Ana Sayfa > Siyasət > Manaf Manafov:"Ulu Öndərin siyasi nüfuzu YAP-ın ümumxalq partiyasına çevrilməsində mühüm rol oynadı"

Manaf Manafov:"Ulu Öndərin siyasi nüfuzu YAP-ın ümumxalq partiyasına çevrilməsində mühüm rol oynadı"


Bu gün, 13:49. Yazar: azer
Manaf Manafov:"Ulu Öndərin siyasi nüfuzu YAP-ın ümumxalq partiyasına çevrilməsində mühüm rol oynadı"

Ulu Öndər Heydər Əliyevin ifadə etdiyi kimi: “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır.” Azərbaycanın müasir siyasi salnaməsində elə mühüm hadisələr mövcuddur ki, onların tarixi əhəmiyyəti yalnız baş verdiyi zamanla məhdudlaşmır, eyni zamanda ölkənin gələcək inkişaf yoluna da ciddi təsir göstərir. Yeni Azərbaycan Partiyasının təsis olunması məhz belə əlamətdar hadisələrdən biridir. Müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən mürəkkəb siyasi, iqtisadi və sosial vəziyyət, dövlət idarəçiliyi sistemindəki çətinliklər, dövlətçilik təsisatlarının kifayət qədər möhkəmlənməməsi və cəmiyyətdə yaranmış qeyri-sabitlik Azərbaycanın gələcəyi naminə ciddi addımların atılmasını tələb edirdi. Belə bir tarixi şəraitdə ölkənin taleyinə biganə qalmayan ziyalıların təşəbbüsü ilə yeni siyasi təşkilatın yaradılması zərurəti meydana çıxdı. Bu təşəbbüsün əsas qayəsində Azərbaycanın müstəqilliyini qorumağa, dövlətin əsaslarını möhkəmləndirməyə və xalqı ümummilli hədəflər ətrafında səfərbər etməyə qadir olan Heydər Əliyevin rəhbərliyinə və siyasi təcrübəsinə olan böyük inam dayanırdı.

Bu fikirləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.


Fikirlərini davam etdirən hakim partiya təmsilçisi bildirib ki,1992-ci il oktyabrın 16-da Azərbaycanın tanınmış ziyalılarından və ictimai-siyasi xadimlərindən ibarət 91 nəfərlik təşəbbüs qrupu Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlayaraq yaradılması nəzərdə tutulan yeni siyasi partiyaya rəhbərlik etməsini xahiş etdi. Tarixə “91-lərin müraciəti” adı ilə daxil olan bu sənəd yalnız bir qrup ziyalının mövqeyini deyil, həm də ölkədəki vəziyyətdən narahat olan, Azərbaycanın gələcəyi ilə bağlı ciddi gözləntilər bəsləyən geniş ictimaiyyətin düşüncələrini əks etdirirdi. Ulu Öndər Heydər Əliyev müraciətə verdiyi cavabda Yeni Azərbaycan Partiyasının yaradılmasını mövcud ictimai-siyasi şəraitdən irəli gələn obyektiv zərurət kimi dəyərləndirir, demokratik prinsiplər və siyasi plüralizm əsasında ölkənin ictimai-siyasi həyatında iştirak edərək müstəqil dövlətçiliyimizin möhkəmlənməsinə və inkişafına xidmət göstərə biləcəyini vurğulayırdı. Həmin cavabda dövlət qarşısında məsuliyyət, milli maraqlara bağlılıq və uzunmüddətli inkişaf perspektivlərini nəzərə alan siyasi düşüncə öz əksini tapmışdı. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində baş tutan təsis konfransı Yeni Azərbaycan Partiyasının yaranmasını rəsmiləşdirdi. Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 550 nümayəndənin qatıldığı konfransda partiyanın təsis edilməsi barədə qərar qəbul olundu, onun Nizamnaməsi və Proqramı təsdiqləndi, Ulu Öndər Heydər Əliyev yekdilliklə sədr seçildi. Bununla da ölkənin mürəkkəb siyasi və ictimai şəraitində meydana gələn yeni siyasi təşkilat üzərinə mühüm dövlətçilik missiyası götürdü. Heydər Əliyevin böyük siyasi təcrübəsi, zəngin idarəçilik bacarığı və uzaqgörənliyi partiyanın gələcək fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Nəticədə YAP qısa zaman ərzində Azərbaycanın ictimai-siyasi sistemində aparıcı mövqelərdən birini tutdu. Təşkilatın fəaliyyətində diqqət çəkən əsas cəhətlərdən biri konstruktiv siyasi yanaşmanın əsas götürülməsi idi. Demokratik cəmiyyətin ayrılmaz xüsusiyyətləri olan siyasi müxtəliflik, fikir azadlığı və plüralizm şəraitində dialoqun inkişafı, qarşılıqlı ehtiramın qorunması və qanunun aliliyinə riayət olunması mühüm prinsiplər kimi qəbul edilirdi.

