Ana Sayfa > Siyasət > Ağdam – Zəfərin və yenidənqurmanın təntənəsi 20 noyabr – Ağdam şəhəri günü

Ağdam – Zəfərin və yenidənqurmanın təntənəsi 20 noyabr – Ağdam şəhəri günü


Bu gün, 10:57. Yazar: azer
Ağdam – Zəfərin və yenidənqurmanın təntənəsi 20 noyabr – Ağdam şəhəri günü

Azərbaycanın müasir tarixində elə günlər var ki, onlar təkcə təqvimdəki bir tarixi deyil, bütöv bir xalqın yaddaşında yaşayan qüruru, iradəni və tarixi ədalətin bərpasını ifadə edir. 20 noyabr – Ağdam şəhəri günü də məhz belə əlamətdar günlərdəndir.
2020-ci il noyabrın 20-də Ağdamın işğaldan azad edilməsi Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbənin mühüm nəticələrindən biri oldu. Uzun illər düşmən işğalı altında qalan, misli görünməmiş dağıntılara məruz qoyulan Ağdam öz doğma sahibinə qovuşdu. Bu qayıdış yalnız bir şəhərin azadlığı deyil, həm də tarixi ədalətin, milli iradənin və dövlətimizin gücünün təntənəsi idi.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabrın Ağdam şəhəri günü elan edilməsi bu tarixi hadisənin dövlətçilik yaddaşında əbədiləşdirilməsinə xidmət edir.
Bu gün Ağdamda tamamilə yeni həyat qurulur. Şəhərin infrastrukturu yenilənir, yaşayış məhəllələri salınır, sosial obyektlər inşa edilir, tarixi-mədəni irsin bərpası istiqamətində mühüm işlər görülür. Bütün bunlar Böyük Qayıdışın real mənzərəsini yaradır. Vaxtilə dağıntıların simvoluna çevrilmiş Ağdam bu gün quruculuğun, yenilənmənin və gələcəyə inamın ünvanına çevrilir.
Ağdamın bugünkü mənzərəsi Azərbaycanın gücünü, xalqımızın sarsılmaz iradəsini və dövlətimizin işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasəti nümayiş etdirir. Bu torpaqlara həyat qayıdır, doğma yurd həsrəti ilə yaşayan insanların qayıdış arzuları gerçəkləşir.
20 noyabr həm də bizə bir həqiqəti xatırladır: Vətən sevgisi yalnız torpağı qorumaq deyil, onu yenidən qurmaq, yaşatmaq və gələcək nəsillərə əmanət etmək məsuliyyətidir.
Bu gün Ağdamın səmasında dalğalanan üçrəngli bayrağımız tarixi Zəfərimizin, milli birliyimizin və suverenliyimizin rəmzidir. Ağdam dirçəlir, Qarabağ yenidən doğulur, Azərbaycan öz gələcəyini bütöv və suveren ölkə kimi qurur.
Ağdam bizimdir! Qarabağ Azərbaycandır!

Neva Abdurahmanova,
YAP Qusar rayon təşkilatının sədr müavini.


Geri dön