Ana Sayfa > Özəl > İraqda İrana bağlı silahlı qrup geri çəkilir – Strateji bölgəyə nəzarət dəyişir

İraqda İrana bağlı silahlı qrup geri çəkilir – Strateji bölgəyə nəzarət dəyişir


Bu gün, 19:43. Yazar: vasif
İraqda İrana bağlı silahlı qrup geri çəkilir – Strateji bölgəyə nəzarət dəyişir



İraqda İrana yaxınlığı ilə tanınan “Kətaib Hizbullah” silahlı qruplaşmasının Curf əl-Səxr bölgəsindən çıxarılması barədə razılıq əldə olunub. Əraziyə nəzarətin federal təhlükəsizlik qüvvələrinə verilməsi planlaşdırılır.

İraq Silahlı Qüvvələrinin Baş Komandanının sözçüsü Sabah əl-Numan bildirib ki, qruplaşma bölgədən könüllü şəkildə geri çəkilməyə razılıq verib.

Onun sözlərinə görə, hökumət ərazidə sabitliyin bərpası və dövlət nəzarətinin gücləndirilməsi istiqamətində hazırlanan planı həyata keçirməyə başlayıb.

Bölgəyə yerləşdiriləcək təhlükəsizlik bölmələrinin artıq ərazinin sərhədlərinə çatdığı bildirilir. Qüvvələrin yenidən yerləşdirilməsi və təhlükəsizlik səlahiyyətlərinin təhvil verilməsi prosesinə hökumət rəhbərliyinin nəzarət edəcəyi açıqlanıb.

Bundan əvvəl İraq ordusunun bölmələri yüksək hazırlıq vəziyyətinə gətirilib. Curf əl-Səxrdə təhlükəsizlik əməliyyatlarının idarə olunması üçün ayrıca komandanlıq qərargahının yaradılması da nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən bölgə uzun müddətdir neft və neft məhsullarının qanunsuz daşınması ilə bağlı araşdırmaların diqqət mərkəzindədir.

Noyabrın 11-də İraq hökuməti və parlamenti ərazidə mümkün qaçaqmalçılıq sxemlərini, eləcə də silahlı qrupların bu fəaliyyətlərdə iştirakına dair iddiaları araşdırmaq üçün iki müstəqil komissiya yaradıb.

İraq kəşfiyyatının hesabatında neft boru kəmərlərindən qanunsuz istifadə və qaçaqmalçılıq əməliyyatlarının uzun illər davam etdiyi, bunun dövlət büdcəsinə və ölkə iqtisadiyyatına ciddi ziyan vurduğu bildirilir.

Curf əl-Səxrdə nəzarətin federal qüvvələrə ötürülməsi İraq hökumətinin bölgədə təhlükəsizliyi təmin etmək və qanunsuz iqtisadi fəaliyyətin qarşısını almaq istiqamətində atdığı addım kimi təqdim olunur.
Geri dön