Ana Sayfa > Özəl > ABŞ-dan Ukraynaya gözlənilməz mesaj – Pentaqonun mövqeyi Avropanı təəccübləndirdi

ABŞ-dan Ukraynaya gözlənilməz mesaj – Pentaqonun mövqeyi Avropanı təəccübləndirdi


Bu gün, 20:00. Yazar: vasif
ABŞ-dan Ukraynaya gözlənilməz mesaj – Pentaqonun mövqeyi Avropanı təəccübləndirdi




ABŞ Müdafiə Nazirliyi Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsinə qarşı mövqe nümayiş etdirib. Pentaqon rəsmisinin açıqlaması Avropa ölkələrinin nümayəndələri arasında narazılıq yaradıb.

“The Telegraph” nəşrinin məlumatına görə, Pentaqon rəhbərinin siyasət üzrə müavini Eldric Kolbi Ukrayna Müdafiəsi üzrə Təmas Qrupunun iclasında bu barədə danışıb.

Kolbi bildirib ki, Rusiyanın dərinliklərinə endirilən zərbələr müharibənin başa çatmasına kömək etmir və Rusiya ordusunun cəbhədə irəliləməsini dayandırmır.

Pentaqon rəsmisinin bu mövqeyi Almaniya, Böyük Britaniya və digər Avropa ölkələrinin nümayəndələri üçün gözlənilməz olub. Avropalı rəsmilər belə hücumların Rusiyanın hərbi imkanlarını zəiflətmək baxımından əhəmiyyətli olduğunu müdafiə ediblər.

Məlumata əsasən, Kolbi çıxışından sonra Ukrayna tərəfinin qapalı hesabatını dinləmədən iclası tərk edib. Onun görüşdən tez ayrılması təyyarə səfərinə yetişmək zərurəti ilə izah olunur.

Bundan sonra ABŞ-ı iclasda ölkənin NATO-dakı səfiri Metyu Uitaker təmsil edib.

Nəşrə danışan almaniyalı mənbə ABŞ nümayəndəsinin mövqeyini kəskin tənqid edərək Vaşinqtonun iclasda Rusiyanın yanaşmasına yaxın mövqe sərgilədiyini iddia edib.

Almaniyanın müdafiə naziri Boris Pistoriusun da Kolbinin fikirlərini sərt tənqid etdiyi bildirilir. Britaniya tərəfi isə Rusiyanın dərinliklərindəki hərbi hədəflərə zərbələrin Moskvanın müharibə aparmaq imkanlarını zəiflətdiyini vurğulayıb.

Beləliklə, Ukraynanın Rusiya ərazisində uzaqmənzilli hücumları ilə bağlı ABŞ və bəzi Avropa ölkələri arasında fikir ayrılıqlarının davam etdiyi bildirilir.
Geri dön