Ana Sayfa > Siyasət > Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü münasibətilə tədbir keçirilib


Bu gün, 15:00. Yazar: azer
Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü münasibətilə tədbir keçirilib

“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının və Zəngilan rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə YAP-ın təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş “34 illik siyasi yol: Dövlətçilik, milli birlik və güclü Azərbaycan naminə” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Giriş sözü ilə çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə keçirilən tədbir partiyamızın zəngin siyasi tarixinin, dövlətçilik ənənələrinə sədaqətinin və milli birliyimizin növbəti təzahürüdür. 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ötən 34 il ərzində Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayaraq ölkəmizin inkişaf və tərəqqi yolunda aparıcı siyasi qüvvəyə çevrilmişdir. Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni strateji hədəflərə doğru inamla irəliləyir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra ölkəmiz qarşısında yeni inkişaf mərhələsinin vəzifələri dayanır və YAP bu prosesdə öz siyasi məsuliyyətini uğurla yerinə yetirir.

Zəngilan rayon təşkilatı olaraq biz də partiyanın ideoloji prinsiplərinin təşviqi, dövlət siyasətinin ictimaiyyətə çatdırılması və vətəndaşlarla işin gücləndirilməsi istiqamətində fəaliyyətimizi ardıcıl davam etdiririk. Əminik ki, partiyamızın sıralarının daha da genişlənməsi, gənclərin ictimai-siyasi proseslərdə fəallığının artırılması və milli həmrəyliyin möhkəmləndirilməsi qarşıdakı dövrdə də əsas prioritetlərimiz olacaqdır. Yeni Azərbaycan Partiyasının 34 illik siyasi yolu dövlətçilik, milli birlik və güclü Azərbaycan naminə həyata keçirilən ardıcıl fəaliyyətin parlaq nümunəsidir.

Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə təbrik edərək partiyanın Azərbaycan dövlətçiliyinin inkişafında mühüm tarixi rol oynadığını vurğulayıb. O qeyd edib ki, bu partiyanın yaranması ölkəmizin mürəkkəb tarixi-siyasi şəraitində milli dövlətçiliyin qorunması, xalqın birliyinin təmin edilməsi və müstəqil Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından tarixi zərurətdən irəli gəlmişdir. Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və xalqın ona olan inamı əsasında formalaşan Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi möhtəşəm nailiyyətlərin siyasi dayaqlarından biridir.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsi dövlətimizin gücünü, siyasi iradəsini və milli həmrəyliyini nümayiş etdirir. Bu prosesdə Zəngilan rayonunun xüsusi yeri vardır; doğma yurda qayıdış, müasir infrastrukturun qurulması və rayonun iqtisadi potensialının bərpası dövlət siyasətinin konkret nəticələridir. Qarşımızda duran əsas vəzifələrdən biri bu tarixi nailiyyətləri qorumaq, azad edilmiş ərazilərdə davamlı inkişafı təmin etmək və Böyük Qayıdış prosesinə öz töhfəmizi verməkdir. İnanıram ki, Yeni Azərbaycan Partiyasının ətrafında birləşən cəmiyyətimizin həmrəyliyi, dövlətimizin gücü və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi qarşıdakı illərdə də Azərbaycanın yeni uğurlarına zəmin yaradacaqdır.

Tədbirdə çıxış edən partiya veteranı Hikmət Hüseynov və partiya fəalı Vüsalə Əliyeva Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyətinin ölkəmizin ictimai-siyasi həyatında mühüm tarixi mərhələ təşkil etdiyini vurğulayıblar. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin siyasi irsinin və dövlətçilik ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub. Bildirilib ki, Yeni Azərbaycan Partiyası ötən illər ərzində xalqın etimadını qazanaraq milli həmrəyliyin, siyasi sabitliyin və davamlı inkişafın mühüm dayaqlarından birinə çevrilib. Natiqlər partiyanın keçdiyi şərəfli yolun hər bir üzv üçün məsuliyyət və qürur mənbəyi olduğunu, xüsusilə gənc nəslin dövlətçilik ənənələrinə sadiqlik ruhunda yetişdirilməsinin vacibliyini diqqətə çatdırıblar. Sonda partiyanın bundan sonrakı fəaliyyətində də yeni nailiyyətlər əldə edəcəyinə əminlik ifadə olunub.

Daha sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himnin səsləndirilməsi ilə yekunlaşıb.
Geri dön