Ana Sayfa > Siyasət > Suverenliyə hörmət və sülhə doğru: Azərbaycanın beynəlxalq mövqeyinin təsdiqi
Suverenliyə hörmət və sülhə doğru: Azərbaycanın beynəlxalq mövqeyinin təsdiqiBu gün, 20:08. Yazar: azer |
![]() Dövlətlərarası münasibətlərin möhkəmliyi beynəlxalq hüququn prinsiplərinə, qarşılıqlı hörmətə və suveren hüquqların tanınmasına əsaslanır. Noyabrın 12-də Dublində Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhəm tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu prinsiplərin bir daha təsdiqi baxımından mühüm əhəmiyyət daşıyır. Bəyannamədə tərəflərin BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmətlə bağlı mövqeyi ifadə olunur. Bu müddəalar Azərbaycanın uzun illər ərzində müdafiə etdiyi prinsipial xarici siyasət xətti ilə uzlaşır. Ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasına nail olub. Bu gün isə regionda yaranmış yeni reallıqların davamlı sülhə çevrilməsi əsas prioritetlərdəndir. Sənəddə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Sammitinin Bəyannaməsinin əhəmiyyətinin vurğulanması, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımlarının alqışlanması xüsusi diqqət çəkir. Böyük Britaniyanın regionda davamlı sülhün əldə olunması istiqamətində səyləri dəstəkləməsi Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Bəyannamədə müdafiə və təhlükəsizlik, sərhəd idarəçiliyi, hüquq-mühafizə sahəsində əməkdaşlıq məsələlərinə də yer verilməsi tərəfdaşlığın siyasi və iqtisadi çərçivədən daha geniş məzmun daşıdığını göstərir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional nəqliyyat və kommunikasiya layihələri, Orta Dəhlizin inkişafı və iqtisadi əlaqələrin genişləndirilməsi də regionda etimad mühitinin formalaşmasına xidmət edir. Çünki davamlı sülh yalnız siyasi razılaşmalarla deyil, həm də qarşılıqlı iqtisadi maraqların və əməkdaşlığın gücləndirilməsi ilə möhkəmlənir. Dublində imzalanmış Birgə Bəyannamə Azərbaycanın beynəlxalq mövqeyinin, suverenliyə və ərazi bütövlüyünə hörmət prinsipinin, eləcə də regionda davamlı sülhün təşviqinə yönəlmiş siyasətinin mühüm sənəddə əks olunması baxımından əlamətdardır. Bu sənəd bir daha təsdiqləyir ki, Azərbaycan milli maraqlarını və beynəlxalq hüququn prinsiplərini əsas götürərək dünya dövlətləri ilə qarşılıqlı hörmətə və etibarlı tərəfdaşlığa söykənən münasibətlərini ardıcıl şəkildə inkişaf etdirir. Bəhruz Ramazanov, YAP Qusar rayon təşkilatının məsləhətçisi. Geri dön |