Ana Sayfa > Siyasət > Ağdam azadlığın və böyük qayıdışın ünvanıdır
Ağdam azadlığın və böyük qayıdışın ünvanıdırBu gün, 12:59. Yazar: azer |
![]() Ağdamın işğaldan azad edilməsi Azərbaycan tarixində mühüm hərbi və siyasi nailiyyət olmaqla bərabər, uzun illər dağıntılar içində qalmış şəhərin yenidən dirçəldilməsi üçün də yeni perspektivlər yaratdı. Bu tarixi hadisənin əhəmiyyətini qoruyub saxlamaq, torpaqlarımızın azadlığı uğrunda mübarizədə iştirak etmiş hərbçilərin xidmətlərini dövlət səviyyəsində layiqincə dəyərləndirmək istiqamətində mühüm qərarlar qəbul edildi. Cənab Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis olundu. Dövlət başçısının imzaladığı sərəncamlarla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çoxsaylı hərbi qulluqçuları həmin medalla təltif edildilər. Bu mükafat sadəcə hərbi xidmətə verilən qiymət deyil, eyni zamanda Ağdamın azadlığı uğrunda nümayiş etdirilən igidliyin, fədakarlığın və Vətənə bağlılığın dövlətin tarixi yaddaşında yaşadılmasının ifadəsidir. Ağdamın keçdiyi tarixi yol bir daha sübut etdi ki, torpaq xalqımız üçün yalnız coğrafi ərazi deyil, həm də milli mənsubiyyətin, tarixi köklərin və mənəvi dəyərlərin ayrılmaz parçasıdır. İşğal illəri bu bağlılığı zəiflədə bilmədi, əksinə, azadlıq arzusu nəsildən-nəslə ötürülərək tarixi Zəfərlə reallığa çevrildi. Uzun müddət dağıntılar içərisində qalan Ağdamın xarici jurnalistlər tərəfindən “Qafqazın Xirosiması” kimi səciyyələndirilməsi şəhərin məruz qaldığı dağıntıların miqyasını və onun tarixi-mədəni sərvətlərinə qarşı törədilmiş vəhşiliyi aydın şəkildə ortaya qoyurdu. Ermənistanın işğalçı qüvvələri yaşayış evlərini, ictimai binaları, dini məkanları və mədəniyyət abidələrini dağıdaraq şəhəri yaşayış üçün yararsız vəziyyətə gətirmişdilər. Bununla belə, Ağdamın gələcəyi yalnız keçmişin dağıntıları ilə müəyyənləşmədi. Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı yenidənqurma və bərpa proqramına start verərək şəhərin müasir inkişaf istiqamətlərini müəyyənləşdirdi. Ağdamda həyata keçirilən quruculuq tədbirləri təkcə işğal dövrünün ağır nəticələrinin aradan qaldırılmasına deyil, həm də müasir tələblərə cavab verən şəhər mühitinin formalaşdırılmasına xidmət edir. Təsdiq edilmiş Baş Plan əsasında yeni yaşayış sahələri, sosial təyinatlı obyektlər və zəruri infrastruktur layihələri reallaşdırılır. Kəngərli, Xıdırlı və Sarıcalıda görülən işlər rayonun kompleks şəkildə yenidən qurulmasının mühüm mərhələlərindəndir. 2025-ci ilin oktyabr ayına qədər Ağdam rayonuna yüzlərlə ailənin köçürülməsi Böyük Qayıdış proqramının artıq konkret nəticələr verdiyini nümayiş etdirir. Əhalinin rahat yaşayışı üçün yeni mənzillərin tikilməsi və gündəlik ehtiyacları qarşılayan şəraitin yaradılması qarşıda duran əsas məsələlərdəndir. İnsanların doğma yurdlarına qayıtması Ağdamın ictimai həyatının yenidən canlanmasına və davamlı inkişafına möhkəm zəmin formalaşdırır. Ağdamın bərpası yalnız yeni yaşayış binalarının, yolların və digər infrastruktur obyektlərinin inşası ilə məhdudlaşmır. Şəhərin əvvəlki mədəni simasının qaytarılması və zəngin irsinin yenidən yaşadılması da quruculuq prosesinin əsas istiqamətlərindən biridir. Ötən il fəaliyyətə başlayan Ağdam Muğam Mərkəzi bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Qarabağın qədim və zəngin muğam ənənələri nəzərə alındıqda, belə bir mədəniyyət ocağının məhz Ağdamda yaradılması dərin rəmzi məna ifadə edir. Mərkəzdə təhsil alacaq və yetişəcək gənc nəsil Azərbaycan milli musiqisinin qorunmasına, təbliğinə və gələcək nəsillərə çatdırılmasına öz töhfəsini verəcək. Eyni tarixdə açılışı həyata keçirilən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi isə şəhərin nəqliyyat sisteminin inkişafında mühüm rol oynayaraq onun ölkənin vahid infrastruktur şəbəkəsinə qoşulmasını daha da sürətləndirir. Təqribən 8 hektar sahəni əhatə edən kompleksin tərkibində dəmir yolu vağzalı, avtovağzal, sərnişinlər üçün gözləmə zalları, müxtəlif xidmət və istirahət məkanları yaradılıb. Azərbaycanda ilk dəfə qapalı dəmir yolu platformasının məhz Ağdamda inşa olunması layihənin müasir və innovativ xüsusiyyətlərindən biri hesab edilir. Bu nəqliyyat kompleksi hər gün minlərlə sərnişinə xidmət göstərmək imkanına malik olacaq. Beləliklə, Ağdamda mədəniyyət və nəqliyyat sahələrinin inkişafı eyni vaxtda həyata keçirilir, şəhərin Qarabağın aparıcı mədəni və iqtisadi mərkəzlərindən birinə çevrilməsi üçün mühüm addımlar atılır. Bu gün Ağdamda müşahidə olunan tərəqqi onu göstərir ki, Azərbaycanın qazandığı Zəfər yalnız tarixi qələbə kimi yadda qalmır, eyni zamanda gələcəyə hesablanmış genişmiqyaslı bərpa və quruculuq prosesinin əsasını təşkil edir. Rəşad Əsgərov, SOCAR “Kompleks qazma işləri” trestinin müdiri, YAP Nərimanov ƏPT nin sədri Geri dön |