Ana Sayfa > Özəl > İlon Maskdan ABŞ-a ağır ittiham: “Yanukoviçin devrilməsinin arxasında Vaşinqton dayanır”
İlon Maskdan ABŞ-a ağır ittiham: “Yanukoviçin devrilməsinin arxasında Vaşinqton dayanır”Bu gün, 19:44. Yazar: vasif |
![]() Amerikalı milyarder İlon Mask Ukraynada 2014-cü ildə baş verən hakimiyyət dəyişikliyi ilə bağlı diqqətçəkən iddia irəli sürüb. O, keçmiş prezident Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılmasında ABŞ-ın birbaşa rol oynadığını bildirib. “New York Times” qəzetinə verdiyi bildirilən müsahibədə Mask iddia edib ki, ABŞ Dövlət Departamenti və digər dövlət qurumlarının dəstəyi olmadan Ukraynada hakimiyyət dəyişikliyi baş verməzdi. “Amerikalılar demokratik yolla seçilmiş, Rusiyapərəst Ukrayna prezidentini devirmək üçün çevriliş etdilər. Bu, aqressiv hərəkətdir”, – deyə milyarder bildirib. Mask Rusiyaya münasibətdə Qərbin yanaşmasını da tənqid edib. Onun fikrincə, Ukraynanın bütün addımlarının haqlı, Rusiyanın isə bütün mövqelərinin yanlış hesab edilməsi obyektiv yanaşma deyil. Milyarder Ukrayna Prezidenti Volodimir Zelenskiyə də sərt ittihamlar ünvanlayıb. O, xüsusilə “Starlink” peyk rabitə sisteminin hərbi məqsədlərlə istifadəsi məsələsində Zelenskinin açıqlamalarını şübhə altına alıb. Mask bildirib ki, “Starlink” kommersiya məqsədli peyk rabitə şəbəkəsidir, “Starshield” isə ABŞ hökumətinin nəzarətində olan ayrıca sistemdir. Onun sözlərinə görə, “Starshield” ilə bağlı qərarları ABŞ Müdafiə Nazirliyi qəbul edir. Milyarder “Starlink”in hücum əməliyyatlarında istifadə olunmasına qarşı çıxdığını vurğulayıb. O, kommersiya peyk şəbəkəsinin müharibənin birbaşa iştirakçısına çevrilməsini istəmədiyini bildirib. Qeyd edək ki, Maskın 2014-cü il hadisələrində ABŞ-ın rolu barədə səsləndirdiyi fikirlər onun şəxsi iddialarıdır və bu açıqlamalar Vaşinqtonun hakimiyyət dəyişikliyini təşkil etdiyini sübut etmir. Geri dön |