Ana Sayfa > Siyasət > Ulu Öndərin müdrik siyasəti YAP-ın güclü siyasi qüvvəyə çevrilməsini təmin etdi

Ulu Öndərin müdrik siyasəti YAP-ın güclü siyasi qüvvəyə çevrilməsini təmin etdi


Bu gün, 15:15. Yazar: azer
Ulu Öndərin müdrik siyasəti YAP-ın güclü siyasi qüvvəyə çevrilməsini təmin etdi

1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının baş tutması ölkəmizin ictimai-siyasi tarixində əlamətdar hadisələrdən biri kimi yadda qaldı. Azərbaycanın siyasi, iqtisadi və hərbi baxımdan mürəkkəb vəziyyətlə üzləşdiyi bir zamanda meydana gələn bu siyasi təşkilat qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvələrindən birinə çevrildi. Artıq 34 illik fəaliyyət tarixini geridə qoyan Yeni Azərbaycan Partiyası bu gün də müstəqil Azərbaycanın siyasi sistemində özünəməxsus mövqeyə malikdir.

Yeni Azərbaycan Partiyasının yaradılması ideyası ölkənin nüfuzlu ziyalılarının təşəbbüsü ilə meydana çıxdı. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış ziyalı Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlayaraq yeni siyasi təşkilatın yaradılmasına rəhbərlik etməsini xahiş etdi. Ulu Öndər həmin müraciətə cavabında belə bir partiyanın meydana gəlməsini mövcud ictimai-siyasi şəraitin doğurduğu zərurət kimi dəyərləndirdi. O, yeni siyasi təşkilatın müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gələcək inkişafı baxımından mühüm tarixi missiya yerinə yetirə biləcəyini vurğuladı.

1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təşkil olunan təsis konfransına Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 550 nəfərlik təşəbbüs qrupu qatıldı. Toplantıda Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müvafiq qərar qəbul edildi, təşkilatın Nizamnaməsi və Proqramı təsdiq olundu. Eyni zamanda Ulu Öndər Heydər Əliyev konfrans iştirakçılarının yekdil qərarı ilə partiyanın sədri seçildi. Bununla da Azərbaycanın müstəqillik dövrü siyasi tarixində yeni bir təşkilatlanma mərhələsinin başlanğıcı qoyuldu.

Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi və müəyyənləşdirdiyi siyasi strategiya nəticəsində Yeni Azərbaycan Partiyası qısa zaman ərzində geniş ictimai dəstək qazandı və ümumxalq partiyası səviyyəsinə yüksəldi. Partiyanın fəaliyyəti dövlət idarəçiliyində sabitliyin təmin olunması, müstəqil dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, milli maraqların qorunması və ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi ilə sıx bağlı oldu.

2005-ci il martın 26-da baş tutan III qurultay Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətində mühüm dönüş nöqtələrindən biri oldu. Həmin qurultayda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev partiyanın sədri seçildi və bununla təşkilatın inkişafında yeni dövr başlandı. Cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi strategiyanı müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirərək partiyanın institusional inkişafına, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə və yeni fəaliyyət prioritetlərinin formalaşdırılmasına xüsusi diqqət yetirdi.

2021-ci il dekabrın 29-da təsdiq edilmiş Yeni Azərbaycan Partiyasının Proqramı təşkilatın ideoloji əsaslarını, siyasi mövqeyini və uzunmüddətli inkişaf istiqamətlərini özündə birləşdirir. Sənəddə Heydər Əliyev siyasi irsinə sədaqət, dövlət müstəqilliyi, azərbaycançılıq ideologiyası, dövlətçilik, hüququn aliliyi, siyasi varislik, qarşılıqlı əməkdaşlıq, sosial ədalət və demokratik dəyərlərin inkişafı partiyanın başlıca prinsipləri kimi müəyyənləşdirilib. Bununla yanaşı, güclü iqtisadi sistemin formalaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, idarəetmədə şəffaflığın genişləndirilməsi, milli-mənəvi irsin qorunması, müdafiə potensialının gücləndirilməsi və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin olunması da daxil olmaqla 11 strateji istiqamət sənəddə əksini tapıb.

Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki siyasi nüfuzu və ictimai dəstəyi seçki proseslərində əldə etdiyi nəticələrlə də təsdiqlənir. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində partiyanın namizədi cənab İlham Əliyev seçicilərin 92,12 faizinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin il sentyabrın 1-də keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən, YAP Milli Məclisdə 68 mandat əldə etdi. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində isə partiyanın 5855 nümayəndəsi bələdiyyə üzvü seçildi. Mövcud məlumatlara görə, Yeni Azərbaycan Partiyasının üzvlərinin ümumi sayı 769 811 nəfərə çatıb.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə partiyanın siyasi fəaliyyətində dialoq mühitinin genişləndirilməsi, müxtəlif siyasi qüvvələrlə qarşılıqlı anlaşmanın inkişaf etdirilməsi və ümummilli maraqların üstün tutulması məsələləri də xüsusi əhəmiyyət qazanıb. Dövlət başçısının ölkədə sağlam siyasi münasibətlərin formalaşdırılmasına və konstruktiv əməkdaşlığın təşviqinə verdiyi önəm siyasi dialoqun daha geniş müstəvidə inkişafına şərait yaradıb.

2026-cı il oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayı təşkilatın siyasi və təşkilati inkişafında növbəti mühüm hadisə kimi qiymətləndirilir. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsindən sonrakı dövrdə baş tutan qurultayda cənab Prezident İlham Əliyev geniş məzmunlu çıxış edərək partiyanın gələcək fəaliyyət istiqamətlərini, qarşıda duran prioritet vəzifələri və yeni strateji məqsədləri diqqətə çatdırdı. Tədbir çərçivəsində təşkilatın Nizamnaməsinə müəyyən dəyişikliklər edildi, İdarə Heyətinin və Təftiş Komissiyasının say tərkibi müəyyənləşdirildi, müvafiq qurumların üzvləri seçildi.

Yeni Azərbaycan Partiyasının 34 illik siyasi fəaliyyəti müasir Azərbaycan tarixinin mühüm hadisələri və inkişaf mərhələləri ilə sıx bağlıdır. Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və təşəbbüsü ilə yaradılmış bu təşkilat hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında öz fəaliyyətini davam etdirir. Qarşıdakı dövrdə də partiyanın əsas vəzifələri sırasında dövlət müstəqilliyinin daha da gücləndirilməsi, milli mənafelərin qorunması, ölkənin sosial-iqtisadi tərəqqisinə dəstək verilməsi, azad edilmiş torpaqlarda bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, eləcə də Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsinə töhfə vermək dayanır.

21 noyabr – Yeni Azərbaycan Partiyasının yaranma günü Azərbaycan xalqının siyasi tarixində mühüm yer tutan əlamətdar tarixlərdən biridir. Bu gün Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsini, siyasi varislik ənənələrinin davamlılığını və YAP-ın müstəqil Azərbaycanın formalaşması və inkişafındakı xidmətlərini bir daha xatırladır. Partiyanın 34 il ərzində keçdiyi inkişaf yolu, qazandığı siyasi təcrübə və müəyyənləşdirdiyi yeni strateji hədəflər onun Azərbaycanın gələcək siyasi və ictimai həyatında da fəal rol oynamağa davam edəcəyini nümayiş etdirir.

Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini.

Geri dön