Yeni Azərbaycan Partiyasının inkişaf tarixində xüsusi əhəmiyyətə malik hadisələrdən biri 2005-ci il martın 26-da baş tutan III qurultaydır. Həmin tədbirdə cənab Prezident İlham Əliyevin partiyanın sədri seçilməsi siyasi varislik ənənəsinin davamlılığının təmin olunması baxımından mühüm mərhələ təşkil etdi. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik xəttinin və strateji inkişaf kursunun davam etdirilməsi bundan sonrakı dövrdə partiyanın siyasi fəaliyyətinin başlıca istiqamətlərindən birinə çevrildi. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə iqtisadi imkanların genişləndirilməsi, nəqliyyat və digər infrastruktur sahələrinin müasirləşdirilməsi, beynəlxalq mövqelərin gücləndirilməsi, əhalinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin prioritetləri sırasında yer aldı. Eyni zamanda, Azərbaycanın müdafiə imkanlarının artırılması və ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirilən tədbirlər müasir tariximizin mühüm səhifələrini təşkil edir. 2020-ci ildə Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə Azərbaycanın hərbi-siyasi qüdrətini, milli həmrəyliyini və xalqımızın qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Tarixi Zəfər ölkənin qarşısında yeni inkişaf perspektivləri açaraq işğaldan azad edilmiş torpaqların yenidən qurulmasını, Böyük Qayıdış proqramının həyata keçirilməsini və regionda sülhün təmin olunmasına yönəlmiş təşəbbüslərin inkişafını əsas prioritetlərə çevirdi. 2021-ci il martın 5-də təşkil edilən VII qurultay da Yeni Azərbaycan Partiyasının fəaliyyətində yenilənmə və təşkilati inkişaf baxımından mühüm əhəmiyyət kəsb etdi. Qurultay çərçivəsində partiyanın yeni Nizamnaməsi təsdiqləndi, rəhbər strukturlarının tərkibi müəyyənləşdirildi və Veteranlar Şurasının yaradılması barədə qərar qəbul olundu. Mehriban Əliyevanın partiya sədrinin birinci müavini vəzifəsinə təyin edilməsi də həmin qurultayın diqqətəlayiq qərarlarından biri idi. VII qurultay YAP-ın dəyişən siyasi şəraitə uyğun fəaliyyət göstərməsi, siyasi dialoq imkanlarının artırılması, cəmiyyətdə həmrəyliyin möhkəmləndirilməsi və yeni dövrün tələblərinin nəzərə alınması baxımından mühüm mərhələ oldu.

