Ana Sayfa > Özəl > Keçmiş həyat yoldaşını 25 min dollara öldürtmək istədi – Gürcüstanda dəhşətli planın üstü açıldı
Keçmiş həyat yoldaşını 25 min dollara öldürtmək istədi – Gürcüstanda dəhşətli planın üstü açıldıBu gün, 20:00. Yazar: vasif |
![]() Gürcüstanın Qardabani bələdiyyəsində keçmiş həyat yoldaşının sifarişlə qətlə yetirilməsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb. İstintaq materiallarına əsasən, şübhəli bu məqsədlə 25 min ABŞ dolları ödəməyə hazır olub. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayət planının qarşısı alınıb. Araşdırmalar zamanı müəyyən edildiyi bildirilir ki, saxlanılan şəxs boşandıqdan sonra keçmiş həyat yoldaşı ilə aralarında yaranmış münaqişə və qısqanclıq səbəbindən onu öldürtmək qərarına gəlib. İstintaqın versiyasına əsasən, şübhəli tanışlarından birinə müraciət edərək 25 min dollar müqabilində sifarişli qətl törədə biləcək şəxs tapmasını istəyib. Məhkəmə qərarı əsasında aparılan gizli istintaq tədbirləri zamanı daha bir diqqətçəkən məqam üzə çıxıb. İddia olunur ki, şübhəli cinayətin keçmiş həyat yoldaşının üç azyaşlı övladının onun yanında olmadığı vaxt həyata keçirilməsini tələb edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi axtarış zamanı saxlanılan şəxsin yaşadığı evdən müxtəlif növ odlu silahlar, döyüş sursatları və cinayətin təşkilində əlaqə vasitəsi kimi istifadə edildiyi bildirilən mobil telefon götürülüb. Əşyalar maddi sübut kimi istintaqa təqdim olunub. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 18-109-cu maddəsi ilə cinayət işi üzrə araşdırma aparılır. Sözügedən maddə üzrə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Sosial şəbəkələrdə yayılan məlumatlarda saxlanılan şəxsin əslən azərbaycanlı Rəfi Orucov olduğu iddia edilir. Lakin bu məlumatın rəsmi qurumlar tərəfindən təsdiqləndiyi barədə məlumat yoxdur. Hadisə ilə bağlı istintaq davam edir. Şübhəli şəxsin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilməyənədək o, təqsirsiz hesab olunur. Geri dön |