Ana Sayfa > Gündəm > YAP Mərkəzi Aparatında görüş keçirilib
YAP Mərkəzi Aparatında görüş keçirilibBu gün, 12:57. Yazar: azer |
![]() Noyabrın 19-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP İdarə Heyətinin üzvü Samir Cəfərovun 50 illik yubileyi münasibətilə görüş keçirilib. YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Samir Cəfərov Heydər Əliyev ideyalarına sadiq, möhkəm əqidəli və vətənpərvər şəxsiyyət kimi uzun müddət mədəniyyət sahəsində uğurlu fəaliyyət göstərərək öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Tahir Budaqov Azərbaycan opera sənətinin inkişafına mühüm töhfələr verən, zəngin repertuara və geniş yaradıcılıq təcrübəsinə malik Samir Cəfərovun çoxillik və məqsədyönlü fəaliyyətinin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb: “Sizin Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2012-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına, eləcə də Prezident mükafatına layiq görülməyiniz əməyinizə verilən yüksək dəyərin bariz nümunəsidir”. Yeni Azərbaycan Partiyası Sədrinin müavini vurğulayıb ki, Samir Cəfərov hazırda YAP İdarə Heyətinin üzvü kimi məqsədyönlü fəaliyyətini uğurla davam etdirərək partiyanın həyatında yaxından iştirak edir: “Sizə möhkəm cansağlığı, uzun ömür və mənəvi dəyərlərin, dövlət maraqlarının qorunması, tarixi irsimizin mühüm tərkib hissəsi olan milli mədəniyyətimizin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda sağlam yetişməsi istiqamətində şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram”. Göstərilən diqqətə görə minnətdarlığını bildirən Samir Cəfərov Ümummilli Liderin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən, Azərbaycanın tərəqqisində müstəsna rol oynayan Yeni Azərbaycan Partiyasının həyatında yaxından iştirak etməkdən qürur duyduğunu, bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Geri dön |