Ana Sayfa > Siyasət > AĞDAM: ZƏFƏRİN VƏ BÖYÜK QAYIDIŞIN RƏMZİ 20 Noyabr – Ağdam Şəhəri Günü
AĞDAM: ZƏFƏRİN VƏ BÖYÜK QAYIDIŞIN RƏMZİ 20 Noyabr – Ağdam Şəhəri GünüBu gün, 14:14. Yazar: azer |
![]() Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və böyük iqtisadi potensiala malik şəhərlərindən biri olan Ağdam xalqımızın yaddaşında xüsusi yer tutur. Qarabağın mühüm mədəniyyət və yaşayış mərkəzlərindən sayılan bu şəhər öz tarixi abidələri, memarlıq nümunələri, muğam ənənələri və zəhmətkeş insanları ilə tanınıb. Bu gün Ağdamın adı yalnız keçmişin ağrılı xatirələri ilə deyil, həm də Azərbaycanın tarixi Zəfəri, dövlətimizin gücü və Böyük Qayıdışın uğurları ilə assosiasiya olunur. Ağdamın taleyi uzun illər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin ağır nəticələrini özündə əks etdirib. 1993-cü il iyulun 23-də şəhərin işğal olunması ilə onun həyatında faciəli dövr başlayıb. Yaşayış evləri, məktəblər, mədəniyyət ocaqları, tarixi və dini abidələr dağıdılıb, yüz minlərlə insan öz doğma yurdlarından didərgin düşüb. Bir vaxtlar inkişaf etmiş, canlı şəhər həyatına malik olan Ağdam xarabalığa çevrilib. İşğal dövründə şəhərin məruz qaldığı dağıntılar beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan vandalizmin bariz nümunəsidir. BMT Təhlükəsizlik Şurasının 1993-cü il iyulun 29-da qəbul etdiyi 853 saylı qətnamədə Ağdam rayonundan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin çıxarılması tələb olunurdu. Lakin uzun illər beynəlxalq sənədlərin icrasız qalması problemin sülh yolu ilə həllinə imkan vermədi. Azərbaycan xalqı isə öz torpaqlarının işğalı ilə heç vaxt barışmadı, tarixi ədalətin bərpasına inamını qorudu. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası, güclü ordu quruculuğu və milli birliyin möhkəmləndirilməsi Azərbaycanın gələcək Qələbəsinin əsasını formalaşdırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etmək gücünə sahib oldu. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Bu hadisə tarixi ədalətin bərpası, dövlətimizin siyasi iradəsinin və diplomatik qətiyyətinin mühüm nəticəsi idi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabrın Ağdam Şəhəri Günü kimi təsis edilməsi isə bu tarixi hadisənin əhəmiyyətini dövlət səviyyəsində əbədiləşdirdi. Ağdamın azad edilməsindən sonra qarşıda duran əsas vəzifə şəhərin yenidən qurulması, sakinlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi və bölgənin iqtisadi potensialının bərpası oldu. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 23-də Ağdama səfəri zamanı şəhərdə Azərbaycan bayrağının ucaldılması və dağıdılmış Cümə məscidinin ziyarət edilməsi yeni quruculuq mərhələsinin rəmzi başlanğıcı kimi yadda qaldı. Dövlət başçısının Ağdamın və onun kəndlərinin bərpa olunacağına dair qətiyyətli bəyanatı bu gün real nəticələrdə öz təsdiqini tapır: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Hazırda Ağdam şəhəri 2040-cı ilədək inkişafı nəzərdə tutan Baş Plan əsasında yenidən qurulur. Müasir yaşayış kompleksləri, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri, parklar, yollar və mühəndis-kommunikasiya infrastrukturu yaradılır. Bərdə–Ağdam avtomobil yolu, dəmir yolu və avtovağzal kompleksi, elektrik təchizatı sistemləri və digər mühüm layihələr şəhərin ölkənin iqtisadi və nəqliyyat sisteminə inteqrasiyasını gücləndirir. 2025-ci il mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, eləcə də Muğam Mərkəzinin istifadəyə verilməsi şəhərin sosial və mədəni həyatında əlamətdar hadisələrdən oldu. Ağdamın iqtisadi dirçəlişində Sənaye Parkı xüsusi əhəmiyyət daşıyır. Burada yaradılan istehsal müəssisələri yeni iş yerlərinin açılmasına, sahibkarlığın inkişafına və yerli iqtisadi potensialın gücləndirilməsinə xidmət edir. Sənaye Parkında müxtəlif istehsal sahələrinin fəaliyyətə başlaması Ağdamın gələcəkdə Qarabağın mühüm sənaye mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm zəmin yaradır. İmarət Kompleksinin bərpası, tarixi məscidlərin yenidən qurulması, hotellərin və turizm infrastrukturunun inkişafı isə şəhərin mədəni və turizm potensialını genişləndirir. Böyük Qayıdış prosesi Ağdamın kəndlərini də əhatə edir. Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində həyata keçirilən quruculuq işləri, yaşayış evlərinin, məktəblərin, uşaq bağçalarının və sosial obyektlərin istifadəyə verilməsi bu prosesin ardıcıl xarakter daşıdığını göstərir. Doğma yurdlarına qayıdan ailələr üçün yaradılan şərait insanların öz torpaqlarında təhlükəsiz və layiqli yaşayışının təmin edilməsinə yönəlib. Bu, yalnız evlərin tikilməsi deyil, illərlə davam edən məcburi köçkünlük həyatına son qoyulması və tarixi yurd yerlərində yeni həyatın başlanmasıdır. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 7-də Ağdama səfəri də bölgədə aparılan işlərin miqyasını və ardıcıllığını nümayiş etdirdi. Dövlət başçısı 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış oldu, ortopedik döşək istehsalı müəssisəsinin, Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak etdi, zeytun müəssisəsində yaradılan şəraitlə tanış oldu. Bu layihələr Ağdamda səhiyyə xidmətlərinin, sənaye istehsalının və sahibkarlığın inkişafına, yeni məşğulluq imkanlarının yaradılmasına xidmət edir. Bu gün Ağdamda həyata keçirilən işlər Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası siyasətinin konkret nəticələridir. Dövlətin diqqəti, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, xalqımızın birliyi və quruculuq əzmi sayəsində şəhər özünün yeni inkişaf mərhələsini yaşayır. Ağdamın dirçəlişi həm də milli-mənəvi irsimizin qorunması, tarixi yaddaşımızın bərpası və gələcək nəsillərə ötürülməsi deməkdir. 20 Noyabr – Ağdam Şəhəri Günü xalqımız üçün sadəcə təqvim tarixi deyil. Bu gün milli iradənin, dövlət gücünün, tarixi ədalətin və Zəfər ruhunun təntənəsidir. Bir zamanlar xarabalığa çevrilmiş Ağdam bu gün müasir şəhərsalma, iqtisadi inkişaf və Böyük Qayıdışın nümunəsinə çevrilir. Ağdamın yenidən qurulması Azərbaycanın öz torpaqlarına sahib çıxmaq, tarixi irsini qorumaq və gələcəyə inamla addımlamaq əzminin parlaq ifadəsidir. Anar Məmmədov, YAP Gədəbəy rayon təşkilatının əməkdaşı Geri dön |