Ana Sayfa > Siyasət > Ağdam – Qarabağın dirçəliş və Zəfər rəmzi
Ağdam – Qarabağın dirçəliş və Zəfər rəmziBu gün, 11:14. Yazar: azer |
![]() Hər bir şəhərin tarixi onun keçmişini, milli kimliyini və xalqının yaddaşını özündə yaşadır. Qarabağın qədim və zəngin tarixə malik şəhərlərindən biri olan Ağdam da Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur. Tarixi-mədəni irsi, strateji mövqeyi və zəngin quruculuq ənənələri ilə seçilən bu şəhər həm də xalqımızın əzminin, mübarizəsinin və tarixi ədalətə olan inamının rəmzidir. 20 noyabr Ağdam Şəhəri Günü kimi qeyd olunur. 2020-ci ilin həmin günündə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərin nəticəsi olaraq Ağdam şəhəri Azərbaycanın nəzarətinə qaytarıldı. Bu hadisə ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi mərhələ oldu. Uzun illər işğal altında qalan Ağdamın azadlığı xalqımızın tarixi yaddaşında qürurverici hadisə kimi öz yerini tutdu. İşğal dövründə Ağdam şəhəri Ermənistan tərəfindən genişmiqyaslı dağıntılara məruz qalmış, tarixi və dini abidələrimiz vandalizmə uğradılmış, yaşayış infrastrukturu məhv edilmişdi. Bir zamanlar Qarabağın inkişaf etmiş şəhərlərindən biri olan Ağdamın xarabalığa çevrilməsi xalqımıza qarşı törədilmiş mədəni və humanitar cinayətin bariz nümunəsi idi. Lakin Azərbaycan dövləti qarşıya yeni vəzifə qoydu: dağıdılmış şəhəri yenidən qurmaq, doğma yurdlarından didərgin düşmüş sakinlərin qayıdışını təmin etmək və Ağdamı regionun müasir inkişaf mərkəzlərindən birinə çevirmək. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Ağdamda da yeni inkişaf mərhələsinin əsasını qoydu. Bu gün Ağdamda müasir şəhərsalma prinsipləri əsasında yenidənqurma işləri aparılır, yollar, yaşayış binaları, sosial obyektlər və infrastruktur layihələri həyata keçirilir. Ağdam Sənaye Parkının yaradılması isə şəhərin iqtisadi potensialının gücləndirilməsi, yeni iş yerlərinin açılması və bölgədə sahibkarlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Ağdamın yenidən qurulması yalnız fiziki infrastrukturun bərpası deyil, həm də tarixi yaddaşın, milli-mənəvi dəyərlərin və doğma yurda bağlılığın yenidən canlandırılmasıdır. Doğma torpaqlarına qayıdan sakinlərin səsi, şəhərdə yenidən başlayan həyat Qarabağda Böyük Qayıdışın real nəticələrini nümayiş etdirir. Ağdam Şəhəri Günü həm tarixi Zəfərimizin təntənəsi, həm də gələcəyə inamımızın ifadəsidir. Bu gün biz Ağdamın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizin qəhrəmanlığını minnətdarlıqla anırıq. Ağdam artıq dağıntıların deyil, quruculuğun; işğalın deyil, azadlığın; kədərin deyil, qürurun şəhəridir. Bu qədim Azərbaycan şəhəri öz tarixi şöhrətinə qovuşaraq Qarabağın dirçəlişinin və Azərbaycanın sarsılmaz iradəsinin parlaq rəmzinə çevrilir. Kamran Əmirov, YAP Qusar rayon təşkilatının sədri Geri dön |