Ana Sayfa > Özəl > İranın nüvə qərarı regionu silkələyə bilər – Azərbaycan üçün hansı risklər yaranır?
İranın nüvə qərarı regionu silkələyə bilər – Azərbaycan üçün hansı risklər yaranır?Bu gün, 20:41. Yazar: vasif |
![]() İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmaq ehtimalını gündəmə gətirməsi regionda təhlükəsizliklə bağlı narahatlıqları artırıb. Tehranın mümkün qərarının Cənubi Qafqaza, o cümlədən Azərbaycana təsir göstərə biləcəyi bildirilir. İranın ali rəhbərini seçən Ekspertlər Şurası ölkənin NPT-dən çıxması məsələsinə baxılmasını və müdafiə doktrinasının yenidən qiymətləndirilməsini zəruri hesab edib. Qurumun bəyanatında İranın nüvə imkanlarına qarşı təhdidlərə cavab verilməsinin vacibliyi vurğulanıb. Bəyanatda İrana qarşı yeni hərbi hücum baş verəcəyi təqdirdə cavab tədbirlərinin dərhal həyata keçiriləcəyi və coğrafi baxımdan məhdudlaşdırılmayacağı bildirilib. 1970-ci ildən NPT-nin iştirakçısı olan İranın müqavilədən çıxması beynəlxalq nüvə nəzarəti və regional təhlükəsizlik baxımından ciddi nəticələr yarada bilər. Lakin Tehran hələlik müqavilədən rəsmən çıxmaq barədə qərar qəbul etdiyini açıqlamayıb. Mümkün dəyişikliklər Azərbaycan üçün də əhəmiyyət daşıyır. İranla həmsərhəd olan ölkəmizdə regional hərbi gərginliyin artması sərhəd təhlükəsizliyinə, ticarət əlaqələrinə, enerji və nəqliyyat layihələrinə təsir göstərə bilər. Məsələnin digər tərəfi Cənubi Qafqazdakı kommunikasiya layihələridir. İranın Zəngəzur istiqamətində nəqliyyat bağlantılarına həssas yanaşması fonunda nüvə qarşıdurmasının dərinləşməsi regiondakı siyasi münasibətləri daha da mürəkkəbləşdirə bilər. Professor Qabil Hüseynli hesab edir ki, İran ətrafında yaranan vəziyyət region ölkələri üçün əlavə təhlükələr formalaşdırır. Onun fikrincə, Tehranın nüvə sazişindən çıxmaqla bağlı sərt bəyanatları beynəlxalq qarşıdurmanın nəticələri ilə əlaqədardır. Ekspert İranın belə bir qərarı həqiqətən qəbul edəcəyinə inanmadığını bildirsə də, mövcud ritorikanın təhlükəli olduğunu vurğulayıb. Hüseynlinin fikrincə, İranın Cənubi Qafqazda təsir imkanlarını genişləndirmək cəhdləri Azərbaycan üçün diqqətlə izlənilməli məsələdir. O, regional nəqliyyat layihələrinin həyata keçirilməsinin sürətləndirilməsini də vacib hesab edir. Professor İsrail amilinə də toxunaraq bildirib ki, İranla İsrail arasında qarşıdurmanın dərinləşməsi Azərbaycanın diplomatik mövqeyini daha həssas vəziyyətə gətirə bilər. Bununla belə, Azərbaycanın İsraillə əməkdaşlığı onun mümkün hərbi qarşıdurmada iştirak edəcəyi anlamına gəlmir. Noyabrın 14-də İsrailin Baş naziri Benyamin Netanyahu da İranın nüvə proqramını bərpa etməyə çalışdığını iddia edib. O, İsrailin bu istiqamətdə mümkün təhlükələrin qarşısını almaq üçün tədbirləri davam etdirəcəyini bildirib. Hazırda İranın NPT-dən çıxması ilə bağlı yekun qərar yoxdur. Bununla belə, nüvə proqramı ətrafında gərginliyin artması Cənubi Qafqazda sabitlik, regional əməkdaşlıq və təhlükəsizlik məsələlərini yenidən ön plana çıxarır. Geri dön |