Ana Sayfa > Özəl > Dünyanın nəhəng şirkətlərinə kiberhücum – Bank kartları və kriptovalyuta hesabları təhlükədə

Dünyanın nəhəng şirkətlərinə kiberhücum – Bank kartları və kriptovalyuta hesabları təhlükədə


Bu gün, 21:31. Yazar: vasif
Dünyanın nəhəng şirkətlərinə kiberhücum – Bank kartları və kriptovalyuta hesabları təhlükədə




Dünyanın 178-dən çox iri şirkətinin internet saytı genişmiqyaslı kiberhücumun hədəfinə çevrilib. Hücum nəticəsində istifadəçilərin bank kartı məlumatlarının və kriptovalyuta əməliyyatlarının təhlükə ilə üzləşdiyi bildirilir.

Bu barədə “Report URI” şirkətinin təsisçisi, kibertəhlükəsizlik üzrə mütəxəssis Skott Helme təşkilatın rəsmi saytında məlumat yayıb.

Ekspertin açıqlamasına əsasən, hakerlər müxtəlif beynəlxalq şirkətlərin istifadə etdiyi “Optimizely” veb-sayt optimallaşdırma xidmətindəki təhlükəsizlik boşluğundan yararlanaraq internet resurslarına zərərli kod yerləşdiriblər.

Kiberhücumdan zərər gördüyü bildirilən şirkətlər arasında ABŞ-nin “Fox News” və CNN telekanalları, HSBC bankı, “Equifax” kredit bürosu, IKEA mebel şirkəti, “Air France-KLM” aviaşirkəti və “Zoom” platforması da var.

Bundan başqa, striminq xidmətləri, onlayn qumar saytları və kriptovalyuta ticarəti platformalarının da hücumun hədəfinə çevrildiyi qeyd olunur.

Skott Helmenin sözlərinə görə, zərərli kodlar vasitəsilə istifadəçilərin ödəniş kartı məlumatlarının ələ keçirilməsi, ekran görüntülərinin əldə olunması və kriptovalyuta köçürmələri zamanı cüzdan ünvanlarının dəyişdirilməsi kimi təhlükəli əməliyyatlar həyata keçirilib.

Xüsusilə kriptovalyuta istifadəçiləri üçün ciddi risk yarandığı bildirilir. Belə ki, hakerlərin tətbiq etdiyi üsullardan biri köçürmə zamanı nəzərdə tutulan kriptovalyuta cüzdanının ünvanını hücumçulara məxsus ünvanla əvəzləməyə imkan verib.

Hadisə nəticəsində nə qədər istifadəçinin məlumatlarının ələ keçirildiyi və ümumi maddi zərərin həcmi hələlik dəqiqləşdirilməyib. Buna görə də hücumun faktiki miqyası ilə bağlı yekun qiymətləndirmə aparmaq mümkün deyil.

Kibertəhlükəsizlik üzrə mütəxəssis hadisədən təsirlənən şirkətləri internet saytlarının təhlükəsizlik sistemlərini yeniləməyə və əlavə qoruyucu tədbirlər görməyə çağırıb.

Helme, həmçinin aşkarlanmış zərərli kodların, demək olar ki, hamısının artıq zərərsizləşdirildiyini bildirib.

Hadisə iri beynəlxalq şirkətlərin istifadə etdiyi üçüncü tərəf veb-xidmətlərində yaranan təhlükəsizlik boşluqlarının eyni vaxtda çoxsaylı internet resurslarına təsir göstərə biləcəyini bir daha gündəmə gətirib.
Geri dön