlılığıdır. Bu gün Yeni Azərbaycan Partiyası yalnız siyasi təşkilat deyil, həm də milli birliyin, dövlətçilik ənənələrinin və Azərbaycanın gələcək inkişafına inamın mühüm siyasi platformasıdır. Partiyanın qarşısında duran əsas vəzifələrdən biri gənclərin ictimai-siyasi fəallığını artırmaq, ideoloji işi gücləndirmək, təşkilati strukturları müasirləşdirmək və cəmiyyətlə əlaqələri daha da genişləndirməkdir. YAP Qaradağ rayon təşkilatı da bu məqsədlərə uyğun olaraq fəaliyyətini dövlətçilik ideyalarının təbliği, partiya üzvləri ilə işin gücləndirilməsi, gənclərin fəallığının artırılması, şəhid ailələrinə, müharibə veteranlarına və partiya veteranlarına diqqət və qayğının göstərilməsi istiqamətlərində davam etdirir. 34 illik tarixi yol sübut edir ki, Yeni Azərbaycan Partiyasının gücü onun ideyalarına, dövlətə və xalqa sədaqətinə, xalqımızın etimadına əsaslanır. Bu gün qarşımızda duran əsas vəzifə əldə edilmiş nailiyyətləri qorumaq, yeni hədəflərə doğru inamla irəliləmək və Azərbaycanın daha qüdrətli gələcəyinə töhfə verməkdir. İlqar İlyasov, YAP Qaradağ rayon təşkilatının sədri Geri dön |