Ana Sayfa > Ölkə > Yeni il sevinci ailələrə neçəyə başa gələcək? — Xərclər açıqlandı
Yeni il sevinci ailələrə neçəyə başa gələcək? — Xərclər açıqlandıDünən, 23:45. Yazar: vasif |
![]() Yeni ilin yaxınlaşması ilə paytaxt Bakıda uşaqlar üçün bayram proqramlarına hazırlıq başlayıb. 2026-cı ilin dekabrından 2027-ci ilin ilk günlərinədək paytaxtın müxtəlif teatr və konsert məkanlarında balacalar üçün bir sıra Yeni il tamaşaları, sirk şouları, nağıl personajlarının iştirakı ilə əyləncəli proqramlar və interaktiv təqdimatlar təşkil olunacaq. Maşa və Ayı, Şaxta Baba, Qar qız və digər sevilən qəhrəmanların iştirakı ilə keçiriləcək tədbirlər uşaqlara bayram əhval-ruhiyyəsi bəxş etməyi hədəfləyir. Artıq bəzi tamaşa və əyləncə proqramlarının tarixləri, məkanları və bilet qiymətləri də açıqlanıb. Sirk proqramları və digər əyləncə tədbirləri də valideynlərin diqqətini çəkir. Bəzi proqramlarda uşaqlar üçün əlavə hədiyyələr, interaktiv oyunlar və müxtəlif əyləncələr nəzərdə tutulur. Lakin ailələrin bir neçə uşaqla bu tədbirlərdə iştirak etməsi ümumi xərci daha da artırır. Bilet qiymətindən əlavə, yol xərci, qida və digər məsrəflər də valideynlərin büdcəsinə təsir göstərir. Bəs bir uşağı Yeni il tamaşasına və ya sirkə aparmaq ailəyə neçəyə başa gələcək? Bir neçə uşağı olan ailələr üçün bu cür əyləncələr nə dərəcədə əlçatandır? Uşaqların bayram tədbirlərində iştirakını təmin etmək üçün daha münasib qiymətli proqramların təşkili mümkündürmü? Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında dünya şöhrətli azərbaycanlı sirk ustası, rejissor, 50-dən çox sirk proqramının təşkilatçısı və direktoru Allahverdi İsrafilov bildirib ki, biletlərin qiymətləri hər kəsin əldə edə biləcəyi səviyyədə müəyyənləşdirilir. Onun sözlərinə görə, hazırda sirk proqramlarına biletlərin qiyməti 15-35 manat arasında dəyişir. Allahverdi İsrafilov qeyd edib ki, ənənəvi olaraq hər yeni proqram çərçivəsində şəhid ailələrinə və valideyn himayəsindən məhrum olmuş uşaqlara pulsuz biletlər təqdim olunur. Daha sonra uşaqların sirk tamaşalarına baxmasının onların psixologiyasına necə təsir etdiyini araşdırdıq. Bəs bu cür tədbirlər uşaqların psixoloji inkişafına, emosional vəziyyətinə və sosiallaşmasına necə təsir edir? Nağıl qəhrəmanları, Şaxta Baba ilə görüş və kollektiv əyləncələr uşaqlarda hansı müsbət hissləri formalaşdırır? Valideynlər tamaşa seçərkən nələrə diqqət etməlidirlər? Psixoloq Aygül Məlikova mövzu ilə bağlı saytımıza açıqlamasında bildirib ki, valideynlər tamaşa seçərkən ilk növbədə uşaqlar üçün tövsiyə olunan yaş həddini nəzərə almalıdırlar. Onun sözlərinə görə, bu yaş dövrü uşağın həm psixoloji inkişafına, həm də hadisələri qavrama və təhlil etmə qabiliyyətinə təsir göstərir: "Məsələn, 3 yaşadək uşaqlarda təxəyyül daha fəal olduğu üçün şaxta baba, nağıl qəhrəmanları və iri ölçülü personajlar onlarda qorxu yarada bilər. Bu isə uşağın tamaşadan zövq almasına mane olur. Əslində, uşaqda qorxu hissi olmadığı təqdirdə, xüsusilə Yeni il ərəfəsində təşkil olunan nağıl və səhnə tamaşaları onun sosial bacarıqlarının, dünyagörüşünün və nitqinin inkişafına müsbət təsir göstərir. Eyni zamanda, belə tamaşalar uşaqların hadisələri təhlil və ətraf aləmi daha yaxşı dərk etmək bacarıqlarını da gücləndirir. Buna görə də valideynlər həm yaş məhdudiyyətinə, həm də uşaqlarının müxtəlif personajlara verə biləcəyi reaksiyalara diqqət yetirməlidirlər. 3 yaşdan sonra isə bu cür qorxular, adətən, azaldığından uşaqlar tamaşaları daha rahat izləyə bilirlər". Geri dön |