Müsahibimiz daha sonra bildirib ki, 2026-cı il oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayı Azərbaycanın müasir siyasi həyatında qarşıdakı dövrün əsas inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra baş tutan bu qurultay qarşıda duran strateji vəzifələrin formalaşmış yeni reallıqlar əsasında nəzərdən keçirilməsini aktuallaşdırır. Hazırkı mərhələdə əsas məqsəd əldə olunmuş tarixi nailiyyətləri qoruyub saxlamaq, dövlət müstəqilliyinin və suverenliyinin əsaslarını daha da gücləndirmək, qazanılan imkanları uzunmüddətli inkişaf üçün əlverişli şəraitə çevirməkdir. Qurultayda diqqət mərkəzində olan mühüm məsələlərdən biri ölkənin müdafiə qabiliyyətinin və Silahlı Qüvvələrin potensialının daha da yüksəldilməsidir. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq tədbirlərinin davam etdirilməsi, müasir yaşayış və sosial infrastrukturun qurulması, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdış prosesinin sürətləndirilməsi qarşıda duran prioritet vəzifələrdəndir. Yeni inkişaf mərhələsində ideoloji təhlükəsizliyin təmin olunması, milli-mənəvi dəyərlərin yaşadılması, tarixi yaddaşın qorunması və gənc nəslin milli ruhda, vətənpərvərlik prinsipləri əsasında formalaşdırılması da xüsusi aktuallıq kəsb edir. Bu istiqamətdə təhsil sisteminin keyfiyyətinin artırılması, ideoloji fəaliyyətin formal xarakter daşımadan, müasir dövrün tələblərinə uyğun və daha səmərəli şəkildə təşkil edilməsi vacib məsələlərdəndir. VIII qurultay eyni zamanda Azərbaycanın müstəqil xarici siyasət strategiyasının davam etdirilməsi, milli maraqlara əsaslanan mövqeyinin qorunması və beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi baxımından yeni dövrün mühüm hədəflərini müəyyənləşdirir. Beləliklə, Yeni Azərbaycan Partiyasının siyasi inkişaf yolu öz tarixi köklərinə və prinsiplərinə sadiqliklə yanaşı, dəyişən şəraitə uyğunlaşmaq və gələcək perspektivləri nəzərə alan strategiyanı həyata keçirmək xüsusiyyətləri ilə seçilir. VIII qurultayın başlıca əhəmiyyəti də məhz indiyədək əldə olunmuş tarixi uğurların qorunması ilə Azərbaycanın qarşısında dayanan yeni inkişaf məqsədlərinin vahid strateji yanaşma çərçivəsində əlaqələndirilməsindən ibarətdir.

Yeni Azərbaycan Partiyasının yarandığı gündən bu günə qədər keçdiyi siyasi yol onun cəmiyyətdəki mövqeyinin formalaşmasında tarixi şəraitin və dövlətçilik amilinin nə qədər mühüm rol oynadığını təsdiqləyir. Partiyanın çoxillik fəaliyyəti dövlət müstəqilliyinin qorunması, siyasi sabitliyin təmin edilməsi, iqtisadi tərəqqinin sürətləndirilməsi və milli maraqların müdafiəsi kimi fundamental məsələlərlə sıx bağlıdır. Bununla belə, müasir dövrün reallıqları siyasi təşkilatların qarşısına yeni tələblər qoyur. Artıq yalnız keçmişdə qazanılmış uğurları diqqətə çatdırmaq kifayət etmir, eyni zamanda cəmiyyətin dəyişən tələbatını düzgün qiymətləndirmək, vətəndaşlarla əlaqələri daha da gücləndirmək və real nəticələrə söykənən fəaliyyət ortaya qoymaq vacibdir. Bu mənada YAP-ın gələcək inkişafı onun zəngin tarixi təcrübəsini müasir idarəçilik prinsipləri ilə uzlaşdırmasından, gənclərin fəallığını və təşəbbüskarlığını dəstəkləməsindən, ictimai müzakirə və dialoq mühitini genişləndirməsindən, eləcə də milli maraqlara əsaslanan siyasi xəttini ardıcıl şəkildə davam etdirməsindən asılıdır.

Ulu Öndər Heydər Əliyevin “dünənin, bu günün və gələcəyin partiyası” adlandırdığı Yeni Azərbaycan Partiyasının tarixi keçmişin siyasi təcrübəsi ilə gələcək qarşısında daşıdığı məsuliyyətin vəhdətini özündə birləşdirir. Bu dəyərli irsin yaşadılması isə təkcə tarixi hadisələrin yada salınması ilə məhdudlaşmamalı, dövlətçiliyin daha da gücləndirilməsinə, cəmiyyətin rifahının yüksəldilməsinə və Azərbaycanın davamlı tərəqqisinə yönəlmiş əməli fəaliyyətlə müşayiət olunmalıdır-Manaf Manafov fikrini tamamlayıb.
Geri dön