Ana Sayfa > Siyasət > Yeni Azərbaycan Partiyası milli inkişafın siyasi dayağıdır
Yeni Azərbaycan Partiyası milli inkişafın siyasi dayağıdırBu gün, 10:18. Yazar: azer |
![]() 1990-cı illərin əvvəllərində Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət, dövlət idarəçiliyindəki böhran və ölkənin gələcəyinə dair ciddi narahatlıqlar yeni siyasi qüvvənin formalaşmasını zəruri edirdi. Məhz belə bir şəraitdə xalqın taleyinə biganə qalmayan ziyalılar – sonralar “91-lər” adı ilə tanınan təşəbbüs qrupu 1992-ci il oktyabrın 16-da “Səs” qəzeti vasitəsilə Ümummilli Lider Heydər Əliyevə müraciət edərək onun rəhbərliyi ilə yeni partiyanın yaradılması təşəbbüsünü irəli sürdülər. Heydər Əliyev oktyabrın 24-də dərc olunan cavab məktubunda bu təşəbbüsə müsbət münasibətini bildirdi. Bu müraciət sadəcə siyasi təşkilat yaratmaq istəyi deyil, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini və gələcəyini qorumaq naminə cəmiyyətin məsuliyyətli təbəqəsinin nümayiş etdirdiyi qətiyyətli mövqe idi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransı bu təşəbbüsün real siyasi qüvvəyə çevrilməsini təmin etdi. Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 550 nəfərin iştirakı ilə keçirilən konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul olundu, partiyanın Proqramı və Nizamnaməsi təsdiqləndi. Ümummilli Lider Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, ölkənin gələcəyindən narahatlıq keçirən ziyalıların təşəbbüsü ümumxalq etimadına söykənən siyasi təşkilatın yaranması ilə nəticələndi. YAP qısa müddətdə cəmiyyətdə geniş dəstək qazanaraq Azərbaycanın siyasi həyatında aparıcı mövqeyə yüksəldi. Prezident İlham Əliyev 2022-ci il noyabrın 21-də YAP-ın yaradılmasının 30 illiyinə həsr olunmuş tədbirdəki çıxışında partiyanın keçdiyi tarixi yolu dəyərləndirərək onun ölkənin ictimai-siyasi həyatındakı rolunu xüsusi vurğulamışdır. Ulu Öndər Heydər Əliyevin partiyanı “dünənin, bu günün və sabahın partiyası” kimi səciyyələndirməsi onun yalnız yarandığı dövrün problemlərinə cavab vermədiyini, eyni zamanda, gələcək inkişafı hədəflədiyini göstərirdi. Bu siyasi baxış YAP-ın fəaliyyətində tarixi ənənələrə sadiqliklə yenilənmənin vəhdətini formalaşdırmışdır. Yarandığı gündən etibarən Yeni Azərbaycan Partiyası ölkədə siyasi sabitliyin möhkəmləndirilməsi, dövlət idarəçiliyinin gücləndirilməsi və davamlı inkişafın təmin olunması prosesində mühüm rol oynamışdır. 2005-ci il martın 26-da keçirilən III Qurultayda Prezident İlham Əliyevin partiyanın Sədri seçilməsi təşkilatın fəaliyyətində yeni mərhələnin başlanğıcı olmuşdur. Onun rəhbərliyi ilə partiyanın fəaliyyəti müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilmiş, təşkilati və ideoloji istiqamətləri təkmilləşdirilmişdir. Bu gün YAP müxtəlif sosial təbəqələri və peşə qruplarını ümumi dövlətçilik ideyası ətrafında birləşdirən siyasi təşkilatdır. Müstəqillik, azərbaycançılıq və dövlətçilik prinsipləri partiyanın ideoloji əsaslarını təşkil edir. VII Qurultayda müəyyənləşdirilən vəzifələr partiyanın dəyişən ictimai-siyasi şəraitə uyğun fəaliyyətinin genişləndirilməsini, siyasi dialoqun inkişafını və cəmiyyətlə əlaqələrin möhkəmləndirilməsini ön plana çıxarmışdır. Sonrakı dövrdə siyasi partiyalar arasında əməkdaşlıq və dialoq imkanlarının genişlənməsi ölkənin siyasi sisteminin təkmilləşdirilməsi və ictimai iştirakçılığın artırılması baxımından əhəmiyyət daşımışdır. Bu istiqamətdə qarşıya qoyulan vəzifələrin icrası partiyanın hər bir üzvündən fəallıq, məsuliyyət və təşəbbüskarlıq tələb edir. 2026-cı il oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı təşkilatın fəaliyyətində yeni mərhələnin mühüm hadisəsi kimi yadda qaldı. Qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi yeni geosiyasi şəraitdə keçirildi. Prezident, YAP-ın Sədri cənab İlham Əliyev çıxışında bu tarixi reallığın əhəmiyyətini vurğulamaqla yanaşı, qarşıdakı dövrün əsas vəzifələrini də müəyyənləşdirdi. Dövlət başçısının diqqət çəkdiyi prioritetlər sırasında hərbi gücün və təhlükəsizliyin daha da möhkəmləndirilməsi, milli birliyin qorunması, Qarabağ və Şərqi Zəngəzurun bərpası, iqtisadi inkişafın və vətəndaş rifahının yüksəldilməsi xüsusi yer tutdu. Qurultaya hazırlıq çərçivəsində partiyanın 84 yerli təşkilatı tərəfindən hesabat konfransları keçirilib və həmin konfransların nəticələrinə əsasən VIII Qurultaya 960 nümayəndə seçilib. Qurultayda VII Qurultaydan ötən dövr üzrə İdarə Heyətinin və Təftiş Komissiyasının hesabatları dinlənilərək təsdiq olunub. Eyni zamanda, partiyanın Nizamnaməsinə dəyişikliklər qəbul edilib, İdarə Heyətinin 40 nəfərdən, Təftiş Komissiyasının isə 13 nəfərdən ibarət yeni tərkibi təsdiqlənib. Nizamnaməyə edilən yeniliklər partiyanın idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, səlahiyyət və məsuliyyət bölgüsünün dəqiqləşdirilməsi, maliyyə uçotu və hesabatlılığının qanunvericiliyin tələblərinə uyğunlaşdırılması baxımından əhəmiyyətlidir. VIII Qurultay bir daha göstərdi ki, Yeni Azərbaycan Partiyası tarixi ənənələrinə sadiq qalmaqla yanaşı, dəyişən reallıqlara uyğun yenilənməyi də bacarır. Partiyanın qarşısında duran əsas vəzifə Azərbaycanın qazandığı tarixi nailiyyətlərin qorunmasına, dövlətçilik maraqlarının müdafiəsinə, milli həmrəyliyin möhkəmləndirilməsinə və ölkənin davamlı inkişaf strategiyasının həyata keçirilməsinə töhfə verməkdir. Məhz bu missiya YAP-ın milli inkişafın siyasi dayağı kimi mövqeyini və məsuliyyətini daha da artırır. Natiq Quluzadə, YAP Zəngilan rayon təşkilatının sədri Geri dön |