Ana Sayfa > Siyasət > Böyük Qayıdışın, quruculuğun və Qarabağın iqtisadi dirçəlişinin ünvanı

Böyük Qayıdışın, quruculuğun və Qarabağın iqtisadi dirçəlişinin ünvanı


Bu gün, 10:50. Yazar: azer
Böyük Qayıdışın, quruculuğun və Qarabağın iqtisadi dirçəlişinin ünvanı

Azərbaycanın müasir tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, gələcək nəsillərin həyatına və ölkənin inkişaf istiqamətlərinə də təsir göstərir. 2020-ci ildə Ağdamın işğaldan azad edilməsi və bundan sonra şəhərdə başlanan genişmiqyaslı bərpa-quruculuq prosesi belə hadisələrdəndir. Bu gün Ağdam yalnız tarixi torpaqlarımızın azad edilməsinin deyil, həm də Azərbaycanın quruculuq qüdrətinin, iqtisadi potensialının və gələcəyə hesablanmış inkişaf strategiyasının təcəssümünə çevrilir. 20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə bu qədim şəhərin keçdiyi tarixi yola nəzər salmaqla yanaşı, onun gələcək inkişaf perspektivlərini də qiymətləndirmək vacibdir. Çünki Ağdamın bugünkü siması Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi siyasətin miqyasını, məqsədlərini və real nəticələrini nümayiş etdirir. Ağdam tarixən Qarabağın mühüm yaşayış, ticarət, kənd təsərrüfatı və mədəniyyət mərkəzlərindən biri olub. Qədim yaşayış məskənləri, arxeoloji abidələri, münbit torpaqları və əlverişli coğrafi mövqeyi bu bölgənin inkişafı üçün geniş imkanlar yaradıb. Rayonun ərazisində aparılmış arxeoloji tədqiqatlar burada minilliklər əvvəl oturaq həyatın mövcudluğunu, əkinçilik və maldarlığın inkişaf etdiyini təsdiqləyir. Üzərriktəpədə aşkarlanan maddi-mədəniyyət nümunələri isə Ağdamın qədim şəhər mədəniyyətinin mühüm mərkəzlərindən biri olduğunu göstərir. Lakin 1993-cü ildə Ermənistanın hərbi təcavüzü nəticəsində Ağdamın böyük hissəsi işğal olundu. Şəhərin və kəndlərin infrastrukturu dağıdıldı, tarixi-mədəni abidələr talan edildi, əhali doğma yurdlarından didərgin salındı. 128 minə yaxın insan məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Bir zamanlar inkişaf etmiş yaşayış və iqtisadi mərkəzi olan Ağdam uzun illər xarabalığa çevrilmiş vəziyyətdə qaldı.
2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə Ağdamın da taleyində dönüş nöqtəsi oldu. Noyabrın 20-də rayonun işğal altında olan əraziləri Azərbaycana qaytarıldı. Bununla da Ağdamda yeni tarixi mərhələnin – bərpa, yenidənqurma və Böyük Qayıdış mərhələsinin əsası qoyuldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti Ağdamın inkişafında xüsusi yer tutur. Dövlət başçısının şəhərə mütəmadi səfərləri, layihələrin gedişinə şəxsən nəzarət etməsi, yeni infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimlərində iştirakı bu bölgənin ölkənin gələcək inkişaf strategiyasında nə qədər mühüm əhəmiyyət daşıdığını göstərir. Ağdamın bərpasında əsas istiqamətlərdən biri müasir şəhərsalma prinsiplərinə uyğun yeni yaşayış mühitinin yaradılmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. İşğaldan azad edilmiş şəhərlər arasında ilk təsdiqlənən baş planlardan biri olan bu sənəd Ağdamın gələcək inkişafının əsas çərçivəsini müəyyənləşdirir. Baş plana əsasən, Ağdamın müasir şəhərsalma tələblərinə uyğun, geniş ictimai məkanlara, yaşayış və xidmət infrastrukturuna, istehsal və biznes imkanlarına malik şəhərə çevrilməsi nəzərdə tutulur. Gələcəkdə şəhərdə 100 min nəfər əhalinin yaşaması planlaşdırılır. Bu məqsədlə yaşayış məhəllələri, təhsil və səhiyyə müəssisələri, ictimai xidmət obyektləri, parklar, yollar və digər infrastruktur elementləri vahid inkişaf konsepsiyası əsasında qurulur. Ağdamın bərpası yalnız şəhər mərkəzinin yenidən qurulması ilə məhdudlaşmır. Rayonun kəndlərinin də müasir standartlara uyğun bərpası Böyük Qayıdış proqramının əsas istiqamətlərindəndir. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində birinci mərhələlərin istifadəyə verilməsi bu prosesin mühüm nəticələrindəndir. Eyni zamanda Qiyaslı, Salahlı Kəngərli, Qərvənd, Tağıbəyli, Güllücə, Nəmirli, Şoltanlı və Eyvazxanbəyli kəndlərində də quruculuq işləri həyata keçirilir. Bu kəndlərin yenidən qurulmasında məqsəd sakinlərin yalnız yaşayış evləri ilə təmin edilməsi deyil, onların normal həyat və fəaliyyət göstərməsi üçün zəruri şəraitin yaradılmasıdır. Məktəblər, uşaq bağçaları, inzibati binalar, klub-icma mərkəzləri, yol və kommunal infrastrukturu kənd həyatının müasir tələblərə uyğun təşkilinə xidmət edir. Beləliklə, doğma torpaqlara qayıdan insanlar üçün dayanıqlı yaşayış mühiti formalaşdırılır.
