Ana Sayfa > Manşet / Siyasət > Azər Kərimli: “YAP-ın mühüm vəzifələrindən biri siyasi dialoqun və sağlam əməkdaşlıq mühitinin möhkəmlənməsinə töhfə verməkdir”
Azər Kərimli: “YAP-ın mühüm vəzifələrindən biri siyasi dialoqun və sağlam əməkdaşlıq mühitinin möhkəmlənməsinə töhfə verməkdir”Bu gün, 14:44. Yazar: azer |
![]() “1992-ci ilin payızında Azərbaycan dövlətçiliyi ağır sınaq qarşısında idi. Siyasi qarşıdurma, idarəçilik böhranı və ölkənin gələcəyinə dair dərin narahatlıq cəmiyyətdə məsuliyyətli qərar verilməsini zəruri edirdi. Belə bir şəraitdə ölkənin bir qrup tanınmış ziyalılarının Ulu Öndər Heydər Əliyevə müraciəti təkcə yeni siyasi təşkilat yaratmaq çağırışı deyildi. Bu, ilk növbədə xalqın sabitlik, güclü rəhbərlik və müstəqil dövlətin qorunması arzusunun ifadəsi idi. Heydər Əliyev 16 oktyabr 1992-ci il tarixli cavabında belə bir partiyanın yaradılmasını obyektiv zərurət kimi qiymətləndirərək onun müstəqil Azərbaycanın möhkəmlənməsində və inkişafında tarixi rol oynaya biləcəyini bildirmişdi. Bu mövqe ölkənin siyasi həyatında yeni mərhələnin başlanmasına zəmin yaratdı. Noyabrın 21-də Naxçıvanda Azərbaycanın bütün bölgələrini təmsil edən 550 nəfərin iştirakı ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi, Proqram və Nizamnamə təsdiqləndi. Ulu Öndər yekdilliklə partiyanın Sədri seçildi. Bu qərar böhran şəraitində siyasi məsuliyyətin üzərinə götürülməsi, milli maraqlar ətrafında təşkilatlanma və dövlətçiliyin gələcəyinə inamın nümayişi idi. YAP-ın yaranması sonrakı inkişafın siyasi dayaqlarından birinə çevrildi. Həmin qərarın arxasında şəxsi ambisiyalar deyil, ölkənin taleyi qarşısında duyulan məsuliyyət və xalqın etimadını doğrultmaq iradəsi dayanırdı. Buna görə də təsis konfransı siyasi təqvimdə sıradan hadisə deyil, Azərbaycanın müstəqil inkişaf yoluna təsir göstərən mühüm dönüş nöqtəsi kimi tarixə düşdü.” Bu fikirlər Milli Məclisin deputatı Azər Kərimlinin aia.az-a açıqlamasında yer alıb. Millət vəkili bildirib ki, təsis olunduğu ilk gündən Yeni Azərbaycan Partiyası cəmiyyətdə geniş dəstək qazanaraq ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi: “Ulu Öndər Heydər Əliyev partiyanın təşkilati və ideoloji əsaslarını möhkəmləndirdi, onu özünün ifadə etdiyi kimi, “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Müxalifət partiyası kimi yaransa da, YAP konstruktiv mövqeyi və dialoqa açıq yanaşması ilə siyasi mədəniyyətə töhfə verdi. 2005-ci il martın 26-da keçirilən III qurultayda Prezident İlham Əliyevin partiyanın Sədri seçilməsi bu siyasi xəttin yeni mərhələdə davamını təmin etdi. Sonrakı illərdə partiya dövlətçilik, müstəqillik və milli maraqlar prinsiplərini qoruyaraq dəyişən ictimai-siyasi reallıqlara uyğunlaşdı. 2021-ci il martın 5-də keçirilən VII Qurultay partiyanın strukturunun və fəaliyyət prioritetlərinin yenilənməsi baxımından mühüm mərhələ oldu. Yeni Nizamnamə qəbul edildi, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurası formalaşdırıldı. Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini təyin olunması rəhbərliyə göstərilən etimadın və qadınların ictimai-siyasi həyatda fəallığına verilən önəmin ifadəsi idi. Həmin ilin dekabrında təsdiqlənən yeni Proqramda Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq, sosial ədalət, multikulturalizm və demokratik ənənələrin inkişafı strateji istiqamətlər kimi müəyyənləşdirildi. Sənəddə iqtisadi inkişaf, insan kapitalı, şəffaflıq, milli-mənəvi irs, xarici siyasət, ordu quruculuğu və azad edilmiş ərazilərə Böyük Qayıdış da əsas hədəflər sırasında yer aldı. Prezident İlham Əliyevin VII Qurultaydakı çıxışında YAP-ın Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi səciyyələndirilməsi onun ictimai dayaqlarının miqyasını göstərirdi. Bu gün partiyanın mühüm vəzifələrindən biri siyasi dialoqun və sağlam əməkdaşlıq mühitinin möhkəmlənməsinə, ümummilli məsələlərdə ortaq mövqenin formalaşmasına töhfə verməkdir. 2024-cü il prezident və parlament, 2025-ci il bələdiyyə seçkilərinin nəticələri partiyanın seçici dəstəyini bir daha nümayiş etdirdi. 2026-cı il oktyabrın 2-də keçirilmiş VIII Qurultay isə təşkilati yenilənmə və müasir idarəçilik tələblərinə uyğunlaşma xəttini davam etdirdi. Qurultayda səsləndirilən fikirlər və qəbul olunan qərarlar bir daha təsdiq etdi ki, Yeni Azərbaycan Partiyası qarşıdakı mərhələdə də ölkənin strateji inkişaf hədəflərinin həyata keçirilməsində fəal iştirak etmək əzmindədir. Prezident İlham Əliyevin qurultaydakı çıxışı partiyanın gələcək fəaliyyətinin istiqamətlərini müəyyənləşdirməklə yanaşı, onun üzərinə düşən siyasi və ictimai məsuliyyəti də aydın şəkildə ortaya qoydu. Əminliklə demək olar ki, YAP Heydər Əliyev siyasi irsinə sadiq qalaraq dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın yeni uğurlarına öz töhfəsini verməkdə davam edəcək” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb. Geri dön |