Ana Sayfa > Özəl > Türkiyədə yaşamaq istəyən əcnəbilər üçün yeni qərar – Ərdoğan təsdiqlədi

Türkiyədə yaşamaq istəyən əcnəbilər üçün yeni qərar – Ərdoğan təsdiqlədi


Bu gün, 19:44. Yazar: vasif
Türkiyədə yaşamaq istəyən əcnəbilər üçün yeni qərar – Ərdoğan təsdiqlədi




Türkiyədə investisiya yolu ilə yaşamaq icazəsi almaq istəyən xarici ölkə vətəndaşları üçün yeni qaydalar müəyyənləşdirilib. Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərara əsasən, sərmayənin məbləğindən asılı olaraq əcnəbilərə 3 və ya 5 illik yaşayış icazəsi verilə bilər.

Türkiyənin rəsmi “Resmi Gazete” nəşrində dərc olunduğu bildirilən qərara görə, ölkəyə ən azı 150 min ABŞ dolları investisiya yatıran əcnəbilər 3 illik, 200 min dollar sərmayə qoyanlar isə 5 illik yaşayış icazəsi üçün müraciət edə biləcəklər.

Yeni tələblərə əsasən, yatırılan vəsait yaşayış icazəsinin qüvvədə olduğu müddətin ən azı yarısı qədər müvafiq hesabda, investisiya fondunda və ya sistemdə saxlanılmalıdır.

Əcnəbilər Türkiyədə bank depoziti yerləşdirmək, dövlət borc qiymətli kağızlarına sərmayə yatırmaq, daşınmaz əmlak və vençur kapitalı investisiya fondlarında iştirak etmək, həmçinin özəl pensiya sisteminə vəsait yönəltmək vasitəsilə bu imkandan yararlana bilərlər.

İnvestisiyaların müəyyən edilmiş tələblərə uyğunluğu onların növündən asılı olaraq Türkiyənin müvafiq maliyyə və nəzarət qurumları tərəfindən qiymətləndiriləcək.

Yeni qaydalar investorların ailə üzvlərinə də şamil edilə bilər. Belə ki, sərmayə qoyan əcnəbilərin xarici ölkə vətəndaşı olan həyat yoldaşları, eləcə də özlərinin və ya həyat yoldaşlarının yetkinlik yaşına çatmamış, yaxud himayədə olan övladları da yaşayış icazəsi imkanından yararlana biləcəklər.

Müraciətlərin qəbulu və müvafiq prosedurların həyata keçirilməsi qaydalarını Türkiyənin Daxili İşlər Nazirliyi müəyyənləşdirəcək.

Yeni qərarın mühüm məqamlarından biri yaşayış icazəsi ilə Türkiyə vətəndaşlığının alınması şərtlərinin bir-birindən ayrılmasıdır.

Belə ki, yeni investisiya əsaslı yaşayış icazəsi avtomatik olaraq Türkiyə vətəndaşlığı əldə etmək hüququ yaratmayacaq.

İnvestisiya yolu ilə vətəndaşlıq üçün əvvəlki maliyyə tələblərinin qüvvədə qalacağı bildirilir. Bu məqsədlə daşınmaz əmlaka ən azı 400 min dollar, bank əmanətləri, dövlət borc alətləri, müəyyən investisiya fondları və ya özəl pensiya sisteminə isə 500 min dollar sərmayə qoyulması tələb olunur.

Vətəndaşlıq müraciəti üçün nəzərdə tutulan investisiyanın ən azı üç il müddətində qorunub saxlanılması şərti də dəyişməz qalır.

Əvvəlki qaydalarda investisiya vasitəsilə qısamüddətli yaşayış icazəsi almaq istəyən əcnəbilərdən vətəndaşlıq üçün müəyyən edilmiş sərmayə meyarlarına uyğunluq tələb olunurdu.

Yeni tənzimləmə ilə daha aşağı məbləğdə investisiya yatıran xarici vətəndaşlar üçün ayrıca yaşayış icazəsi mexanizmi nəzərdə tutulur. Bununla belə, icazənin verilməsi müvafiq şərtlərin yerinə yetirilməsindən və səlahiyyətli qurumların qərarından asılı olacaq.
Geri dön