Ana Sayfa > Siyasət > Novruzəli Aslanov: “YAP-ın siyasi irsi yeni dövrün tələblərinə uyğun inkişaf etdirilir”

Novruzəli Aslanov: “YAP-ın siyasi irsi yeni dövrün tələblərinə uyğun inkişaf etdirilir”


Bu gün, 15:10. Yazar: azer
Novruzəli Aslanov: “YAP-ın siyasi irsi yeni dövrün tələblərinə uyğun inkişaf etdirilir”

“Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir tarixində taleyüklü qərarlardan biri olmuşdur. Ölkənin ağır siyasi, iqtisadi və sosial böhranla üzləşdiyi, dövlət müstəqilliyinin ciddi təhlükə altında olduğu bir vaxtda ziyalıların və vətənpərvər insanların təşəbbüsü ilə yeni siyasi təşkilatın yaradılması zərurətə çevrilmişdi. Həmin insanlar Azərbaycanın gələcəyini yalnız güclü siyasi iradəyə, zəngin idarəçilik təcrübəsinə və xalqın etimadına malik liderin rəhbərliyi ilə xilas etməyin mümkünlüyünü yaxşı anlayırdılar. Məhz buna görə də Ulu Öndər Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının təsis olunmasına nail oldular. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransı xalqın siyasi iradəsinin, ölkədə sabitlik və tərəqqi istəyinin ifadəsi idi. Sonrakı hadisələr göstərdi ki, bu seçim Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsinə çevrildi. Ümummilli Liderin partiyaya rəhbərlik etməsi YAP-ın qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrilməsini təmin etdi və onun qarşısında yeni siyasi məsuliyyətlər açdı”.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Deputat partiyanın fəaliyyətində proqram sənədlərinin əhəmiyyətinə toxunaraq bildirib ki, 2021-ci il dekabrın 29-da YAP İdarə Heyətinin iclasında təsdiqlənmiş yeni Proqram təşkilatın gələcək fəaliyyətinin ideoloji və təşkilati əsaslarını müəyyənləşdirən mühüm sənəddir. N.Aslanov qeyd edib ki, beş fəsildən ibarət olan bu sənəddə partiyanın inkişaf yolu, siyasi dəyərləri, fəaliyyət prinsipləri və strateji məqsədləri sistemli şəkildə əksini tapıb: “Proqramda Heydər Əliyev siyasi irsinin partiyanın fəaliyyətində aparıcı istiqamət kimi qorunması xüsusi yer tutur. Müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, siyasi varislik və təkamül prinsipləri Azərbaycanın inkişaf modelinin mühüm dayaqları kimi müəyyənləşdirilib. Bununla yanaşı, hüquqi-demokratik cəmiyyətin möhkəmləndirilməsi, siyasi dialoq və konstruktiv əməkdaşlıq mühitinin genişləndirilməsi, sosial ədalət və insan amilinin diqqət mərkəzində saxlanılması, multikultural dəyərlərin qorunması partiyanın prioritetləri sırasında yer alır. Bu müddəalar YAP-ın yalnız siyasi proseslərdə iştirak edən təşkilat deyil, həm də ölkənin uzunmüddətli inkişafına ideya və təşkilati baxımdan töhfə verən qüvvə olduğunu göstərir.”

Parlament üzvü fikirlərini davam etdirərək vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının 2003-cü ildən sonrakı inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən ardıcıl siyasətlə sıx bağlıdır. Onun sözlərinə görə, partiyanın siyasi xəttinin davamlılığı Azərbaycanın əldə etdiyi nailiyyətlərin mühüm amillərindən biridir: “Bu gün YAP-ın qarşısında duran vəzifələr ölkəmizin yeni tarixi mərhələsinin xüsusiyyətlərinə uyğun olaraq daha da genişlənir. Oktyabrın 2-də keçirilən VIII Qurultay da məhz bu baxımdan əhəmiyyət daşıyır. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışında partiyanın gələcək fəaliyyətinin təşkilati əsaslarının müasir tələblərə uyğun qurulması məsələləri xüsusi diqqətə çatdırılıb. Qurultayda Nizamnaməyə dəyişikliklərin qəbul edilməsi, İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibinin təsdiqlənməsi partiyanın fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi baxımından mühüm addımlardır. Bu qərarlar YAP-ın dəyişən ictimai-siyasi şəraitə uyğunlaşmaq, təşkilati potensialından daha səmərəli istifadə etmək və qarşıya qoyulan məqsədlərin icrasını təmin etmək imkanlarını genişləndirir. Hesab edirəm ki, partiyanın gələcək fəaliyyətində də Heydər Əliyev siyasi irsinə sədaqət, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına dəstək və cəmiyyət qarşısında məsuliyyət əsas istiqamətlər olacaq. YAP-ın gücü həm də onun zamanın çağırışlarına uyğun yenilənmək və ölkənin ictimai-siyasi həyatında fəal mövqeyini qorumaq bacarığındadır”, – deyə Novruzəli Aslanov fikirlərini yekunlaşdırıb.
Geri dön