Ana Sayfa > Siyasət > Yeni Azərbaycan Partiyası-34 illik inkişaf, siyasi varislik və dövlətçilik
Yeni Azərbaycan Partiyası-34 illik inkişaf, siyasi varislik və dövlətçilikBu gün, 11:14. Yazar: azer |
![]() 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi Azərbaycanın ictimai-siyasi həyatında mühüm tarixi hadisə oldu. Ölkənin ağır siyasi, iqtisadi və hərbi böhranla üzləşdiyi bir dövrdə yaradılan partiya qısa müddətdə cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi. Bu gün 34 illik inkişaf yolu keçmiş Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın siyasi həyatında mühüm yer tutur. Partiyanın yaradılması təşəbbüsü Azərbaycanın tanınmış ziyalılarının müraciəti əsasında formalaşdı. 1992-ci il oktyabrın 16-da 91 nəfər nüfuzlu ziyalı Heydər Əliyevə müraciət edərək yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsini xahiş etdi. Ulu Öndər cavabında belə bir partiyanın yaradılmasını obyektiv zərurət kimi qiymətləndirdi və onun müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində tarixi rol oynaya biləcəyini bildirdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında ölkənin bütün regionlarını təmsil edən 550 nəfərlik təşəbbüs qrupu iştirak etdi. Konfransda partiyanın yaradılması haqqında qərar qəbul edildi, Nizamnamə və Proqram təsdiqləndi, Heydər Əliyev yekdilliklə YAP-ın sədri seçildi. Beləliklə, müstəqil Azərbaycanın siyasi tarixində yeni mərhələnin əsası qoyuldu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa müddətdə ümumxalq partiyasına çevrildi. Onun siyasi fəaliyyəti ölkədə sabitliyin möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin qorunması və milli maraqların müdafiəsi ilə səciyyələndi. 2005-ci il martın 26-da keçirilən III qurultayda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev partiyanın sədri seçildi. Bununla YAP-ın fəaliyyətində yeni mərhələ başlandı. Cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək partiyanın inkişafına, təşkilati strukturunun təkmilləşdirilməsinə və yeni strateji hədəflərinin müəyyənləşdirilməsinə rəhbərlik etdi. 2021-ci il martın 5-də keçirilən VII qurultayda partiyanın yeni Nizamnaməsi qəbul edildi, 40 nəfərlik İdarə Heyəti, 13 nəfərlik Təftiş Komissiyası və 35 nəfərdən ibarət Veteranlar Şurası təsdiqləndi. Həmin gün Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edildi. YAP-ın 2021-ci il dekabrın 29-da təsdiq edilmiş Proqramında partiyanın siyasi dəyərləri və strateji hədəfləri müəyyənləşdirilib. Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, siyasi varislik, konstruktiv əməkdaşlıq, sosial ədalət və demokratik ənənələrin inkişafı əsas prinsiplər kimi müəyyən olunub. Proqramda güclü iqtisadiyyatın qurulması, insan kapitalının inkişafı, şəffaflığın artırılması, milli-mənəvi dəyərlərin qorunması, ordu quruculuğu və işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış da daxil olmaqla 11 strateji hədəf əksini tapıb. Partiyanın ictimai-siyasi mövqeyi seçkilərdə əldə etdiyi nəticələrdə də öz əksini tapır. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyev 92,12 faiz səs qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Həmin il sentyabrın 1-də keçirilən parlament seçkilərində partiya 68 mandat əldə edib. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində isə YAP-ın 5855 üzvü bələdiyyə üzvü seçilib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın fəaliyyətində siyasi dialoqun, konstruktiv əməkdaşlığın və ümummilli maraqların müdafiəsinin təşviqi də mühüm yer tutur. Dövlət başçısının siyasi münasibətlərin sağlam əsaslar üzərində inkişafına verdiyi önəm ölkədə siyasi dialoq mühitinin genişlənməsinə xidmət edir. 2026-cı il oktyabrın 2-də keçirilən YAP-ın VIII qurultayı partiyanın inkişafında növbəti mühüm mərhələ oldu. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən qurultayda cənab Prezident İlham Əliyev proqram xarakterli çıxış edərək partiyanın qarşısında duran əsas vəzifələri və gələcək strateji istiqamətləri müəyyənləşdirdi. Qurultayda partiyanın Nizamnaməsinə dəyişikliklər təsdiqləndi, İdarə Heyətinin və Təftiş Komissiyasının say tərkibləri müəyyən edildi və üzvləri seçildi. Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti Azərbaycanın müasir siyasi tarixinin mühüm mərhələlərini əhatə edir. Ulu Öndər Heydər Əliyevin yaratdığı siyasi təşkilat bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyətini davam etdirir. Partiyanın qarşısında dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması, sosial-iqtisadi inkişafın dəstəklənməsi, azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış prosesinə töhfə verilməsi kimi mühüm vəzifələr dayanır. 21 noyabr – Yeni Azərbaycan Partiyasının təsis edildiyi gün ölkəmizin siyasi tarixində xüsusi əhəmiyyət daşıyır. Bu tarix Heydər Əliyevin dövlətçilik irsini, siyasi varislik ənənəsini və Azərbaycanın müstəqil dövlət kimi inkişafında YAP-ın rolunu bir daha diqqətə çatdırır. Partiyanın 34 illik fəaliyyəti və qarşıya qoyduğu yeni hədəflər onun ölkənin gələcək inkişaf proseslərində də iştirakını davam etdirəcəyini göstərir. İlqar Kərimov, YAP Tovuz Rayon Təşkilatının sədr müavini Geri dön |