Böyük Qayıdışın ən mühüm göstəricisi insanların doğma evlərinə qayıtmasıdır. 2026-cı ilin noyabr ayına olan məlumata əsasən, Ağdam şəhərində 1002 ailə olmaqla 3604 nəfər, Xıdırlı kəndində 659 ailə olmaqla 2621 nəfər, Kəngərli kəndində 292 ailə olmaqla 1261 nəfər, Sarıcalı kəndində isə 193 ailə olmaqla 814 nəfər məskunlaşıb. Ümumilikdə, rayonun qeyd olunan yaşayış məntəqələrində 2146 ailə, 8300 nəfər yeni həyat qurmağa başlayıb. Bu rəqəmlərin arxasında minlərlə insanın illərlə gözlədiyi arzunun gerçəkləşməsi dayanır. Doğma evə qayıdış yalnız fiziki məkanın dəyişməsi deyil. Bu, insanın öz tarixi ilə, ailə xatirələri ilə, ata-baba yurdu ilə yenidən qovuşmasıdır. Ona görə də Böyük Qayıdış siyasətinin əsas məqsədi insanların təhlükəsiz, rahat və layiqli həyat şəraitinin təmin edilməsidir. Ağdamın iqtisadi dirçəlişində sənaye sektorunun inkişafı xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Ağdam Sənaye Parkı bölgənin gələcək iqtisadi mənzərəsini müəyyənləşdirən əsas layihələrdən biridir. Prezident İlham Əliyevin 2021-ci il mayın 28-də imzaladığı Fərmanla yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın əsas məqsədi Qarabağın sənaye potensialını reallaşdırmaq, sahibkarlığı dəstəkləmək, yerli istehsalı genişləndirmək və əhalinin məşğulluğunu artırmaqdır. Ağdam Sənaye Parkı rezidentlərin sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkənin ikinci ən böyük sənaye parkıdır. 2026-cı ilin noyabrına təqdim olunan göstəricilərə əsasən, burada ümumi investisiya həcmi 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Hazırda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi davam etdirilir. Sahibkarlar tərəfindən yatırılmış investisiyaların həcmi 115 milyon manatı ötüb, 964 nəfər daimi işlə təmin edilib. Bu göstəricilər Ağdamın iqtisadi potensialının tədricən reallaşdığını nümayiş etdirir. Sənaye Parkında istehsal müəssisələrinin yaradılması yeni iş yerləri ilə yanaşı, yerli xammal və resurslardan daha səmərəli istifadə, sahibkarlıq mühitinin genişlənməsi və regionun ölkə iqtisadiyyatına inteqrasiyası baxımından da əhəmiyyətlidir. Ağdamda müxtəlif istehsal sahələrinin formalaşması gələcəkdə bölgənin sənaye mərkəzlərindən birinə çevrilməsinə zəmin yaradır.
İqtisadi inkişafın digər mühüm şərti müasir nəqliyyat infrastrukturunun qurulmasıdır. Bu baxımdan Bərdə–Ağdam dəmir yolu xətti və Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi xüsusi əhəmiyyət daşıyır. 2025-ci il mayın 10-da açılışı olan kompleks təxminən 8 hektar ərazidə yerləşir və müxtəlif nəqliyyat vasitələrinin vahid mərkəzdə birləşdirilməsinə imkan yaradır. Kompleksdə dəmir yolu vağzalı, avtovağzal, gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, restoranlar, istirahət guşələri və digər xidmət sahələri yaradılıb. Azərbaycanda ilk qapalı dəmir yolu platformasının məhz burada inşa edilməsi layihənin mühüm yeniliklərindən biridir. 350 metr uzunluğunda olan platforma sərnişinlərin rahat və təhlükəsiz hərəkətinə xidmət edir. Dəmir yolu vağzalının gündəlik 800–1000 nəfər, avtovağzalın isə 1300–1500 nəfər sərnişinə xidmət etmək imkanına malik olması kompleksin regional nəqliyyat sistemindəki rolunu göstərir. Bu infrastruktur Ağdamın digər şəhər və rayonlarla əlaqələrini gücləndirməklə yanaşı, işgüzar fəallığın, turizmin və iqtisadi dövriyyənin genişlənməsinə də töhfə verəcək. Ağdamın inkişafında mədəniyyət və milli irsin qorunması da mühüm yer tutur. Şəhərin tarixi simvolu olan İmarət Kompleksinin bərpası, Ağdam Cümə məscidinin yenidən qurulması, Qiyaslı məscidinin bərpadan sonra istifadəyə verilməsi Azərbaycanın öz mədəni irsinə sahib çıxmasının göstəricisidir. Qarabağ xanlarının tarixi irsini yaşadan İmarət Kompleksi Ağdamın tarixi kimliyinin qorunması baxımından xüsusi əhəmiyyətə malikdir. 