Ana Sayfa > Dünya > İran ABŞ-yə yardım edən region ölkələrini hədələdi

İran ABŞ-yə yardım edən region ölkələrini hədələdi


Dünən, 23:44. Yazar: vasif
İran ABŞ-yə yardım edən region ölkələrini hədələdi


ABŞ lideri İrana qarşı ittihamlar və növbəti təhdidlərlə çıxış etdikdən az sonra Tehrandan region ölkələrinə ünvanlı, təhdidlərin yer aldığı bəyanat yayılıb. İran region ölkələrini öz ərazilərindən, hərbi bazalarından və digər obyektlərindən İslam Respublikasına qarşı Amerika əməliyyatlarının hazırlanması və keçirilməsi üçün istifadə edilməsinə yol verməməyə çağırıb. aia.az bildirir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Tehran xəbərdarlıq edib ki, ABŞ-yə bu cür yardım göstərilməsi təcavüz aktı kimi qiymətləndirilə bilər və İrana cavab xarakterli müdafiə tədbirləri görmək hüququ verir.

İran Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır ki, region dövlətləri öz infrastrukturlarından İrana qarşı hücumlar üçün gələcəkdə istifadə olunmasının qarşısını almaq məqsədilə zəruri tədbirlər görməlidirlər. Nazirlik bu vəziyyətdə fəaliyyətsizliyin mehriban qonşuluq prinsipinə zidd olduğunu bəyan edib. Tehran öz mövqeyini əsaslandırmaq üçün BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə əlavənin 3(f) maddəsinə istinad edib. Həmin maddəyə əsasən, bir dövlətin öz ərazisini üçüncü ölkəyə qarşı təcavüz aktı törətmək üçün digər dövlətin istifadəsinə verməsi təcavüz kimi tövsif edilə bilər. İran bəyan edib ki, bu cür hərəkətlər ona özünümüdafiə tədbirləri görmək hüququ verir.

XİN həmçinin son bir neçə gündə ABŞ hərbçilərinin İranın cənub sahillərindəki obyektlərə endirdiyi zərbələri pisləyib. Nazirliyin iddiasına görə, buna cavab olaraq İran silahlı qüvvələri regiondakı iki Amerika hərbi bazasında yerləşən "Patriot" hava hücumundan müdafiə sistemlərinə, eləcə də pilotsuz uçuş aparatlarının və raketlərin buraxılış platformalarına hücum edib. Tehran həmin bazaları ölkəyə qarşı əməliyyatların mənbəyi və dəstək infrastrukturu hesab edir.

İran qonşu dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını, onlarla münasibətləri və İslam ümmətinin maraqlarını nəzərə alaraq indiyədək maksimum təmkin nümayiş etdirdiyini vurğulayıb. Nazirliyin bəyanatına əsasən, İranın zərbələri müstəsna olaraq bu ölkələrin ərazisindəki ABŞ hərbi bazalarına və obyektlərinə qarşı yönəlib.

Tehran eskalasiyanın nəticələrinə görə məsuliyyəti Vaşinqtonun üzərinə qoyaraq ABŞ-ni beynəlxalq hüququ pozmaqda və qanunsuz güc tətbiq etməkdə ittiham edib. İran həmçinin BMT-ni, ilk növbədə təşkilatın Təhlükəsizlik Şurasını və baş katibini BMT Nizamnaməsi üzrə öz öhdəliklərini yerinə yetirməyə çağırıb. Nazirlik xəbərdarlıq edib ki, güc tətbiqi qadağasının pozulmasına reaksiya verilməməsi təşkilatın nüfuzuna xələl gətirir və beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir.

İran XİN regionun bəzi ölkələrini Amerikanın hücumlarına göz yumduqları halda, İranın cavab tədbirlərini pislədiklərinə görə tənqid edib. Tehran onları qanuni özünümüdafiə hesab etdiyi addımları tənqid etmək əvəzinə, öz ərazilərindən İslam Respublikasına qarşı əməliyyatlar üçün istifadə olunmasının dayandırılmasına nail olmağa çağırıb.

Nazirlik həmçinin, İranın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü müdafiə etməyə hazır olduğunu təsdiqləyib və istənilən yeni təcavüz aktlarının və ya düşmənçilik hərəkətlərinin İran silahlı qüvvələrinin qətiyyətli cavabı ilə qarşılanacağı barədə xəbərdarlıq edib.
Geri dön