2025-ci il mayın 10-da açılışı olan Ağdam Muğam Mərkəzi isə şəhərin mədəni həyatında yeni mərhələnin başlanğıcıdır. Mərkəzdə 474 yerlik konsert zalı, 15 dərs otağı, sərgi və iclas zalları yaradılıb. Bundan başqa, 615 tamaşaçı tutumuna malik açıq amfiteatr da inşa olunub. Bu mərkəz Qarabağın zəngin musiqi ənənələrinin yaşadılması, muğam sənətinin tədrisi və gənc nəslə çatdırılması üçün mühüm imkanlar yaradır. Ağdamın mədəni dirçəlişi onun turizm potensialının inkişafı ilə də sıx bağlıdır. Tarixi abidələr, Qarabağ xanlığının irsi, Şahbulaq qalası, İmarət Kompleksi və bölgənin təbii imkanları gələcək turizm marşrutlarının formalaşdırılması üçün geniş imkanlar açır. Şəhərdə müasir hotel infrastrukturunun yaradılması da bu istiqamətdə atılan addımlardandır. “Aghdam City Hotel” və “Hilton Garden Inn Agdam” hotellərinin istifadəyə verilməsi Ağdamın turizm və xidmət sektorunun inkişafına yeni imkanlar qazandırır. Ağdamın yenidən qurulması həm də Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir. Xarici dövlətlərin nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərləri, burada həyata keçirilən layihələrlə tanışlıq və yeni iqtisadi əməkdaşlıq perspektivləri Qarabağın regional və beynəlxalq əlaqələr sistemində rolunu artırır. Ağdamın müasir infrastrukturu, sənaye potensialı və əlverişli coğrafi mövqeyi gələcəkdə investisiya və biznes fəaliyyəti üçün də cəlbedici imkanlar yarada bilər.
Bütün bu layihələr vahid məqsədə – Ağdamı insanların yaşamaq, işləmək, təhsil almaq və gələcək qurmaq istədiyi müasir şəhərə çevirməyə xidmət edir. Burada əsas məsələ yalnız yeni binaların tikilməsi deyil, iqtisadi, sosial və mədəni həyatın kompleks şəkildə bərpasıdır. Şəhərin uzunmüddətli inkişafı üçün yaradılan infrastruktur, sənaye müəssisələri, təhsil və mədəniyyət obyektləri gələcək nəsillərin həyatına hesablanıb. Ağdamın bugünkü inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış strategiyasının real nəticələrini əks etdirir. İşğal dövründə xarabalığa çevrilmiş şəhərin yenidən qurulması Azərbaycanın iqtisadi imkanlarının, dövlət idarəçiliyinin və siyasi iradəsinin göstəricisidir. Bu proses eyni zamanda ölkənin ərazi bütövlüyünün bərpasından sonra qarşıya qoyduğu yeni vəzifələrin ardıcıl şəkildə yerinə yetirildiyini təsdiqləyir.
20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə şəhərin keçdiyi tarixi yola nəzər saldıqda bir həqiqət aydın görünür: Ağdam artıq yalnız keçmişin faciəsini xatırladan şəhər deyil. O, Azərbaycanın gələcəyə yönəlmiş quruculuq siyasətinin, milli həmrəyliyinin və iqtisadi inkişafının mühüm mərkəzlərindən birinə çevrilir. Ağdamın dirçəlişi xalqımızın tarixi yaddaşına ehtiramın, şəhidlərimizin müqəddəs xatirəsinə sədaqətin və gələcək nəsillər qarşısında məsuliyyətin ifadəsidir. Bu şəhərin yenidən qurulması ilə Azərbaycan yalnız dağıdılmış infrastrukturu bərpa etmir, həm də Qarabağın gələcəyini formalaşdırır. Yeni Ağdam öz tarixindən güc alan, müasir şəhərsalma prinsipləri əsasında qurulan, sənaye və mədəniyyət imkanlarını birləşdirən, sakinlərinin rifahına xidmət edən şəhər olacaq. Onun inkişafı Qarabağın ümumi dirçəlişinə, Azərbaycanın iqtisadi gücünün artmasına və Böyük Qayıdışın uğurla davam etdirilməsinə mühüm töhfə verəcək. Ağdamın xarabalıqlar üzərində yenidən qurulması bir daha sübut edir ki, Azərbaycan xalqı öz torpaqlarına qayıtmaqla kifayətlənmir, həmin torpaqlarda daha güclü gələcək qurur. Bu gün Ağdamda ucalan hər bir bina, açılan hər bir müəssisə, salınan hər bir küçə və doğma evinə qayıdan hər bir ailə Zəfərimizin davam edən quruculuq salnaməsinin bir səhifəsidir.

Şahin Seyidzadə
Milli Məclisin deputatı
Geri dön